Seçki məntəqələrində müşahidə kameraları quraşdırılacaq Hadisə

Seçki məntəqələrində müşahidə kameraları quraşdırılacaq

"Aztelekom" MMC və Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən ölkədə keçiriləcək parlament seçki məntəqələrinin müşahidə kameraları ilə təchizatı istiqamətində texniki işlərə başlanılıb.
BTRİB-in baş mütəxəssisi Elman Qədirovun verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) qərargahına qədər xətt şəbəkəsində parametrlərin ölçülməsi, müəyyən istiqamətlərdə optik kabellərin, əlavə kameraların qurulacağı ehtimal olunan məntəqələrin yerləşdiyi ərazilərdə texniki imkanın mövcudluğu ilə bağlı təhlillərə başlanılıb.
O, qeyd edib ki, artıq bununla bağlı rəhbərlik tərəfindən tapşırıqlar verilib: "Ötən seçkilərin təcrübəsinə uyğun işlərə başlanılıb. Paytaxtda yerləşən 296 seçki məntəqəsində Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən qurulan kameraların texniki imkanlığı dəyərləndirilir. Qeyd edim ki, seçki günündə bütün məntəqələr kameralarla tam təmin olunacaq. Ona görə də MSK-nın saytı vasitəsilə seçki prosesini izləmək istəyən şəxslər hər hansı bir problemlə qarşılaşmayacaqlar".
Xatırladaq ki, bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək.