Azərbaycan Prezidenti 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib Hadisə

Azərbaycan Prezidenti 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 115 ünvanında yerləşən mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısına məlumat verilib ki, ilk dəfə bu mərkəzdə "ASAN ECO oturacaq"lar quraşdırılıb. Bunların hər biri ASAN loqosu formasında olan günəş panelləri ilə təchiz olunub. Qurğuya yerləşdirilmiş modem vasitəsilə isə internetdən pulsuz yararlanmaq imkanı var. 5 saylı "ASAN xidmət" mərkəzinin ikimərtəbəli binasında ən yüksək standartlar tətbiq olunub.
Prezident İlham Əliyev yeni xidməti işə salıb. Mərkəzdə müasir müstəqil Azərbaycanın banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin ölkəmizdə idmana qayğısını əks etdirən fotoguşə də yaradılıb.
Prezident İlham Əliyev mərkəzin birinci mərtəbəsində yeni layihələrə baxıb.
Bildirilib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Artıq "ASAN xidmət" təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu təcrübə Azərbaycan modeli kimi xüsusi təqdim olunur. Azərbaycan brendi olan "ASAN xidmət" "Dövlət xidmətlərinin çatdırılmasının yaxşılaşdırılması" kateqoriyasında 2015-ci il dövlət xidmətləri sahəsində BMT Mükafatının birinci yer üzrə qalibi seçilib. Bu faktın özü bir daha təsdiqləyir ki, "ASAN xidmət"ə dünyada böyük maraq var. Təsadüfi deyil ki, bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək "ASAN xidmət"lərin fəaliyyəti ilə yaxından tanış olurlar. Geniş beynəlxalq marağın nəticəsidir ki, 2014-cü ildən başlayaraq Dövlət Agentliyi və "ASAN xidmət" mərkəzlərinə beynəlxalq səviyyəli uyğunluq sertifikatları verilib.
Dövlətimizin başçısına Masallıda "ASAN həyat" kompleksinin tikintisi, həmçinin Qubada "ASAN həyat" kompleksinin konseptual həlli və 2016-cı ildə tikiləcək regional "ASAN xidmət" mərkəzləri barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, bu mərkəzlərdə də ən yüksək standartlar tətbiq olunacaq. Prezident İlham Əliyev "ASAN sorğu" robotunun fəaliyyəti ilə də tanış olub. Bu robot Çağrı Mərkəzinin operatorları ilə canlı bağlantı yaradaraq, vətəndaşın sorğu və müraciətinin qəbul olunmasını təmin edir. Robotdan, həmçinin videokonfransların keçirilməsi və videodanışıqların aparılması zamanı da istifadə olunur.
Artıq "ASAN FM" layihəsi də hazırlanır və yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Radio dövlət xidmətləri sahəsində ixtisaslaşmış yeganə radio olacaq. Məqsəd daha geniş auditoriyaya çıxış, onların düzgün və operativ məlumatlandırılmasıdır.
Dövlətimizin başçısına "İdeya bankı" barədə də ətraflı məlumat verilib. Bu, vətəndaşları "ASAN xidmət" mərkəzlərinin və müxtəlif dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və dövlət xidmətlərinin təqdim edilməsi prosesinə cəlb etmək və onların ideyalarından istifadə məqsədilə hazırlanmış internet portaldır. Vətəndaşlar bu portalda şəxsi kabinet yaratmaqla, müxtəlif dövlət orqanlarının fəaliyyətinə dair öz ideya və təkliflərini göndərə bilərlər. Toplanılan ideyalar qiymətləndirilir və qalib ideyaların reallaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Bu günə qədər "İdeya bankı"na 1765-dən çox ideya daxil olub. Fərqlənən ideyalar müvafiq tədbirlər planına daxil edilib və bunlardan 194-ü artıq reallaşdırılıb.
Prezident İlham Əliyev istifadə edilən çap vərəqi üzərindəki yazıların silinərək yenidən istifadə olunmasını həyata keçirən printerə də baxıb. Bu printer istifadə edilən kağızların üzərindəki yazıları silərək yenidən çap etmə funksiyasına malikdir. Çap zamanı adi kağızdan istifadə olunur. Ekoloji cəhətdən daha sağlam və qənaətcil olan bu qurğu vasitəsilə bir çap vərəqindən 8 dəfə istifadə etmək mümkündür. Onu da qeyd edək ki, 5 saylı "ASAN xidmət" mərkəzinin yerləşdiyi ərazidə 150 yerlik avtomobil dayanacağı da yaradılıb və buradakı yerüstü keçid piyadaların təhlükəsiz hərəkətini təmin edir.