“Rusiya özünün super güc statusunu itirib” Dünya

“Rusiya özünün super güc statusunu itirib”

Gerhard Şröder: "Amma hələ də istəyir ki, ona bu cür yanaşsınlar"

"Ukraynada baş verən hadisələr bölgədə sabitliyə ciddi təhlükədir". APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan-Almaniya Xarici Ticarət Palatası tərəfindən Bakıda təşkil olunan mühazirədə çıxışında Almaniyanın keçmiş federal kansleri Gerhard Şröder deyib. O bildirib ki, Krımda yaranmış vəziyyət narahatlıq doğurur: "Hadisələrin daha da gərginləşməsinin qarşısını almaq lazımdır, bu, Rusiya və Ukraynanın marağındadır".
G.Şröderin fikrincə, Ukraynadakı böhran və iqtisadi kollaps təkcə Avropaya yox, qlobal miqyasda neqativ təsirə malik olacaq: "Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll yolu tapmaq vacibdir, o cümlədən bu ölkədə yaşayan milli azlıqların - həm rusların, həm də Krım tatarlarının hüquqlarının müdafiəsi zəruridir".
Sabiq hökumət başçısının fikrincə, beynəlxalq qurumların boykot edilməsi yanlış yoldur, çünki bu, böhranı daha da dərinləşdirə bilər. O qeyd edib ki, Ukrayna bir tərəfdaş kimi həm siyasi, həm də iqtisadi cəhətdən Rusiyaya və Avropa Birliyinə lazımdır, böhrandan çıxış yolu iki tərəfin də qatılacağı dialoqun aparılmasıdır: "Rusiya özünün super derjava statusunu itirib, lakin hələ də istəyir ki, ona bu cür yanaşsınlar".