“Türkmənləri paçalamaq mümkün olmayacaq” Dünya

“Türkmənləri paçalamaq mümkün olmayacaq”

Türkməneli Partiyasının siyasi müşaviri: "İran Türkiyənin İraq türkmənlərinə dəstək verməməsindən istifadə etməyə çalışır"

"100 min türkmənin yaşadığı Əmirli şəhəri xalqın mücadiləsi sayəsində "İraq Şam İslam Dövləti"nin mühasirəsindən qurtulsa da, şiə türkmənlərin yaşadığı Bəşirli qəsəbəsində durum ağır olaraq qalır. Yengicə kəndimiz də hücumlara məruz qalır".
Bunu APA-ya açıqlamasında Kərkük İnformasiya Agentliyinin və "Türkmeneli TV"nin Türkiyə təmsilçisi, İraq Türkmən Cəbhəsinə daxil olan Türkməneli Partiyasının siyasi müşaviri Ersan Sarıkahya söyləyib.
E. Sarıkahya hələlik İŞİD-in nəzarətində olan türkmən şəhəri Telaferin azad edilməsi və Türkiyənin Mosulda girov götürülən diplomatlarının azadlığa buraxılması istiqamətində iş aparılmadığını deyib: "İraq türkmənləri Telaferdə ağır şəraitdə yaşamaqdadır, bu şəhərdə İŞİD zülmündən qaçan şiə türkmənlərin bir qismi Kərbəla və Nəcəfdəki qaçqın düşərgələrində qalır".
E. Sarıkahya bildirib ki, Kərkükdə vəziyyətin sabit olduğu barədə təəssürat yaradılmağa çalışılsa da, bu şəhərdə hər gün 10-15 nəfərin başı kəsilərək Hasansu çayına atılır, insanlar oğurlanır. Onun sözlərinə görə, bu gün İraqda qurulmaqda olan yeni hökumətdə də türkmənlərə yer verilmir, türkmənlərə nə nazir, nə də vitse-prezident postu təklif edilib.
E. Sarıkahya bu gün İraqda türkmənlərlə bağlı təhlükəli bir tendensiyanın müşahidə edildiyini də vurğulayıb. O qeyd edib ki, İraq mərkəzi hökuməti və İran hakimiyyəti İraqda türkmənləri şiə və sünni ayrımı ilə parçalamaq, qarşıdurma və ziddiyyət yaratmaq istiqamətində fəallıq göstərirlər: "Dünən İraq Türkmən Cəbhəsinin lideri Ərşad Salehi də bəyanat verdi ki, bu istiqamətdə səylər açıq müşahidə edilir. Ərşad Salehi bildirdi ki, bu günə qədər vahid milli mövqeyə malik İraq türkmənləri arasında şiə və sünni məsələsi ilə bağlı parçalanma olmayıb, türkmənləri ərəblər kimi məzhəb paçalanmasına məruz qoymaq mümkün olmayacaq. Ancaq bir gerçəklik var ki, Təzəhurmatı, Tuzhurmatı və digər şiə bölgələrində İranın xətti ilə parçalanma istiqamətində iş aparılır. Bu da Türkiyənin İraq türkmənlərinə dəstək verməməsindən qaynaqlanır".
Türkmənlərə Türkiyə və digər güclər tərəfindən silah verilmədiyini, peşəkar hərbi təlim keçməmiş türkmən gənclərin bir qisminin ibtidai şəkildə silahlı qruplar yaradaraq yüngül atıcı silahlarla silahlandığını deyən E.Sarıkahya bu silahlı qruplaşmaların hazırda əsasən şiə lider Müqtəda əs-Sədrə bağlı qüvvələrlə ortaq hərəkət etdiyini söyləyib. Türkmən silahlı birlikləri müəyyən istiqamətlərdə peşmərgələrlə birgə hərəkət etməyə çalışır.