Əfqanıstan və İraqda yeni naməlum əsgərlər Dünya

Əfqanıstan və İraqda yeni naməlum əsgərlər

"Foreign Policy": "Hərbi missiyalarda həlak olmuş qeyri-hərbçilər haqqında danışılmır"

Cavid

Ötən bazar ertəsi hər il olduğu kimi Anım Günündə (ingiliscə "Memorial Day") Amerikanın siyasi və hərbi liderləri müharibələr zamanı həyatlarını itirmiş hərbçiləri yad ediblər. Anım Günü təkcə həlak olanlar üçün yox, eyni zamanda bu gün hələ də döyüş bölgələrində xidmət göstərən on minlərlə hərbçi üçün keçirilir. Məhz anım günü Pentaqondan belə bir pis xəbər açıqlandı: "Birinci dərəcəli serjant 37 yaşlı Pablo A.Ruiz mayın 24-ü döyüşdən kənar baş verən bir insident nəticəsində Əfqanıstanda – Baqramda həlak olub".
Arlinqton Milli Qəbiristanlığında çıxış edən prezident Barak Obama standart sözlərdən istifadə edərək deyib: "Biz bu gün ən böyük fədakarlıq nümunəsi olan və Əfqanıstanda həyatlarını qurban vermiş 2200 amerikalı vətənpərvər daxil olmaqla, 11 sentyabr hadisəsindən bu yana həlak olmuş minlərlə hərbi xidmətçinin xatirəsini ehtiramla yad edirik".
"Foreign Policy" yazır ki, burdakı məlumatlar faktiki baxımdan dəqiq olsa da, burda hərbi missiyalarda həlak olmuş qeyri-hərbçilər haqqında danışılmır. 11 sentyabr hadisəsindən bu yana Əfqanıstanda ABŞ Müdafiə Nazirliyi ilə müqavilə üzrə çalışanlar arasında həlak olanların ümumi sayı 1592 olub. Ötən il yenə Əfqanıstanda həlak olanların 64 faizini məhz xüsusi hərbi podratçılar təşkil edib. Belə ki, 56 hərbçi və 101 xüsusi podratçı həyatını itirib. Ancaq ötən il həlak olanların hardan olduqları haqqında dəqiq məlumat yoxdur, çünki təəccüblüdür ki, ABŞ-ın Əmək Nazirliyi zədələnən və ya həlak olan işçilərin milliyətini müntəzəm şəkildə izləmir.
ABŞ-ın həyata keçirdiyi hərbi əməliyyatlarda xüsusi podratçıların rolunun, adətən, qeyd edilməməsi bir neçə səbəbdən dolayı narahatlıq doğurur. Bununla onların göstərdikləri xidmət və fədakarlığın üstündən keçilir, müharibə yükü az ödəniş edilən və ya müdafiə edilən yerlilərin, yaxud da üçüncü ölkə vətəndaşlarının üstünə qoyulur və ABŞ-ın hərbi gücü ilə qoyduğu iz və milli sadiqlik hissi ilə bağlı yanlış təəssürat yaranır. Ağ Ev və ya Pentaqon hər dəfə İraq və Əfqanıstana nə qədər hərbi qüvvə göndəriləcəyi elanını verəndə heç vaxt onlarla birgə nə qədər podratçı göndəriləcəyini qeyd etmirlər. Jurnalist və analitiklər informasiya tələb edəndə isə rəsmilər və mətbuat katibləri bu məlumatlar heç vaxt əllərində yoxmuş kimi davranırlar, ona görə də, sonradan dəqiq və ya yenilənən məlumatları əldə etmək çətin olur. Artıq uzun müddətdir ki, ABŞ-ın hərbi əməliyyatlarına səlahiyyət verən və rəhbərlik edən liderlər podratçıların rolunu qiymətləndirmirlər. Xüsusi podratçlar ABŞ-ın xaricdə apardığı hərbi əməliyyatlarda uzun müddət mühüm rol oynayıblar və onların sayı soyuq müharibənin sona çatmasından bu yana ABŞ-ın səfərbər etdiyi hərbi qüvvələrə nisbətdə əhəmiyyətli dərəcədə artıb. Həqiqətən də, 11 sentyabr hadisəsindən sonra İraq və Əfqanıstanda gedən müharibələrin dəstəklənməsi üçün bu yerlərdə ABŞ-ın göndərdiyi hərbi qüvvələrlə təxminən eyni, hətta daha çox sayda xüsusi podratçı yerləşdirilib. Bu haqda ətraflı məlumat vermək çətindir, çünki ABŞ hərbisi göndərilən podratçıları heç vaxt lazımi qaydada izləməyib. Bunun göstəricisi olaraq olduqca narahatedici bir məqamı misal göstərmək olar ki, 2011-ci ilin sentyabrında məlum olub ki, hərbi qüvvələr İraq və Əfqanıstanda həlak olan və ya yaralanan podratçıların sayını dəqiq müəyyənləşdirə bilməyiblər. Belə ki, həmin vaxtlarda Pentaqon bu iki ölkədə döyüşlərdə müxtəlif məqsədlər üçün istifadə olunan itlər arasında həlak olanların sayını izləyirmiş.
Buna baxmayaraq, 2008-ci ildən başlayaraq əldə edilən daha ətraflı məlumatlara əsasən demək olar ki, Obamanın vəzifəyə gəldiyi ilk ildən etibarən İraq və Əfqanıstanda hərbçidən daha çox xüsusi podratçılar yerləşdirilib. Baxmayaraq ki, nə Pentaqon, nə də Ağ Ev onların rolunu qeyd etmir.
Xüsusi podratçılara önəm verilməməsi xüsusilə ona görə təəccüblüdür ki, onların son hərbi missiyalarda göstərdikləri dəstək, demək olar, əməliyyatların bütün mərhələlərini əhatə edir: mühitin formalaşdırılması, qabaqlayıcı tədbirlər, stabilləşdirmə əməliyyatlarının dəstəklənməsi və sivil idarəetmə. Onların vəzifələrinə təlim, kəşfiyyat, nəqliyyat və qüvvələrin müdafiəsi daxildir. Ancaq "podratçılar" bəzi hərbi və siyasi dairələrdə yaxşı qarşılanmır. Belə ki, bu sözlə əvvəllər "Blackwater" olaraq bilinən və 2007-ci ilin sentyabrında 17 iraqlının qətlində məsul olan hərbi şirkət yada düşür. ABŞ-ın Müdafiə Nazirliyi hər dörd aydan bir Mərkəzi Komandanlığın əməliyyat apardığı yerlər – İraq, Əfqanıstan və 16 başqa ölkə üçün xüsusi podratçıların sayı ilə bağlı rüblük hesabatlar çıxarır. 2015-ci ilin yanvarında verilən hesabatda podratçıların sayı 5000, ötən həftə çıxan ən son hesabatda isə 6300 olduğu göstərilib. Müqayisə etsək, ABŞ-ın İraqda yerləşdirdiyi hərbçilərin sayı podratçıların yarısı qədər belə deyil (3000). Əfqanıstandakı podratçıların sayı (30820) isə hərbçilərin sayından (10000) 3 dəfə çoxdur. Bu podratçıların 12033-ü də amerikalıdır. Qeyd etmək lazımdır ki, bu hesablamalara MKİ, Dövlət Departamenti, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və ya digər dövlət qurumlarını dəstəkləyən podratçılar aid edilmir. Amerikanın apardığı müharibələrə müqavilə əsasında verilən dəstəyin miqyası Pentaqonun "müqavilələr" başlığı ilə yayımladığı gündəlik məqalələrdə üzə çıxarıla bilər. Bu məqalələrdə müxtəlif məbləğlərlə müxtəlif xüsusi hərbi şirkətlərlə bağlanılan müqavilələr haqqında məlumatlar verilir. Bu şirkətlərə "DynCorp International", "Six3 Intelligence Solutions Inc.", "IDS International Government Services", "Battlespace Flight Services" daxildir.
Əlbəttə, xüsusi podratçılar hərbidən kənar sahələrdə də öz töhfələrini verirlər. 2015-ci ilin yanvarında çıxan hesabatda ABŞ-ın Müdafiə Nazirliyinin ümumi işçi qüvvəsinin 55 faizini podratçıların təmsil etdiyi bildirilmişdi. Podratçılar eyni zamanda ailələrə yardım mərkəzlərini, təcavüz hallarının qarşısının alınması üzrə proqramları, fiziki müalicə və rehabilitasiya klinikaları və hərbçilərin uşaqları üçün məktəbləri rəhbərlik edirlər.
Podratçılar mühüm əhəmiyyət daşıdığı iddia edilən və olduqca ziddiyətli olan milli təhlükəsizlik missiyalarında da önəmli rol oynayırlar. Məsələn, 2014-cü ildə Senatın Kəşfiyyat üzrə Xüsusi Komitəsinin MKİ-nin həbs və istintaq proqramı haqqında verdiyi hesabatda proqramın səmərəliliyi və əxlaqi prinsipləri haqqında ictimai müzakirələrdə çox da danışılmayan bir şey aşkarladı. Hesabatda göstərilirdi ki, 2006-cı ilin martında istintaq və həbs üzrə vəzifələrin 73 faizi podratçılar tərəfindən tutulub. 2008-ci ilə qədər isə həmin göstərici 85 faizə qalxıb.
Hesabat yayımlandıqdan sonra MKİ direktoru Con Brennan MKİ əməkdaşları və onların ailələrinin fədakarlıq etmələrini xüsusi vurğuladı. Onun həlak olan hər on əməkdaşdan səkkizinin podratçılardan olmasına baxmayaraq, onların adını bir dəfə belə çəkməməsi isə təəccüblü deyil. Proqramı irəli sürən, yaradan, idarə edən və qiymətləndirən podratçılar mümkün cinayət fəaliyyətinə görə nə tanınırlar, nə də məsul tutulurlar.
Biz hərbçiləri müharibəyə göndərən mülki rəsmilərin müdrikliyinə görə hərbi xidmətdə olanları günahlandırmırıq və zədələnən və ya həlak olanlara ehtiramla yanaşırıq. Ancaq biz bu hərbçilərin səfərbər edilmələri onlarsız mümkün olmayan xüsusi podratçıları heç cürə tanımırıq. Onlar üçün heç bir qarşılama mərasimləri və ya anım günləri keçirilmir. Bu podratçılar müvəqqəti olaraq, hərbçilərdən daha çox pul qazanır, həyatları üçün daha az risklərlə üzləşdikləri daha böyük və təhlükəsiz yerlərdə yaşayırlar. Bununla belə, İraq və Əfqanıstanda fəaliyyət göstərən podratçıların təhlükəsizliyi heç vaxt tam olmur və onlar da ən az əsgərlər qədər posttravmatik stres və depressiyadan əziyyət çəkirlər. Obama və digər siyasətçilərin bu gün hərbçilərlə birgə müharibə zonalarına göndərilən podratçıların sayını və ya onların əməliyyatlarda mühüm rol oynadıqlarını heç vaxt qeyd etməmələrinin səbəbi odur ki, onlar sadəcə ABŞ vətəndaşlarının podratçılar haqqında məlumatlarının olmasını istəmirlər. Əgər Amerika xalqı hər şeydən xəbərdar olsaydı, onda onlar davam edən müharibələrdə nə dərəcədə hərbi gücdən istifadə edildiyini daha yaxşı başa düşərdilər. Bu, podratçı birliyinə hörmətsizlikdir və aldadıcıdır, çünki bununla məqsədli şəkildə Amerikanın hərbi öhdəliyinin miqyası gizlədilir. Gələn səfər Ağ Ev və ya Pentaqon İraq və Əfqanıstana göndərilən qüvvələrin hansı səviyyədə olduğunu elan edərkən onlarla birlikdə gedəcək podratçıların sayı, onların arasında nə qədər amerikalı olacağı və onların müharibədə nə kimi rol oynayacaqları haqqında məlumat da verməlidirlər. Bəlkə bundan sonra onların göstərdikləri fədakarlıqlar da anım günlərində lazımi səviyyədə qeyd edilər.