İsraildə üç seçkidən sonra nəhayət hökumət formalaşdırıldı Dünya

İsraildə üç seçkidən sonra nəhayət hökumət formalaşdırıldı

İsrailin baş naziri Benyamin Netanyahu bir il yarım sürən siyasi durğunluqdan sonra hökuməti formalaşdırır.
Baş nazirin gələn həfrə korrupsiya ittihamları ilə məhkəmə qarşısına çıxacağı gözlənilsə də, ölkənin Ali Məhkəməsi onun hökuməti formalaşdırmasına icazə verib.
Netanyahu və onun müxalif rəqibi Benni Qantz arasında koalisiya razılaşmasına əsasən, Netanyahu 18 ay hakimiyyətdə qaldıqdan sonra baş nazir vəzifəsinə Qanz keçəcək.
Razılaşmanın opponentləri “alternativ baş nazir” vəzifəsinin qeyri-qanuni oldğunu bildirirlər.
Razılaşma üç nəticəsiz seçkidən sonra əldə edilib. Qanz əvvəl məhkəmə qarşısına çıxacaq liderlə hakimiyyətin bölüşdürülməsinə dair hər hansı razılıqdan imtina edəcəyini desə də, bu yaxınlarda mövqeyini dəyişərək, İsrailin dördüncü seçki keçirilmədən koronavirus böhranından çıxmasına kömək etmək istədiyini bildirib.
Keçən il məhkəmə Netanyahunu rüşvət, saxtakarlıq və media maqnatlarına siyasi dəstək müqabilində hədiyyələr almaq da daxil olmaqla etibarın pozilmasında ittiham edib. Netanyahu bu ittihamları rədd edir. Onun məhkəməsi mayın 24-də başlamalıdır.
İsrail qanunlarına görə ittiham edilmiş hökumət nazirləri istefa verməlidir. Lakin qanunun baş nazirlərə şamil edilib-edilmədiyi, ya da onların məhkəmə prosesi davam etdiyi zaman hökumət formalaşdıra bilib-bilməməsi müəyyən edilməyib.