Dilənçinin dilənçiyə məsləhəti... Hadisə

Dilənçinin dilənçiyə məsləhəti...

Arzu Şirinova

Yolu Şamaxinkadan düşənlər ona diqqət yetirməmiş olmazlar. Keçidin üstündə salınmış kiçik parkı (indi bu parkdan əsər-əlamət yoxdur, yaşıllığın əvəzinə sonradan salınmış asfalt örtüyünü və hazırda maşın dayanacağı kimi istifadə olunan, gün vurmaqdan cadar-cadar olmuş oturacaqlarda alver edənlərin atılmış əşyalarını görmək olar-A.Ş.) kardon kağızın üstündə oturaraq əlini açan və yavaş səslə "çörək pulu verin ki, sizin də çörəyiniz olsun" deyən Əlinin (bəlkə də şərti adıdır, ancaq özünü belə təqdim elədi-A.Ş.) məkanı da adlandırmaq mümkündür. İlin bütün fəsillərində Əli bu məkanda dilənir. Onun yaxınlığından ötən hər kəs ayaq saxlayıb pul verir. Əlinin hər iki ayağı dizdən aşağı yoxdur. Yadımdadır ötən il günlərin bir günü ona pul verəndə arxa tərəfdən yaşlı kişinin Əliyə iradını eşitdim:"Yekə adamsan, onsuz da bu millət sənə pul verir. Ayağını qanlı əski ilə sarımaqla çoxmu pul qazanmaq istəyirsən?"
Kişinin iradlarını eşitdi, yoxsa nədənsə bir müddətdən sonra Əlini ayaqlarını ağ tənziflə bağlamış gördüm.
Ötən həftə isə Əlini fərqli bir tərzdə gördüm və qərara aldım ki, onunla həmsöhbət olum və ən böyük arzusunu öyrənimm.
Çoxlarımızdan fərqli olaraq Əli heç də boğazdan yuxarı ifadələrlə Qarabağın tezliklə erməni işğalından azad olunmasını arzu eləmir. Onun arzusunda olduğu istəyi artıq reallaşıb. Əlil arabası alıb. Ona bu arabanı hədiyyə eləməyiblər. Özü zəhməti hesabına arabanı qazanıb.
"İllərdir burada dilənirəm. Dilənirəm deyəndə ki, xalq məni dolandırır. Ayaqlarımı avtomobil qəzasında itirmişəm. Bəziləri kimi özümə sənəd də düzəldə bilərdim ki, guya Qarabağda vuruşmuşam. Ancaq bunu qeyrətimə sığışdırmadım. Yəni əyri yolllara baş vurmaq, Qarabağın adından istifadə eləmək istəmədim. Ailəli idim. Baxdım ki, ailəm acından ölür, bu hakimiyyətin də verdiyi pensiya ilə dolana bilmirəm. Bir gün həyat yoldaşımın köməyi ilə həyətə çıxmışdım. Oturub gələn-gedənə baxırdım. Bir də gördüm ki, orta yaşlarında bir kişi 5-6 yaşlarında uşağın əlindən tutub dilənir və uca səslə deyir:"Sizi o bir Allaha and verirəm, bu xəstə uşağa yardım eləyin". Baxdım ki, o blokdan, bu blokdan qonşular çıxıb uşağa pul vrirlər. Mənim yaxınlığıma çatanda kişi ayaqlarıma baxıb dedi:"Bütün günü boş-boş ora, bura baxmaqdansa get dilən. Dilənməkdə pul var". Sonra yolun-yolağasın başa saldı. Kimə nə qədər aylıq haqq verəcəyimi, harda otursam, daha çox qazana biləcəyimi anlatdı. Əvvəllər utanırdım. Eləcə otururdum və qarşıma bir dəmir qutu qoyurdum ki, kimin insafı gəlsə pul verəcək. Baxdım ki, evə əliboş qayıtmıram, uşaqların qarnını doyuzdura bilirəm. Yavaş-yavaş dilənçilik həyatına öyrəndim, bir də gördüm ki, dilim də açılıb. Səsimi eşidən xalqım daha çox pul verdi. Güzəranımı qurmağa başladım. Ən böyük arzum əlil arabası almaq idi. Bu arzuma da çatmışam. Əlil arabasında mənim üçün asandır, həm də bunun yağışı, soyuğu var. Elə ki, görürəm yağış yağır, islanmamaqdan ötrü arabamı çəkirəm münasib yerə".
Əliyə dilənərkən niyə "çörək pulu verin ki, sizin də çörəyiniz olsun" ifadəsini işlətdiyini sordum və cavabı belə oldu:"Hər bir kəs çörək qazananda tək özünü, ailəsini fikirləşməməlidi. Yaxınlarını, imkanı olmayanları da fikirləşməlidir. O zaman verən əli bir də gətirəcək. Mən şikəstəm pul verin deyib, dilənməmişəm. Şikəstliyim göz qabağındadır".
Əlinin narazılığı təkcə sahə müvəkkillərindəndir. Çünki evə dönəndə qazandığı pula ortaq olub qanını qaraldırlar.
Sonda pul vermək istədim götürmədi...