Rusiya Ukraynaya qarşı irimiqyaslı hücuma hazırlaşır Dünya

Rusiya Ukraynaya qarşı irimiqyaslı hücuma hazırlaşır

Putin Dnestryanı bölgəni də işğal etmək niyyətindədir

Rusiya prezidentinin nümayəndəsi Oleq Belavençev: "Dnesteryanı Rusiyanın subyekti olacaq"

Cavid

Ukraynanın cənub-şərqində rusiyameyilli separatçılara qarşı aparılan hərbi əməliyyat davam etdirilir.
Bütün gecə Donetsk və Luqansk vilayəti ərazisində - İlovaysk, Yasinovataya, Saur-Moqili yaşayış məntəqələri, o cümlədən Donetsk və Luqansk şəhərləri ərazisində gərgin döyüşlər gedir.
Donetsk və Luqansk şəhərləri ərazisində hökumət qüvvələrinə qarşı ağır atıcı silahlardan istifadə olunur.
Ukrayna "İnformasiya Müqaviməti" Mərkəzinin koordinatoru Dmitriy Tımçuk bildirib ki, döyüşlərin aparıldığı ərazidə yaşayan mülki şəxslər arasında ölənlərin sayı artır.
Bununla yanaşı hərbçilər İlovaysk-Zuqres, Şaxtyorsk, Krasnıy Luç və Luqansk vilayətinin Perevalsk rayonu ərazisində əməliyyatlarını davam etdirir.
Ukrayna Silahlı Qüvvələri isə Rusiya ilə sərhəddə də mövqelərini gücləndirir. Məlumatda o da qeyd olunub ki, məqsəd Rusiya tərəfdən kəşfiyyat-diversiya qruplarının ölkə ərazisinə daxil olmasının qarşısını almaqdır.
Rusiya prezidentinin Krım və Sevastopoldakı nümayəndəsi Oleq Belavençev isə çıxış edib ki, Dnesteryanı Rusiyanın subyekti olacaq. O iştirak etdiyi Tavrida Beynəlxalq Gənclik Forumunda Natalya adında iştirakçı qızın "Dnesteryanının Rusiya qatılacağı deyilir" sualını cavablandırarkən bu prosesin gec-tez reallaşacağını bildirib:
"İnanın, biz sizin situasiyanı bölüşürük və sizi başa düşürük. Mən əminəm ki, sonda siz Rusiyanın olacaqsınız. Əminəm. Biz deyə bilmərik ki, bu, indi baş verəcək. Bu, sadəcə, zaman məsələsidir".
Qeyd edək ki, bir müddət öncə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Rusiyanın əsas məqsədinin Ukraynanın cənub vilayətləri vasitəsilə Dnesteryanı arasında koridor yaratmaq olduğunu bildirmişdi.
O da bildirilir ki, Rusiya Ukraynaya qarşı irimiqyaslı hücuma hazırlaşır. Sosial şəbəkələrdə Rusiya ordusuna aid tank və zirehli texnikanın Rostov istiqamətindən Donbasa daşındığı ilə bağlı video yerləşdirilib. Videoda qatarlara yüklənmiş sayı-hesabı bəlli olmayan tanklar, zirehli texnikalar və yük avtomobilərinin daşındığı görünür.
Görüntüləri lentə alanlar da qatarın Donbas istiqamətində irəlilədiyini vurğulayırlar.
Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Təhlükəsizlik Xidməti rus ordusunun Ukrayna sərhədini pozub ölkənin içərilərinə soxulmaq cəhdinin qarşısının Qərbin məsələyə müdaxiləsindən sonra alındığını bildirmişdi. Buna baxmayaraq, Putinin Ukraynanın şərqinə qoşun yeritmək fikrindən daşınmadığı da qeyd edilmişdi.
"Donbas" könüllülər batalyonu şiddətli döyüşlər zamanı itki verərək İlovaysk şəhəri yaxınlığındakı döyüş mövqelərindən geri çəkilməyə məcbur olub.
UNİAN-nın verdiyi xəbərə görə, bu barədə məlumatı batalyonun mətbuat xidməti Facebook-dakı səhifəsində yerləşdirib. "Donbas" batalyonunun döyüşçüləri İlovaysk yaxınlığında döyüş mövqeyindən geri çəkilib. Bütün gün ərzində ağır və qızğın döyüş gedib, nəticədə batalyonun xeyli sayda döyüşçüsü yaralanıb. Yaralıların sayı dəqiqləşdirilir", deyə məlumatda bildirilir.
Məlumata görə, batalyonun 4 əsgəri həlak olub: "İlovaysk yaxınlığında terrorçularla döyüşü "Şaxtyorsk" batalyonu davam etdirir: 2 nəfər həlak olub, 6 döyüşçü isə yaralanıb", deyə məlumatda bildirilir.
Luqansk vilayətində separatçılar Ukrayna ordusuna məxsus BTR-80 zirehli transportyorunu vurublar.
UNİAN xəbər verir ki, bu barədə Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk məlumat verib.
Onun sözlərinə görə, terrorçular həmin əraziləri minalamağa başlayıblar.
Tımçuk onu da bildirib ki, terrorçular anti-terror qüvvələrinə hücumları davam etdirir. Luqanskın Verqunsk rayonunda Ukrayna ordusunun mövqeləri AQS-17 silahından atəşə tutulub. "Qrad" qurğularından isə Vesyolaya Qora və İlovaysk vurulub. Həmçinin, Staniça Luqanska minaatanlardan atəş açılıb. Bundan başqa separatçılar 2 tank və BMP-nin köməyilə İlovayska hücum ediblər.
Bu arada Ukrayna xarici işlər naziri Pavel Klimkin ölkənin şərq bölgəsində davam edən qarşıdurmalarda atəşkəsin təmin edilməsi üçün şərtləri açıqlayıb.
Avqustun 17-də Berlində Rusiya, Almaniya və Fransa Xarici İşlər nazirlərinin görüşünü xatırladan Klimkin ilk növbədə silahlı qarşıdurmaların dayandırılmasının vacib olduğunu deyib: "Atəşkəslə bağlı bizim ilk tələbimiz sərhədlərin nəzarətə alınmasıdır. Beləliklə silahlı qruplar və ağır silahlar və texnika bölgəyə verilməyəcək. ATƏT-in müşahidəçiləri üçün şərait yaradılmalıdır. Bundan sonra müsbət irəliləyişlərdən danışmaq olar".
Qarşılıqlı atəşkəs elan olunmasının tərəfdarı olduqlarını bildirən Klimkin Ukraynanın 3 şərtinin olduğunu bildirib: "Bizim üç şərtimiz var. Sərhədlər tam nəzarətə götürülməlidir. ATƏT-in müşahidəçiləri Ukrayna daxilində bütün ərazilərdə yoxlama apara bilməlidir. Bütün girovlar sərbəst buraxılmalıdır və yeni girovlar əsla olmamalıdır".
Ukraynanın atəşkəs üçün süni tələbləri olmadığını qeyd edən Kilimkin sözdə deyil, hər iki tərəfin yerinə yetirdiyi atəşkəsin təmin olunmasını istədiklərini bildirib.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə Berlin müzakirələrində Ukraynanın şərtsiz atəşkəs elan olunmasına razılıq verdiyini bildirərək bu ölkənin yeni şərtlər irəli sürməsini tənqid edib.