Bayden Trampı pandemiyaya qarşı səmərəsiz mübarizə aparmasına görə kəskin tənqid edib Dünya

Bayden Trampı pandemiyaya qarşı səmərəsiz mübarizə aparmasına görə kəskin tənqid edib

Sentyabrın 23-də Co Bayden Demokratlar partiyasından prezidentliyə namizəd kimi ilk səfərini Şimali Karolina ştatına edib.

AZƏRTAC xəbər verir ki, Baydenin seçkiqabağı kampaniyası Şarlott şəhərində kiçik biznes sahibləri olan qaradərili sahibkarların, müəllimlərin və fəhlələrin iştirakı ilə “iqtisadi sammit” keçirib. Ağ Evin rəhbəri vəzifəsinə namizəd həmin tədbirdə çıxış edib.

Bayden tədbir iştirakçılarına Afrika mənşəli amerikalıların problemləri barədə danışıb, çoxsaylı iş yerləri yaratmağı və təcrübəsiz sahibkarlar üçün fəaliyyət şəraitini yaxşılaşdırmağı vəd edib. O, Prezident Trampı pandemiyaya qarşı səmərəsiz mübarizə aparmağa görə kəskin tənqid edərək deyib ki, virusun yaradılmasında Tramp təqsirkar deyil, lakin koronavirusun yayılmasının qarşısını almaq üçün onun tətbiq etdiyi metodlar “kriminal metodlara yaxındır”.

Co Bayden sistemli irqçilik problemini də müzakirə edib, bunun ABŞ-da irqi qeyri-bərabərliyə gətirib çıxarmasını vurğulayıb və deyib ki, ölkə bu qüsuru aradan qaldırmalıdır. Bayden seçicilərə müraciətlə seçki günündə evdən çıxmalarını və səs vermələrini xahiş edib. O deyib: “Mənim fikrimcə, sistemli irqçiliyi və bizim sistemdə mövcud olan problemləri kökündən dəyişmək üçün böyük imkanlar var. Düşünürəm ki, biz bunu etməliyik, lakin bunu etməyin yalnız bir üsulu var: biz seçkilərə getməli və səs verməliyik”.