Ermənistan “böyük qardaş”ının yedəyində Dünya

Ermənistan “böyük qardaş”ının yedəyində

Zaruhi Postancyan: "Rusiya çökür, onun qalıqları altında qalmaq Ermənistanın maraqlarına uyğun deyil"

Naira Hayrumyan: "Serj Sarkisyan hakimiyyəti Rusiyanın iflasına hazırlaşır"

Cavid

Qərb tərəfindən sanksiyaların Rusiyaya tətbiqi, rublun dəyərdən düşməsi Ermənistana da mənfi təsirini göstərib. Rusiyanın başı artıq iqtisadiyyatını iflic vəziyyətdən çıxarmağa yönəlib, Ermənistan unudulduğundan bu ölkədə isə vəziyyət olduqca ağırdır. Bahalaşma erməniləri təşviş içində saxlayır.
Belə ki, Ermənistanda maliyyə durumu nəzartdən çıxır. Milli valyuta dram yenə də avroya və dollara baxanda 7 faiz ucuzlaşıb.
Hesablanıb ki, ilin əvvəlindən indiyə kimi dram Amerika və Avropa valyutasına baxanda 30% ucuzlaşıb.
Ötən gün müxalifətin təşəbbüsü ilə Ermənistan parlamentinin təcili növbədən kənar iclası çağrılıb. O, bağlı qapılar arxasında keçirilib. Amma daha sonra jurnalistlər öyrənib ki, milli valyuta barədə heç bir qərar qəbul edilməyib.
Parlament kuluarlarında ölkənin maliyyə naziri Qaqik Xaçatryan bildirib ki, milli valyutaların devalvasiya prosesi ölkənin başqa ölkələrində də baş verir. Ancaq onun sözlərinə görə, bu proses Ermənistanda həddindən sürətli getdi.
Maliyyə naziri etiraf edib ki, bu mürəkkəb maliyyə durumunun nə qədər davam edəcəyini demək çətindir.
Bununla yanaşı, ölkənin mağazalarında ilkin tələbat mallarınıq qiyməti kəskin bahalaşıb. Özü də bəzi qiymətlər saatbasaat dəyişir. Bu, hər şeydən öncə, xarici valyuta ilə alınan idxal mallarına aiddir. Artıq hesablanıb ki, orta hesabla qiymətlər 1-2 gün ərzində 300-350 dram artıb.
Bu gün respublikadakı valyuta dəyişmə məntəqələrinin çoxu bağlanıb. Çünki onlarda nə Amerika, nə də Avropa valyutaları qalmayıb. Ermənistanın işgüzar dairələri də böyük çətinliklərlə üz-üzə qalırlar. Çünki onlar xaricdəki tərəfdaşları ilə xarici valyuta ilə hesablaşırlar.
Bununla yanaşı, İrəvanda nəşr olunan "Jamanak" qəzeti yazır ki, bu günlərdə respublika daha bir bəd xəbər alıb. Amerikanın "Minilliyin çağırışı" fondu Ermənistanın yardım almaq üçün etdiyi müraciəti geri qaytarıb. Cavabda qeyd edilib ki, rəsmi İrəvan öz xarici siyasət kursu, qəbul olunan qərarları və siyasəti ilə beynəlxalq standartlara uyğun gəlmir.
İqtisadiyyatı onsuz da zəif olan Ermənistan indi də valyutasının dəyərini itirməklə üzləşib. Dram (Ermənistanın milli pul vahidi) getdikcə qiymətdən düşür. Dünya Bankının, Avrasiya İnkişaf Bankının, Beynəlxaq Valyuta fondunun yardımları belə bu prosesin qarşısını ala bilmir.
Dekabrın 8-dən etibarən Ermənistanın Mərkəzi Bankı hər gün hərrac vasitəsilə 6 milyon dollar satır, lakin bu dramın devalvasiyasını heç cür dayandırmır. Dekabrın 15-də Ermənistanda dolların qiyməti daha 3 dram 13 luma artıb. Əgər hərracların ilk günü, yəni dekabrın 8-də bir dolların qoyməti 456 dram 63 luma idisə, dekabrın 12-də həmin göstərici 464 dram 7 lumaya çatıb. Beləliklə, qeyd etmək olar ki, Mərkəzi Bankın 4 gün həyata keçirdiyi hərrac ərzində dram 1.6 %, yaxud gündə orta hesabla 0.4% devalvasiya edib. Lakin bundan əvvəlki bir ay ərzində dram 10% devalvasiya edib. Bu isə o deməkdir ki, Mərkəzi Bankın nizamlı intervensiyalarından sonra dramın devalvasiyasının gündəlik tempi 33% artıb.
Bütün bunlardan nəticə çıxararaq qeyd etmək olar ki, hər halda bu mərhələdə dram hələ "balanslaşdırılmış" məzənnəsinə çatmayıb.
Erməni analitik Akop Badalyanın "Putinə ultimatum verildi" başlıqlı məqaləsində qeyd edib ki, Rusiyanın düşdüyü ağır sosial-iqtisadi böhran Ermənistan üçün təhlükəli prespektiv vəd edir.
Erməni analitikin fikrincə, Ermənistan Rusiya xarabalıqlarının altında qala bilər: "Ermənistanın təhlükədən uzaqlaşmağını isə yalnız arzu edə bilərik. SSRİ-nin tam dağılmasının ikinci və üçüncü mərhələsində Ermənistan bu xarabalıqlar altında qalacaq. Və Ermənistanın istəyib-istəməməsindən asılı olmayaraq dəyərlərini itirəcək və ölkə xaosa sürüklənəcək".
Akop Balyanın sözlərinə görə, Rusiyada Krımın ilhaqı sevinci tezliklə sona çatdı: "Rusiya Krımı birləşdirmədi, əksinə tam olaraq "Krıma düşdü". Rusiyanın maliyyə və iqtisadi bazarındakı son vəziyyət Putinin ətrafında yaradılmış suni mifi darmadağın etməkdədir".
ABŞ Dövlət Departamenrinin Cen Psakinin rublun məzənnəsinin düşməsi barədə deyilənləri xatırladan erməni analitik qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların hələ tam tətbiq olumadığını bildirməklə yanaşı qeyd edib ki, hazırda Rusiya baş verənlər sanksiyalar fonunda yaşanan psixoloji effektdən qaynaqlanır.
Akop Badalyanın qənaətincə, Rusiyanın tezliklə sıradan çıxmasında Qərb maraqlı deyil. Qərb tədricən Rusiyanı çökdürüb, dünya bazarını buna uyğunlaşdırmaq istəyir: "Bu proses tədricən və uzunmüddətli olacaq. Yaşanan hadisələr isə Putinə verilmiş ultimatumdur. Ona Qəddafi və Səddam taleyini, ya da dərhal hakimiyyəti tərk etmək seçimi verilib. Qərb təklif etdiyi hər iki seçimdə ciddi olduğunu göstərməkdədir. Seçimi isə "İmperator" edəcək. Onun üçünsə "heç vaxt daha gec" seçimi işləmir. Ona daha bir ultimatum edilməyəcək və seçim şansı verilməyəcək".
Sözügedən məqalədə deyilir ki, SSRİ-nin faktiki olaraq tam dağılması prosesini Putin başa çatdırmaq üzrədir: "Rusiyada şəxsiyyət və dəyərlər hakim sistem üçün heç vaxt oyun qaydaları olmayıb. Putin əsas missiyasını yerinə yetirib - SSRİ-nin dağılmasının ikinci və son mərhələsi üçün zəmin hazırlayıb. Putinin bunu şuurlu etməsi də istisna deyil. Əks təqdirdə Putin Qərblə tezliklə danışıqlara və geri çəkilmə prosesinə başlamalıdır. Əgər doğrudan da nə etdiyinin fərqində deyilsə, Qərbə ümidsiz şəkildə müqavimət göstərməkdə davam edəcək. Bütün bunlar isə Rusiyadan hər cəhətdən asılı olan Ermənistan üçün təhlükəlidir".
"İrs" partiyasının deputatı Zaruhi Postancyan isə Ermənistan parlamentinin xüsusi sessiyasında çıxışı zamanı bəyan edib ki, Ermənistan Rusiyanın dağıntıları altında qalmamalıdır.
"Rusiya çökür, onun qalıqları altında qalmaq Ermənistanın maraqlarına uyğun deyil", - deyə o bildirib.
Deputatın sözlərinə görə, Ermənistan hökuməti hazırkı siyasi xətti davam etdirsə, bu dağıntının altında qalacaq: "Bu üzdən də Ermənistan Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqından imtina etməlidir".
Erməni şərhçi Naira Hayrumyan isə bildirib ki, Avrasiya İttifaqına daxil olmaq üçün müqavilə imzalamasına baxmayaraq, Serj Sarkisyan hakimiyyəti Rusiyanın iflasına hazırlaşır.
Onun sözlərinə görə, Avrasiya İttifaqına daxil olmaq üçün hazırlığı başa çatdıran Ermənistan rəhbərliyi eyni vaxtda iki ssenariyə hazırlaşır. Birinci ssenari Rusiyadakı rejimin tam iflası ilə bağlıdır ki, bu zaman Avrasiya İttifaqı layihəsi də məhv olacaq. Nairi Hayrumyan bunu Ermənistanın "xilası" kimi dəyərləndirir. İkinci ssenari isə Putin rejiminin qalması və sovet dövlətinin, dəmir çəpərlərin bərpası ilə bağlıdır.
"Üzdən Ermənistan özünü elə göstərir ki, ikinci ssenariyə hazırlaşır (dramı rubla bağlayıb, iqtisadiyyatı tam ruslara verib, Rusiyanı tənqid etməyə risk etmir). Amma sözün həqiqi mənasında isə Ermənistan rəhbərliyi Rusiyanın məhvinə hazırlaşır",- deyə Naira Hayrumyan vurğulayır.
Onun fikrincə, Ermənistan rəhbərliyi hətta Putinin iflasında sonra da hakimiyyətdə qalmaq istəyir, buna görə də istənilən dona girməyə hazırdır.