Ursula von der Leyen: “Avropa İtaliyadan üzr istəyir” Dünya

Ursula von der Leyen: “Avropa İtaliyadan üzr istəyir”

“Bütün Avropa İtaliyadan üzr istəyir”.
Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa Parlamentinin bu gün keçirilən sessiyasında çıxışı zamanı deyib.
“Bəli, heç kim bu böhrana həqiqətən hazır deyildi. Doğrudur ki, bu pandemiya başlayan zaman İtaliyanın köməyə ehtiyacı olduğu anda çoxları orada yox idi. Bəli, bunun üçün də bütövlükdə Avropanın İtaliyadan ürəkdən üzr istəməsi haqlı hərəkətdir və Avropa bunu edir. Ancaq üzr yalnız davranışınızı dəyişdirdiyiniz təqdirdə qəbul olunur. Bu həqiqətdir ki, bir-birimizi qorumağın lazım olduğunu başa düşmək uzun müddət çəkdi. Ancaq indi Avropa dünyada həmrəyliyin döyünən qəlbinə çevrilib. Əsl Avropa ayağa qalxıb. Polşa və Rumıniyadan gələn həkimlər İtaliyada həyatları xilas edir. Almaniyadan göndərilən süni tənəffüs aparatları İspaniyada insanları xilas edir. Çexiyadakı xəstəxanalar Fransadan gələn xəstələri müalicə edir. Berqamodan olan xəstələr Bonndakı klinikalara aparılır. Litvadan İspaniyaya, Danimarkadan İtaliyaya süni tənəffüs aparatları, tibbi ləvazimatlar göndərilir. Əslində, bütün avadanlıqların Avropanın hər nöqtəsində ehtiyac duyulan yerlərə göndərildiyini görürük. Bütün bunlara görə avropalı olmaqdan qürur hissi keçirirəm”, - deyə Ursula von der Leyen vurğulayıb.
Avropa Komissiyasının Prezidenti bildirib ki, Avropa İttifaqının növbəti yeddi illik büdcəsi daha əvvəl təsəvvür edildiyindən fərqli olacaq.
“Dövlət və özəl sərmayə sahələrini yenidən bərpa etmək üçün Avropa İttifaqının büdcəsinin gücündən istifadə edəcəyik”, - deyə Avropa Komissiyasının Prezidenti qeyd edib.