NATO-Rusiya qarşıdurması reallaşır...? Dünya

NATO-Rusiya qarşıdurması reallaşır...?

Elxan Mehdiyev: "Rusiyanın NATO ilə hərbi konfiliktə girmək niyyəti yoxdur"

Elman Nəsirov: "NATO-nun Rusiya ilə açıq hərbi qarşıdurmaya gedəcəyini zənn etmirəm"

Cavid

Rusiya-Ukrayna gərginliyinin davam etməsi fonunda ABŞ-ın Baltikyanı ölkələrdə çoxsaylı zirehli texnika cəmləşdirməsi, habelə Şərqi Avropada NATO müttəfiqləri ilə hərbi təlimlərə başlaması müşahidə edilməkdədir. Əksər ekspertlər hesab edir ki, ABŞ-ın bu addımları onun Ukraynadakı olaylardan təşvişə düşən müttəfiqlərinə sadəcə hərbi deyil, həm də psixoloji dəstəyidir ki, məhz bu dəstək sözügedən ölkələri Rusiya xofu qarşısında davam gətirməsi üçün zəruridir.
Fəqət Birləşmiş Ştatların Avropaya cəlb etdiyi hərbi texnikanın sayına və zərbə qüvvəsinə diqqət çəkən bəzi ekspertlər isə baş verənləri NATO-nun Rusiyaya qarşı savaş hazırlığı kimi dəyərləndirməkdədir.
Maraqlıdır, ABŞ-ın külli miqdarda vəsait hesabına Avropadakı müttəfiq ölkələrdə zirehli texnika və canlı qüvvə cəmləşdirməsi nəyə hesablanıb? Doğrudanmı Pentaqon Ukraynada ciddi problemlərlə üzləşən və ağır maliyyə-iqtisadi böhrandan əziyyət çəkən Rusiya ilə məhz indiki zəif məqamında haqq-hesab çəkməyi daha məqsədəuyğun hesab edir?
Siyasi şərhçi Elxan Mehdiyev ABŞ-ın Avropadakı müttəfiq dövlətlərə hərbi texnika cəm etməsi diqqət çəksə də, bütövlükdə bu texnikaların sayının şişirdildiyini iddia edib. Politoloqun sözlərinə görə, hazırda bir tək Latviyada ABŞ-a məxsus 400-ə qədər zirehli texnikanın olduğu iddia olunur ki, bu da inandırıcı deyil: "Latviyaya guya 400-ə qədər ABŞ zirehli texnikasının gətirilməsi ilə bağlı deyilənləri ciddi qəbul etmək olmaz. Şəxsən mən buna inanmıram. Bunlar əsassız məlumatlardır. Sadəcə Latviya NATO üzvüdür və Rusiyanın Ukraynadakı addımlarına cavab olaraq NATO Şərqi Avropadakı müttəfiqlərinin təhlükəsizliklə bağlı qayğılarını təmin etmək üçün ora əlavə qüvvələr gətirir".
E.Mehdiyevin bildirdiyinə görə, ABŞ bununla Rusiyaya Avropadakı müttəfiqlərini qorumaqda israrlı olduğu mesajını verir: "ABŞ həm söz, həm də əməli ilə bəyan edir ki, əgər onun müttəfiqlərinə qarşı təcavüz olarsa, NATO həmin ölkəni təcavüzdən müdafiə edəcək. Istər Baltik ölkələri, istərsə də Şərqi Avropa ölkələri olsun, NATO bu ölkələrin təhlükəsizliyinə qarantdır".
Ekspert hesab edir ki, Rusiyanın bütün hədə-qorxularına və təhdidlərinə baxmayaraq onun hər hansı NATO ölkəsinə təcavüz edəcəyi gözlənilən deyil: "Mən inanmıram ki, Rusiya NATO ölkələri ilə hərbi qarşıdurmaya getsin. Rusiyanın belə bir niyyəti də yoxdur".
YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov ABŞ-ın Avropadakı müttəfiq dövlətlərdə ağır hərbi texnika toplamasının heç də təsadüfi olmadığını və baş verənlərin NATO-nun 4 sentyabr sammitinin qərarına əsaslandığını vurğuladı: "Bu gün ABŞ-ın NATO üzrə müttəfiqləri olan Baltik ölkələrində və digər dövlətlərdə ağır silahlar yerləşdirməsi, müasir hərbi texnika cəlb etməsi heç də təsadüfi hadisə deyil. Indi baş verən proseslərlə bağlı hələ ötən ilin 4 sentyabr tarixində Uelsdə keçirilən NATO sammitində qərar qəbul edilmişdi. Indi həmin sammitdə alınan qərarlar yerinə yetirilir. Həmin sammit Rusiyaya qarşı tənqidi çıxışlar və mühüm qərarların qəbulu ilə yadda qaldı. İndi isə həmin qərarlar reallaşdırma mərhələsinə keçir. Baş verənlər Ukrayna hadisələri fonunda Rusiyaya qarşı təyiq kimi dəyərləndirilə bilər. Həmin sammitdə qərara alındı ki, Rusiyaya qarşı tətbiq edilən iqtisadi-maliyyə sanksiyalarıln hərbi təzyiq elementləri də əlavə edilsin. Yəni Rusiyaya qarşı təzyiqlərin kompleks halında həyata keçirilməsi qərara alındı. Çünki yalnız maliyyə-iqtisadi sanksiyalar lazımi effekti vermir".
Ekspertin qənaətincə, bu gün baş verənlər Rusiyaya qarşı təzyiq kampaniyasının mahiyyət etibari ilə yeni mərhələyə qədəm qoyduğunu göstərir: " Bu gün ABŞ-ın Rusiya ilə həmsərhəd olan NATO dövlətlərini silahlandırması göstərir ki, Rusiyaya qarşı təzyiqlər yeni mərhələyə keçir. Yəni iqtisadi-maliyyə yönlü təzyiqlərə artıq hərbi təzyiq də əlavə edilmiş olur. Məqsəd Rusiyaya qarşı anakonda təzyiq üsulunu reallaşdırmaqdır. Anakonda ilanı bildiyiniz kimi öz şikarını zəhərləmir. O, şikarın axırına onu sıxmaqla çıxır. Indi bu təzyiq üsulu Rusiyaya qarşı tətbiq edilməkdədir".
E.Nəsirovun bildirdiyinə görə, NATO-Rusiya arasındakı bütün mövcud gərginliklərə baxmayaraq, ABŞ və müttəfiqlərinin Rusiya ilə açıq hərbi toqquşmaya gedəcəyi istisnadır: "Rusiyaya qarşı açıq şəkildə güc tətbiq edilməsi qorxunc nəticələrə səbəb ola bilər. Çünki Rusiya həm də nüvə dövlətidir. Buna görə də onunla açıq hərbi konfilikt təhlükəlidir. Hesab edirəm ki, Birləşmiş Ştatlar da buna getməz. Rusiyaya qonşu olan NATO ölkələrinin silahlandırılması bu ölkəyə qarşı psixoloji, informasiya müharibəsinin tərkib hissəsidir. Çalışırlar ki, bu təzyiqlər fonunda Rusiyanın iqtisadiyyatı çöksün. Rusiya ictimaiyyətinin hakimiyyətdən narazılığı artsın. Eyni zamanda Rusiyaya qonşu olan ABŞ müttəfiqləri güclənsin. Nəticə etibari ilə Rusiya hakimiyyətinə qarşı həm sadə xalqın, həm də hərbi inhisarlar daxilində müəyyən narazılıq formalaşsın. Bu, ABŞ və onun müttəfiqlərinin hələ SSRİ ilə mübarizə dövründə sıradan çıxartdığı bir vasitədir. İndiki halda həmin mübarizə üsulu Rusiyaya qarşı tətbiq edilməkdədir. Mən hesab etmirəm ki, Rusiya kimi nəhəng nüvə dövləti ilə açıq hərbi qarşıdurma vəziyyətinə keçilsin. Sadəcə olaraq, ABŞ Rusiyaya qarşı bu cür təzyiqlər göstərməklə onun mövelərini zəiflətmək və mövcud hakimiyyətə qarşı daxili müxalifətin yaranmasına sitimul verməyə çalışır. Məlum təzyiqlərin mahiyyəti bundan ibarətdir".