“Rusiya Ukraynanı diz çökdürə bilmədi” Dünya

“Rusiya Ukraynanı diz çökdürə bilmədi”

David Şahnazaryan: "Qərbdə Putin Rusiyanın növbəti "imperiya bəlası"na çevrildiyini hiss etmirlər"

Rusiya Ukraynanı müharibəyə başlamağa sövq edə bilmədi ki, bu da Moskva üçün ciddi uğursuzluq oldu. Bu fikri İrəvanda "Həmrəylik" Araşdırma Mərkəzinin direktoru, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan jurnalistlərə söyləyib.
O deyib ki, Kremlin və şəxsən Vladimir Putinin son hərəkətləri açıq təxribat xarakteri daşıyırdı və Kiyevdə yeni hakimiyyəti özündən çıxarmağa, onları silah götürüb Ukraynanın ərazi bütövlüyü uğrunda açıq mübarizəyə getməyə məcbur etməyə yönəlmişdi: "Amma yeni hökumət Cənubi Osetiya ssenarisini xatırlayaraq güc tətbiqindən çəkinir. Zənnimcə, yaxın 72 saat ərzində vəziyyətə aydınlıq gətiriləcək".
Şahnazaryanın rəyinə görə, Moskva Krıma qarşı hərəkətləri ilə 2008-ci ilin avqustunda Gürcüstana qarşı törətdiyi təcavüzü təkrar etməyə çalışır. Analitik Rusiyanın hərəkətini təcavüzkar, beynəlxalq hüquqa və Rusiyanın beynəlxalq müqavilələr çərçivəsində götürdüyü öhdəliklərə zidd adlandırıb: "Şəxsən Putinin təşəbbüsü olan bu cür aqressiv hərəkətlər Rusiyaya yaxşı heç nə verə bilməz. Buna ən yaxşı sübut kimi aparıcı Rusiya şirkətlərinin indekslərinin və rublun məzənnəsinin pozulmasıdır. Bütün bunlar ondan xəbər verir ki, bu gün Qərbdə Rusiyanın hakim elitasına məxsus hesablarının faktiki dondurulmağa başlamasından sonra bazarda vəziyyət gərgindir. Bu gün Putin Rusiyanı bütün dünyaya, mövcud nizama qarşı qoymaq istəyir ki, bu da ölkə üçün uğurla nəticələnə bilməz. Nədənsə bu gün Qərbdə Putin Rusiyanın növbəti "imperiya bəlası"na çevrildiyini hiss etmirlər".