Fransa matəmə büründü Dünya

Fransa matəmə büründü

Amma Qərbin bir sıra media strukturları peyğşmbərin karikaturalarını yenidən dərc ediblər

Cavid

Fransanın paytaxtı Parisdə "Şarli Ebdo" jurnalının nəşriyyat binasına edilən terror hücümu bütün dünya liderləri tərəfindən tənqid olunub. Minlərlə insan ötən gün axşam saatlarında jurnalın rəhbərliyinə dəstəklərini nümayiş etdimək üçün Respublika meydanında toplaşıb.
Qeyd edək ki, 3 silahlı İŞİD qruplaşmasının lideri Əbubəkr əl-Bağdadinin karikaturasını dərc edən "Şarli Ebdo" jurnalının nəşriyyat binasına daxil olaraq 8-i jurnalisit olmaqla 12 nəfəri öldürmüşdülər. Öldürülənlər arasında jurnalın baş redaktoru da var. Silahlılar daha sonra binanın yaxınlığında polislə qarşıdurmalar zamanı 2 polisi öldürüblər. Hücum zamanı 4-ü ağır olmaqla 11 nəfər isə, yaralanıb. İlkin təhqiqatlar zamanı hücumda 12 nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, artıq terrorçuların şəxsiyyətini müəyyən etmək mümkün olub. Onlardan ikisi Fransa vətəndaşı olan - Səid Kuaşi və Şərif Kuaşi qardaşlarıdır. Hər ikisinin 30 yaşı var. 3-cü şəxs isə, 18 yaşlı Amid Muraddır. Onun milliyəti isə, hələlik məlum deyil. Hər üçünün Yəmən mücahidləri şəbəkəsinə üzv olduğu bildirilir. Şübhəlilərdən Şərif Kuaşi 2008-ci ildə törətdiyi terror hücumuna görə əvvəllər həbsdə olub.
Fransa prezidenti hadisə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.
Almaniya kansleri hadisəni "söz azadlığına hücum" adlandırıb. Avropa Parlamentinin sədri Martin Şulç hadisəni hücumun sərt şəkildə tənqid edib.
"Avropa Parlamenti adından hadisəyə görə təəssüfümü bildirirəm. Bu insanlar Avropa cəmiyyətinin dəyərlərini şübhə altında qoya bilməzlər. Qarışılıqlı hörmət və ifadə azadlığı heç bir zaman müzakirə olunmur"
Devid Kemeron: "Bilirəm ki, bizim parlament istənilən növ terror aktına qarşı mübarizədə Fransa xalqının yanındadır. Biz söz və ifadə azadlığı tərəfdarıyıq və bu insanlar həmin dəyərlərin əlimizdən alınmasına nail ola bilməyəcəklər"
Ban Ki Mun: "Bu hücumu törədənlərə heç bir halda bəraət qazandırmaq mümkün deyil. Bu, soyuqqanlı şəkildə törədilmiş ədalətsiz bir hücumdur. Bu, demokratiyaya, azad mediyaya qarşı edilmiş bir hücumdur"
ABŞ prezidenti Barak Obama silahlıların reaksiyaya hücumunu qorxaqca edilmiş bir hücum kimi şərh edib: "Düşünürəm ki, hər kəs bizim Fransa ilə əzəli dost olduğumuzu qəbul edər. Onlar bizim ən güclü müttəfiqlərmizdən biridir. 11 sentyabr hadisələrindən sonra Fransa terrorizmlə mübarizədə həmişə bizim yanımızda olub. Bu terror aktı bizim Fransa ilə bir daha bu mübarizədə həmrəy olmağımızın əhəmiyyətini göstərir. Bir şeydən əminəm ki, bir qrup şüursuz insanın törətdiyi zorakılıqlar söz və ifadə azadlığına olan beynəlxalq inamı öldürə, azad fikir mübarizələrini susdura bilməyəcək"
Türkiyənin baş naziri Əhməd Davudoğlu hücumla əlaqədar reaksiyasında terrorizmlə İslam dininin yanaşı səsləndirilməsini tənqid edib: "Bu hücumu şiddətlə təndiq edirik. Bu hücumun gərginliyə səbəb olmaması üçün əlimizdən gələni etməliyik. Hücumun İslam dini ilə heç bir əlaqəsi qurula bilməz. İslam dini bu cür hücumlara təhrik etmir. Bu cür fəaliyyətlərin dinimizlə əlaqələndirilməsi yalnışdır"
Qərb dünyası ilə yanaşı, Səudiyyə Ərəbistanında da terror hücumları ölkə rəhbərləri tərəfindən təndiq olunub.
Onu da bildirək ki, dünyanın bir sıra məşhur media strukturları "Charlie Hebdo" satirik jurnalına hücumun səbəbi olduğu iddia edilən karikaturaları yenidən dərc ediblər.
Bu strukturlar arasında "Business Insider" və "Huffington Post" da var. "Daily Beast" saytında isə "Charlie Hebdo"nun 2011-ci ildə dərc etdiyi ən qalmaqallı 11 karikaturası dərc olunub. "Daily Beast"in baş redaktoru Noy Şahtmanın dediyinə görə, Fransadakı jurnalla həmrəyliyi nümayiş etdirmək üçün zərrə qədər tərəddüd etməyib.
"Deutsche Welle" alman radiosu isə bildirir ki, karikaturaları Almaniyanın ən nüfuzlu qəzetləri də dərc ediblər. Bununla belə, ən nüfuzlu media strukturları Məhəmməd Peyğəmbərin təhqir olunduğu karikaturaları dərc etməyiblər. Onların arasında ABŞ-ın NBC, CNN, ABC və CBS telekanallarının saytları da var. Britaniyanın The Telegraph, ABŞ-ın "New York Daily News" və "The New York Times" qəzetləri müsəlmanların hisslərini təhqir etməmək üçün biabırçı karikaturaları dərc etməyiblər. Aralarında Associated Press də olan məşhur informasiya agentlikləri isə "Charlie Hebdo" jurnalının üz qapaqlarının fotolarını yaysalar da, o fotolardakı karikaturalar silinmişdi.
Azərbaycan Milli Məclisinin millət vəkili Qənirə Paşayeva bildirib ki, müsəlmanların peyğəmbərinin təhqir olunmasına bu cür cavab vermənin doğru olmadığını bildirən millət vəkili qeyd edib ki, baş verənlər bütün müsəlmanların mövqeyi deyil.
"1.5 milyarddan artıq müsəlmanın Peyğəmbərinin gülüş hədəfinə çevrilməsini müsəlmanların hamısı qınadığı kimi, bu addıma cavabı olaraq Parisdə silahlı terror törədilməsini, insanların qətlə yetirilməsini də müsəlmanların əksəriyyəti qınayır və hamısı qınamalıdır. Amma bur qrup cahil terrorçunun törətdiyi cinayətə görə bütün müsəlmanları təhqir edən, hədəf alan, terrorçu adlandıranları, bütün media qurumlarını İslam Peyğəmbərinin karikaturasını yaymağa çağıranları, vəziyyəti daha da gərginləşdirmək istəyən bir sıra siyasətçilər, partiya və mətbuat və media qurumlarını da dinindən asılı olmayaraq hər kəs qınamalıdır. Bu terror hadisəsini, cinayəti törədənlər onsuz da ən böyük zərbəni elə müsəlman dünyasına vurdular və müsəlmanların əksəriyyəti bunu kəskin qınayır və törədənlərin də ən sərt cəza almasını dəstəkləyir. Məsələ Azərbaycan bir müsəlman ölkəsi olmasına baxmayaraq cənab Prezidentimiz İlham Əliyev başda olmaqla hər bir azərbaycanlı bu terror hadisəsini qınayır amma biz bundan istifadə edib bütün müsəlman dünyasını təhqir, həqarət edən, aşağılayan, hədəf göstərənləri də qınayırıq. Belə addımlara və açıqlamalara əl atanlar bilməlidirlər ki, bu bütün dünyada gərginliyi sadəcə daha da artıra bilər".