İŞİD Türkiyə ilə sərhədi pozub Dünya

İŞİD Türkiyə ilə sərhədi pozub

Rəsmi Ankara isə PKK-nı bombalayıb

Cavid

"İslam Dövləti" terror təşkilatının döyüşçüləri Suriyanın Kobani şəhərindən Türkiyə ərazisinə keçiblər. Terrorçular döyüşlərin davam etdiyi Kobanidən Türkiyə-Suriya sərhədindəki minalanmış əraziyə soxulublar.
Məlumatda o da qeyd olunur ki, bu, "İslam Dövləti" terrorçularının sərhədi açıq şəkildə keçdiyi ilk haldır.
Türkiyə ordusunun sərhəd pozuntusuna reaksiyası haqqında məlumat verilmir.
Onu da bildirək ki, İŞİD terror qruplaşmasının təhdidi ilə üz-üzə qalan Türkiyə PKK-dan "vətəndaş müharibəsi" xəbərdarlığı alıb.
"Röyters" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, PKK terror təşkilatının liderlərindən olan Cəmil Bayık Ankaranın kürd siyasi hərəkatları ilə müzakirələrə başlamayacağı halda Türkiyədə vətəndaş müharibəsi başlaya biləcəyini bildirib.
Cəmil Bayık qeyd edib ki, sülh prosesi canlandırılmasa, ölkə xaricinə çıxan PKK-çılar yenidən Türkiyəyə dönə bilər. O, sülh müddətinin sona çatdığını vurğulayıb.
PKK lideri, eyni zamanda, Abdullah Öcalanın İmralı adasında həbsxana şərtlərinin yaxşılaşdırılması, görüşlərin bərabər şərtlərlə davam etdirilməsi, konstitusiyada lazımi dəyişikliklərin edilməsi ilə bağlı zəmanətin verilməsi və atılacaq addımlarla əlaqədar üçüncü bir tərəfin müşahidəçi olaraq iştirakının təmin edilməsini istəyib. Cəmil Bayık hökumətin bu şərtləri qəbul etməyəcəyi halda geri çəkilən qrupların yenidən Türkiyəyə qayıdacağını qeyd edib. Onun sözlərinə görə, bu istiqamətdə atılacaq addımlar qarşıdakı günlərdə dəqiqləşəcək.
Cəmil Bayık PKK-nın atəşkəsə əməl etdiyi bir vaxtda Türkiyənin Suriyada kürdlərə qarşı ön cəbhədə döyüşdüyünü iddia edib.
PKK-nın Suriyadakı kürdlərə dəstək olub-olmayacağına gəlincə, o, buna ehtiyac olmadığını söyləyib: "Biz kimsəni Qərbi Kürdüstana göndərmək istəmirik. Əgər Türkiyə hökuməti döyüş üçün israr edərsə, Şimali Kürdüstan da döyüşün bir parçası olar".
Malatya və Diyarbəkirdən havaya qalxan F-16 və F-4 qırıcıları Dağlıcada PKK sipərlərini bombalayıb.
"Haberler.com" xəbər verir ki, Türkiyədə Kobani etirazlarından sonra sui-qəsd, silahlı terror aktı törədən və hüquq-mühafizə orqanlarına hücum edən PKK terror təşkilatının üzvlərinin yerləşdiyi hədəflər türk silahlı qüvvələrinə (TSQ) aid qırıcılar tərəfindən vurulub.
Malatya və Diyarbəkirdən havaya qalxan F-16 və F-4 qırıcıları Dağlıcada PKK sipərlərinə bomba yağdırıb.
Dağlıca polis bölməsi üç gündür PKK terror təşkilatının üzvlərinin raket hücumlarına məruz qalıb. Əsgərlərinin qarşılıq verməsinə rəğmən, PKK ondan sonra da hücuma keçib.
Məhz bundan sonra Ali Baş Qərargah hərəkətə keçərək Hərbi Hava Qüvvələrinə aid qırıcılara bombardman əmri verib. Baş nazir Əhməd Davudoğlunun da xəbərdar olduğu əməliyyat çərçivəsində Malatya və Diyarbəkirdən havaya qalxan F-16 və F-4 qırıcıları Dağlıcada PKK-ya aid bir çox hədəfi məhv edib. Hava əməliyyatlarından PKK terror təşkilatına ciddi ziyan dəydiyi qeyd edilib. Sülh prosesinin başlamasından indiyədək PKK-ya qarşı irimiqyaslı hava hücumunun təşkil edilməsi diqqətlərdən yayınmayıb.
Türkiyənin inkişaf naziri Cevdet Yılmaz isə dünən "kürd məsələsi"lə bağlı qarşıda duran çətinliklərdən danışarkən ölkəni narahat edəcək bir açıqlama verib. Türkiyəli nazir silahlı ünsürlərin hələ də dağlarda olduğunu bildirib.
"Silahların ölkə xaricinə çıxdığını görmədik. Fikrimcə, işin ən problemli tərəflərindən biri budur. Həll prosesi başlayanda silahlı ünsürlərin ölkədən çəkilməsi əsas şərtlərdən idi. Təəssüf ki, bunun həyata keçirildiyini görmədik. Yaşanan hadisələrdə də gördük ki, dağlarda silahlı ünsürlər var", - deyə o, dilə gətirib.
Cevdet Yılmaz qeyd edib ki, silahlı ünsürlərin dağlarda qaldığı müddətdə tam mənası ilə həll müddətindən danışmaq mümkün deyil.
Dünənki məlumata görə, İŞİD terror təşkilatı İraqın qərbində olan Ənbar vilayətinin Hit rayonunun qərbində olan beş kəndi işğal edib.
"Doğan" xəbər agentliyinə istinadən xəbər verir ki, İŞİD terror təşkilatı İraqın qərbində olan Ənbar vilayətinin 70 kilometr şimalında olan Hit rayonunun nəzarətini ələ keçirib. Terror təşkilatı 12 saat ərzində 3 cinahdan hücum edərək, rayondakı 7 briqadanın 300 əsgərinin olduğu alayı da ələ keçirdiyi bildirilib.
Məsələ ilə əlaqədar açıqlama verən Ənbar şəhər məclisinin üzvü Adnan Fəhtavi deyib ki, silah və say baxımından üstün olan İŞİD yaraqlıları yerli hüquq-mühafizə orqanlarının qüvvələrindən daha yaxşı vəziyyətdədir: "Bunun üçün şəhər məclisi olaraq, Ənbar vilayətini xilas etmək üçün İraq mərkəzi hökumətini təcili və sürətli müdaxiləyə dəvət etdik".
Bir tərəfdən, yerli hüquq mühafizə orqanlarının əməkdaşlarının qaçmasından yararlanan İŞİD terror təşkilatı Hit rayonunun qərbindəki Bastamiyə, Səhliyə, Kəssarə, Hazrəc, və Dolap kəndlərinin nəzarətini ələ keçirib.
Terror təşkilatı Hit, Rave, Ane, Kaim, Fəllucə və Ramadinin ətrafına nəzarət etdiyi zamanda İraq əsgərləri isə havadan müdafiə bazası yerləşən Ramadiyə nəzarəti əlində saxlamağa çalışır.
İŞİD Ənbar vilayətində möhkəmləndikdən sonra İraq hökumətinin nəzarətində olan başqa şəhərlərə də hücum etməyə başlayıb.
Onu da bildirək ki, son vaxtlar xüsusi xidmət orqanlarına İŞİD sıralarında Özbəkistan, Qazaxıstan, Əfqanıstan və Azərbaycan vətəndaşlarının sayının getdikcə artdığı barədə çoxsaylı məlumatlar daxil olur.
Bu haqda Qırğızıstan parlamentinin deputatı Tursunbek Omurzakov "İslam Dövləti: MDB ölkələri üçün təhlükəsizlik təhdidi" mövzusunda keçirilən Bakı-Moskva-Astana videokörpüsündə deyib.
T.Omurzakovun sözlərinə görə, Qazaxıstan, Azərbaycan və Rusiya xüsusi xidmət orqanları yaxınlaşan təhlükə barədə ciddi düşünməlidir: "Bu real təhlükə ilə mübarizə aparmaq üçün birgə qruplar yaradılmalıdır, İŞİD artıq beynəlmiləl xarakter daşıyır, bu təşkilatın liderləri açıq şəkildə Rusiyanı, Qafqazı, Qazaxıstanın qərbindəki neft yataqlarını təhdid edir. Bu isə o deməkdir ki, artıq həyacan təbili çalmaq və birgə hərəkət etmək lazımdır".
T.Omurzakov deyib ki, onun ölkəsində müsəlmanların əhəmiyyətli hissəsi İŞİD-i dəstəkləyir və bu da olduqca təhlükəlidir.
Videokörpüyə Moskvadan qatılan ekspertlər də İŞİD-in Mərkəzi Asiya və Rusiya üçün ortaq təhlükə olduğunu deyiblər.
"Milli strategiya problemləri" jurnalının redaktoru Əjdər Kurtovun sözlərinə görə, İŞİD-in radikal ideyaları bir çox müsəlmanları, əsasən sünniləri cəlb edir.
"İŞİD ələ keçirdiyi ərazilərdə əhalini təşviq edir, hərbi mütəxəssisləri cəlb edib onlara yaxşı maaş verir, həmçinin təsərrüfatın müxtəlif sahələri üzrə mütəxəssisləri yaxşı maaşla işə cəlb edir" - deyə o bildirib.
Ekspertin proqnozuna görə, İŞİD-in ələ keçirdiyi ərazilər durmadan genişlənəcək və növbədə Türkiyədir: "Bizim ölkələrimizin radikal İslam təhlükəsi ilə qarşılaşmayacağına olanb ümidlər əbəsdir. Biz bu təhlükəyə qarşı birgə mübarizə aparmalıyıq".
Kurtovun sözlərinə görə, Qazaxıstanda sünni müsəlmanlar yaşadığı üçün İŞİD təhlükəsi ilk növbədə bu ölkəni vuracaq.
Xəzər əməkdaşlıq İnstitutunun baş direktoru Sergey Mixiyev isə deyib ki, İŞİD millətlərüzəri layihədir və insanları ancaq dini əlamətinə görə bağlayır: "Onları qazax, azərbaycanlı, türkmən milli kimliyi maraqlandırmır, belələrinin nöqteyi-nəzərincə, ancaq radikal islam olmalıdır, qalanları isə yoxa çıxmalıdır".
Onun sözlərinə görə, postsovet məkanı üçün real təhdid mövcuddur. "ABŞ bütöv regionları destablizə edən müharibəni stimullaşdırır. Amerika bu məsələdə dayanmayacaq, çünki onu başqalarının nə çəkdiyi maraqlandırmır" - Mixiyev bildirib.
Xatırladaq ki, oktyabrın 13-də Bakıya səfər edən Rusiya müdafiə naziri Sergey Şoyqu da İŞİD təhlükəsi haqda danışaraq bu təhlükənin Azərbaycanla Rusiyanı da təhdid etdiyini deyib. "İslam Dövləti"nin hərbi qüvvələrinin komandanı, "Ömər çeçen" ləqəbli əl-Şişani bu günlərdə Gürcüstanın Pankisi dərəsində yaşayan atası ilə telefon danışığı zamanı növbəti hədəflərinin Rusiya olacağını, onun minlərlə döyüşçüsünün Rusiyadan qisas almaq üçün tezliklə hücuma başlayacağını bildirib.