Çinin Yeni İpək Yolu layihəsi Dünya

Çinin Yeni İpək Yolu layihəsi

Pekinin siyasəti Qlobal iqtisadiyyatı birdəfəlik dəyişə bilər

Cavid

Marko Polonun Avrasiyadan Çinə doğru uzanan səyahətləri haqqında heyrətamiz nağıllar danışılan vaxtdan başlayaraq İpək yolu həmişə dünyanı özünə heyran buraxıb. Hazırda qədim Səmərqənd, Bakı, Daşkənd və Buxara şəhərləri dünyanın xəyal gücünü yenidən hərəkətə gətirirlər.
Çin dünyada indiyə qədər həyata keçirilmiş ən iri layihəni qurmaqdadır: Yeni İpək Yolu. Dünyanın iqtisadi xəritəsində inqilabi dəyişiklik yaratmağı hədəfləyən bu layihə eyni zamanda Avrasiyada üstünlük uğrunda şərqlə qərb arasında gedən mübarizədə ilk addım hesab olunur.
Əsas məqsəd qədim ipək yolunu Şanxaydan Berlinə qədər uzanan müasir tranzit, ticarət və iqtisadi dəhliz kimi yenidən həyata qaytarmaqdır. Bu "yol" Çin, Monqolustan, Belarus, Polşa və Almaniyadan keçərək yer kürəsinin üçdə birindən də çoxunu əhatə edən iqtisadi zona yaradacaq.
Planda yüksək sürətli qatarlar üçün dəmir yolları, avtomobil və magistral yolların çəkilməsi, enerji ötürülməsi və paylanılması üçün şəbəkələrlə fiber optik şəbəkələrin qurulması nəzərdə tutulur. Yol boyu yerləşən şəhər və limanlar iqtisadi inkişaf üçün istifadə olunacaq. Yeni İpək Yolu tamamlandıqdan sonra qədim ipək yolu kimi Asiya, Avropa və Afrika olmaqla, üç qitəni birləşdirəcək. İnfrastruktur layihələri dünyanın ən böyük iqtisadi dəhlizini yaradacaq.
"Busuness Insider" yazır ki, yeni İpək Yolunun qurulması ideyası ilk dəfə 2013-cü ildə Çin prezidenti Si Tszinpin tərəfindən elan edilib. Çin lideri 2014-cü ildə bu planın maliyyələşdirilməsinin bir hissəsi olaraq Asiya İnfrastruktur İnvestisiya Bankını (AİİB) təsis edərək layihə üçün ilkin maliyyə vəsaitini təmin etdi. Çin də bu plan üçün öz növbəsində 47 milyard dollar pul ayırdı.
Çin beynəlxalq birliyi bankın ilkin üzvü və tərəfdaşı kimi bu layihədə iştirak etməyə çağırdı. Üzvlərdən maddi dəstək göstərmələri gözləniləcək. Eyni zamanda Dünya Bankı daxil olmaqla, beynəlxalq fondlardan maliyyə vəsaiti təmin ediləcək, özəl və dövlət şirkətlərindən, yerli rəhbərliklərdən investisiyalar da olacaq.
Bir çox İpək yolu və Asiya ölkələri ilə yanaşı Qərbi Avropa ölkələrinin bir çoxu daxil olmaqla, təxminən 58 ölkə artıq bankın ilkin üzvü olmaq üçün imzalarını atıblar. AİİB-nin qurucu üzvləri arasında ABŞ-ın Asiyadakı əsas hərbi müttəfiqləri ilə yanaşı (Avstraliya, Cənubi Koreya və Yeni Zellandiya) NATO-ya üzv olan 12 ölkə də (Birləşmiş Krallıq, Fransa, Niderlandiya, Almaniya, İtaliya, Lüksemburq, Danimarka, İslandiya, İspaniya, Portuqaliya, Polşa və Norveç) var.
ABŞ müttəfiqlərini banka üzv olmaqdan çəkindirmək üçün göstərdiyi cəhdlər uğursuz olduqdan sonra indi də deyir ki, bu layihəni həmişə dəstəkləyib. ABŞ-ın bu bankın yaradılmasına qarşı olduğunun sirr olmadığını nəzərə alsaq, indiki mövqeyi heç də səmimi deyil. 2014-cü ilin noyabr ayında "The Wall Street Journal" qəzetində çıxan məlumata görə, ABŞ Çinin yeni bir infrastruktur inkişaf bankı yaradılması planlarına qarşı "Yeddilər Qrupu"nun telekonfransları daxil olmaqla, bir sıra görüşlər də keçirib.
Britaniyalı diplomat Alester Kruk bu haqda bildirib: "Regionun əsas sütunları, yəni İran, Türkiyə, Misir və Pakistan istiqamətlərini şərqə doğru dəyişirlər və bunun üçün bu ölkələrin hər birinin müxtəlif səbəbləri var. Regional dövlətlər görürlər ki, Çin Asiyadan Avropaya qədər irimiqyaslı infrastruktur layihələrinin yaradılmasında, həqiqətən də, ciddidir. Onlar eyni zamanda bunun da şahidi oldular ki, demək olar, bütün dünyanın dəstəyi ilə Asiya İnfrastruktur İnvestisiya Bankı ilə nələr edildi. Həmin dövlətlər bu layihədə iştirak etmək niyyətindədirlər."
Cəhdlərini artıran Çin Yeni İpək Yolu layihəsini dəstəkləmək üçün üç banka ən azı 62 milyard dollar qoymağı planlaşdırır. Çinin İnkişaf Bankı 32 milyard dollar, İxrac-İdxal Bankı 30 milyard dollar alacaq. Çin hökuməti eyni zamanda Çinin Kənd Təsərrüfatı üzrə İnkişaf Bankına əlavə kapital qoyacaq.
ABŞ bu layihəyə qoşulacaqmı? Sakit okean regionunun iki qüvvəsi Rusiya və Çinin iştirak etmədiyi Trans-Sakit okean Tərəfdaşlığı bunun hər hansı bir göstəricisidirsə, ABŞ-ın layihədə iştirak etmə ehtimalı zəif görünür. Lakin ABŞ-ın regiondakı liderlik rolunu Çinə qurban verməsi üçün heç bir ağlabatan səbəb yoxdur. İpək Yolu kimi böyük və mürəkkəb bir layihənin həyata keçirilməsi üçün ABŞ-ın texnologiyasına, təcrübəsinə və resurslarına ehtiyac olacaq. ABŞ-ın iştirakı ilə Yaponiya kimi digər müttəfiq ölkələrin layihəyə qoşulmasına mane olan siyasi amillər aradan qalxacaq, ABŞ-ın Avrasiyadakı nüfuzu isə qalacaq. İpək Yolu layihəsi ABŞ-ın hədəflərini artırıb gücləndirə, ABŞ-ın dəstəyi isə layihənin yaxşı nəticələnməsinə kömək edə bilər. ABŞ-ın irəli sürdüyü ticarət razılaşması və Çinin maliyyə dəstəyi göstərdiyi İpək Yolu layihəsi bir-birini tamamlayır. Belə ki, ticarət razılaşması beynəlxalq ticarət üçün qaydaların müəyyənləşdirilməsini, Çinin layihəsi isə infrastrukturun gücləndirilməsini hədəfləyir.
Hazırda inkişaf mərhələsində olan birinci layihəyə nəzər salmaq Çinin necə irəliləməyi planlaşdırdığını anlamağa kömək edə bilər.
İlk böyük iqtisadi inkişaf layihəsi Pakistanda həyata keçiriləcək. Belə ki, Çin illərdir burda Qvadar şəhərində strateji liman qurmaq və bu limanı maliyyələşdirmək üçün çalışır. Bu liman Çin tərəfindən idarə olunacaq. Qvadar şəhəri uzun müddət təxirə salınmış İran-Pakistan təbii qaz kəmərinin başlanğıc nöqtəsi olacaq. Bu kəmər son nəticədə Çinə doğru genişləndiriləcək. Əslində, təbii qaz tədarükçüsü kimi Qətərin İrana qoşulması ilə qaz kəmərinin Hindistana qədər genişləndirilməsi nəzərdə tutulmuşdu, lakin ABŞ-ın təzyiq göstərdiyi və enerji tədarükünün rəqibi Pakistandan asılı olması ilə bağlı narahat olan Hindistan layihədən geri çəkildi.
Təəccübləndirici deyil ki, ABŞ-ın müttəfiqi olan Hindistan Ərəbistan dənizi, İranda liman tikilməsi ilə bağlı yeni bir razılaşmanın elanını verərək Çinə qarşı mövqeyini göstərdi. Bu razılaşmada Pakistandan keçmədən Əfqanıstan vasitəsilə İrandan Hindistana enerji ötürülməsi nəzərdə tutulurdu. Bu razılaşma Çinin dəstəklədiyi Qvadar limanına bir alternativ təklif etsə də, ABŞ Hindistana İranla Qərb arasında yekun nüvə razılaşması imzalanmamış liman layihəsində irəliləməməsi ilə bağlı xəbərdarlıq etdi.
Həm Çin, həm də Hindistan tərəfindən irəli sürülən layihələrdə İran üzərinə qoyulan sanksiyalar nəzərə alınmır, ölkələrin heç biri heç narahat da görünmür. Çin Rusiya ilə bağladığı davamlı ticarət müqavilələrini nəzərə alsaq, sanksiyaların pozulması ilə bağlı ikiqat təqsirləndirilə bilər.
Çin və dünya ölkələrinn bir çoxu tarixdə gəlmiş-keçmiş ən böyük iqtisadi inkişaf layihəsini həyata keçirmək niyyətindədirlər və bu layihənin təsirləri dünya iqtisadiyyatında davamlı ola bilər.
Layihənin həyata keçirilməsi üçün on illər lazım olacağı və xərclərin yüz milyardlarla dollara çatacağı gözlənilir. Bunun dünya iqtisadiyyatı və ticarəti üçün necə nəticələri olacağını təsəvvür etmək mümkün deyil. Heç şübhəsiz, belə bir böyük və mürəkkəb layihədə uğursuzluqlar olması və qərb tərəfdən geosiyasi maneələrlə üzləşmək ehtimalı var. Şübhəsiz ki, "böyük oyun" davam edəcək. ABŞ prezidenti Barak Obama özü də vəziyyətin ciddiliyini qəbul edir: "Əgər regionda qaydaları biz yazmasaq, Çin yazacaq" – o, Trans-Sakit okean Tərəfdaşlığını müdafiə edərək bildirib.
Avropanın hələ də qlobal böhranın təsirləri ilə mübarizə apardığı, Çində də iqtisadi artımın yavaş getdiyi, bir sözlə, iqtisadi inkişafın zəif olduğu bir dünyada bu qədər imkan vəd edən belə bir layihə başqa harda başladıla bilərdi? Nəzərə alın ki, dünyanın böyük bir regionunu əhatə edən və ön illər sürəcək tikinti layihəsində nə qədər iş yerləri yaradıla bilər. Demək olar, hər bir sektorda ticarətin canlanması üçün çox böyük imkanlar var.