Belarusdakı vəziyyət müzakirə olunacaq Dünya

Belarusdakı vəziyyət müzakirə olunacaq

Avropa Belarusu Rusiyanın “qucağına” atmaqdan qorxur

Belarus Prezidenti Aleksandr Lukaşenkonun rəqibi Svetlana Tixanovskaya yeni seçkilər ərəfəsində "milli lider" olmağa hazır olduğunu bildirib. BBC-nin məlumatına görə, o, bu barədə videomüraciət yayıb. "Mənim əziz və sevimli belaruslularım! Biz hamımız və ölkəmiz tarixin alçaqlığın qəhrəmanlıqla, ümidsizliyin cəsarətlə, sevginin isə xəyanətlə həmsərhəd olduğu çox çətin dövrünü keçirik", - Tixanovskayanın müraciəti bu sözlərlə başlayır. O, çıxışında etirazlar zamanı ölən şəxslər barədə danışıb və "sizinlə bir ağlayıram" deyib. Tixanovskaya ölənlərin ailələrini dəstəkləməyi, onların şərəfinə küçələrə ad verilməsini təklif edir.
Bundan sonra Tixanovskaya nə üçün "milli lider" olmalı olduğunun səbəblərindən danışır: "Mənim siyasi karyeram haqqında illüziyalarım olmayıb və yoxdur. Mən siyasətçi olmaq istəmirdim. Lakin tale elə gətirdi ki, mən özbaşınalıq və haqsızlığa qarşı olan qarşıdurmalarda ön cəbhədə yer aldım. Tale və siz. Mənə inanan siz, mənə güc verən siz...Sizin cəsarətinizə heyranam..."
Svetlana Tixanovskaya müraciətində deyir ki, "biz hamımız 26 il davam edən sonsuz dairədən çıxmaq istəyirik". "Mən ölkənin sakitləşməsi və normal ritmə qayıtması üçün məsuliyyəti öz üzərimə götürməyə və bu dövrdə milli lider kimi çıxış etməyə hazıram. Onun üçün ki, biz bütün siyasi məhbusları azad edək və ən qısa müddətdə yeni prezident seçkilərin təşkili üçün qanunverici baza və şərait təşkil edək", - o deyib.
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri isə cümə günü prezident seçkilərinin nəticələrinə və Belarusdakı etiraz aksiyalarına sərt basqıya necə reaksiya verməli olduqlarını müzakirə edəcəklər. Avropa İttifaqı Lukaşenkoya və Belarusun vəzifəli şəxslərinə qarşı qaldırılmış sanksiyaları yenidən tətbiq edə bilər, lakin avropalı ekspert və siyasətçilər hesab edir ki, birlik həm də Belarusu Rusiyanın qucağına atmaqdan qorxur.
Baltikyanı ölkələrin və Finlandiyanın dəstəyi və Polşanın təşəbbüsü ilə Aİ xarici işlər nazirlərinin Belarus mövzusunda təcili video iclası çağırılıb. Həftənin əvvəlində Avropa İttifaqı və qurumun ölkələrinin mərkəzi qurumları avqustun sonunda nazirlərin növbəti iclasında Belarusdakı durumu müzakirə etməyi təklif etsələr də, sonradan fövqəladə iclasa razılıq veriblər. Ancaq iclasın gündəliyinə yalnız Belarus deyil, Livandakı vəziyyət və Türkiyə ilə münasibətlərin müzakirəsi də daxil edilib.
"Lukaşenkonu sülh yolu ilə getməyə, Qərb və Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirməyə məcbur etməliyik. Əlbəttə ki, vəziyyət pisləşərsə, sanksiyalardan qaçmaq çox çətin olacaq," - Polşanın xarici işlər naziri Jacek Czaputoviç bu həftənin əvvəlində bildirib. Elə həmin gün Avropa Birliyi Xarici İşlər Nazirliyinin rəhbəri Xosep Borrell sanksiyaların geri qaytarılmasının mümkün olduğunu elan edib.
"Biz hazırkı vəziyyətdə Belarus hakimiyyət orqanlarının hərəkətlərini izləyirik və Avropa İttifaqı Belarusla münasibətlərini dərindən qiymətləndiririk. Bu yenidən qiymətləndirmə, digər şeylərlə yanaşı, zorakılıq, əsassız həbslər və seçki nəticələrinin saxtalaşdırılmasına görə məsuliyyət daşıyanlara qarşı tədbirləri də əhatə edə bilər," - Borrell deyib.
Almaniya xarici işlər naziri Heiko Maas da bu həftə Avropa İttifaqının Belarus rəhbərliyinə qarşı sanksiyaların qaldırılması ilə bağlı dörd illik qərarına yenidən baxmalı olduğunu söyləyib. Sanksiyalarla bağlı qərar Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçılarının sammitlərində qəbul edilir, xarici işlər nazirləri ölkələrin mövqelərini razılaşdıra bilər və sammit üçün qərar layihəsini təklif edə bilər. Litvanın xarici işlər naziri Linas Linkevicius Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskayanın Litvada "təhlükəsizlikdə" olduğunu bildirib.
Linas Linkevicius LRT radiostansiyasının efirində deyib ki, Svetlana Tixanovskayanı Belarusda yeddi saat saxlayıblar. O bunun səbəblərinin hələ ki, məlum olmadığını, təfərrüfatları gözlədiklərini deyib. Bundan əvvəl Svetlana Tixanovskayanın Mərkəzi Seçki Komissiyasının binasına daxil olduğu və ondan saatlarla xəbər alınmadığı deyilirdi. Onun vəkili inandırırdı ki, o, özü MSK-nı tərk edərək nəqliyyat vasitəsinə əyləşərək gedib. Svetlana Tixanovskaya baş verə biləcək təxribatlara görə etiraz nümayişlərində iştirak etməyəcəyini bildirmişdi.
Müxalifət namizədi MSK-ya səslərin yenidən sayılması barədə şikayət ərizəsi verib. Daha sonra Svetlana Tixanovskayanın vəziyyətinin yaxşı olduğu bildirilib.
Bazar ertəsi günü Belarus prezidentliyinə namizəd özünü qalib hesab etdiyini və ölkəni tərk etmək niyətində olmadığını açıqlamışdı. Belarus DTK-nın sədri Valeri Vakulçik Belarus televiziyasının efirində bildirib ki, xüsusi xidmət orqanı prezidentliyə namizəd Svetlana Tixanovskayaya qarşı sui-qəsdin qarşısını ala bilib. "Müxalifətin birləşmiş qərargah adlanan qurumundan məlumat alınmışdı ki, onlar Tixanovskayanın həyatına sui-qəsddən və təxribatdan ehtiyatlanırlar," - ONT telekanalının efirində Vakulçik bildirib.
DTK mesajı göndərən şəxsin artıq müəyyən edildiyini və saxlanılacağını əminliklə bildirir. Belarusda hər dəfə prezident seçildiyi zaman DTK-nın qəhrəmanlıqları haqqında hekayələr ortaya çıxır. Bundan sonra DTK "birləşmiş qərargahın mühafizəsinin təşkili üçün 120 təlim keçmiş əməkdaş" ayırıb.
Aleksandr Lukaşenko öz növbəsində, küçələrə çıxan müxalifətçiləri "qoyun" adlandırıb və ölkənin parçalanmasına imkan verməyəcəyini söyləyib. Gecə 3 minə yaxın şəxsin saxlandığı deyilir. Etirazçılar arasında xəsarət alanlar var. Lukaşenko deyib ki, təhlükəsizlik əməkdaşları arasında da yaralananlar olub.