“Beynəlxalq məhkəmə olarsa şahid kimi prosesə qatıla bilərəm” Hadisə

“Beynəlxalq məhkəmə olarsa şahid kimi prosesə qatıla bilərəm”

Kraveç Leonid Markoviç: "Xocalıda gördüklərimi dünya ictimaiyyətinə çatdırmağa hazıram"

Dünən Bakıda Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə vertolyotla aparan ukraynalı pilot Kraveç Leonid Markoviçin iştirakı ilə mətbuat konfransı keçirildi.
Qeyd edə ki, pilot Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) dəvəti ilə Bakıya gəlib.
Tədbiri giriş sözü ilə açan AUBD sədri Hikmət Cavadov dedi ki, 2 il bundan qabaq Markoviçin Xocalıya gəlməsi haqqında məlumat alıb: "İki il ərzində bu məsələni araşdırıb film hazırladıq. Filmin təqdimatı isə sabah (Bu gün) olacaq".
Daha sonra çıxış edən Markoviç əlavə etdi, 1989-90-cu ilə qədər SSRİ qoşunlarının tərkibində Gəncədə xidmət edib. Gəncədən Ağdama və digər bölgələrə uçuşlar həyata keçirib, vertolyot komandiri vəzifəsində olub: "Demək olar ki, hər gün Dağlıq Qarabağa səfər edirdik. 1991-ci ilə qədər dinc əhalini Dağlıq Qarabağdan müharibə olmayan ərazilərə daşıyırdım. Ekipajda 3 nəfər idik. 1992-ci il fevralın 27-də Gəncəyə qayıdarkən Xocalının şərqində 2 km hündürlükdə, dağın ətəyində rəngli paltarlar müşahidə etdim. 500 metr məsafəyə enərək gördük ki, ermənilər dinc əhaliyə divan tutub, onların arasında sağ qalanlar da vardı".
Pilot qeyd etdi ki, Azərbaycan vertolyotunu görərkən ermənilər atəş açıb: "Helikopterlə Gəncəyə qayıdıb Azərbaycan hökumətini, prezidentin köməkçisini məlumatlandırdıq. Biz, Sovet ordusuna tabe idik, komandanlığın əmrlərini icra edirdik. Lakin Xocalı hadisələri zamanı əmr gözləmədən oralara uçduq. Sonra o zamankı prezidentin köməkçisi Gəncəyə gəlib və xahiş edib ki, jurnalistləri həmin yerə aparsınlar. Biz təxminən faciənin baş verdiyi andan bir neçə saat sonra hadisə yerini görmüşdük. Azərbaycanda bu barədə heç kəs bilmirdi. Jurnalistləri apararkən Çingiz Mustafayevi gördüm. Xalq ona çox inanırdı. Çingizlə bərabər 3 nəfər də vardı. Onların çəkmək üçün cəmi 5 dəqiqə vaxtları oldu. Çünki çox təhlükəli idi. Ermənilər bizi görən kimi atəş açmağa başladılar. Bu çəkilişlərdən sonra faciəni dünya ictimaiyyətinə çatdırmaq mümkün oldu".

Ən dəhşətli məqam

Pilotun sözlərinə görə, o zaman gördükləri barədə mətbuata müsahibə verib və bu, geniş müzakirələrə səbəb olub: "Jurnalistlər hadisə yerinə düşərkən ərazini tam çəkə bilməyiblər. On-on beş dəqiqə çəkiliş apara bildik. Helikopter yerə enə bilməmişdi. Hər zaman hazır idi ki, ermənilər gələndə çəkiliş qrupunu götürüb gedə bilsinlər. Çəkiliş qrupu aşağı düşəndə o dərəcədə şok yaşadı ki, iki-üç dəqiqə ərzində çəkiliş edə bilmədilər. Onları tələsdirdik, çox az kadrlar çəkdilər. Meyitlər bir-birindən çox aralı idi. Jurnalistlər nəyi çatdırdılarda, onu çəkdilər. Ancaq ərazi tam halda yuxarıdan çəkilib. Bizimlə gedən bir polis kapitanı öldürülmüş uşaqların arasında öz oğlunu tapdı. Oğlu güllələnmiş, öldürülmüşdü. O, uşağın meyitini görütüb helikopter tərəfə gəlirdi, ermənilər bizi görmüşdü, biz uçmalı idik. O, oğlunu helikopterə yerləşdirdi, özünün isə əlləri aşağı düşdü, helikopterə minə bilmirdi. Deyəsən ağlını itirmişdi. Biz onu da güclə götürüb uçduq".
Hadisə şahidi dedi ki, onlar Xocalıya gedərkən ikinci vertolyot da olub. Bu Markoviçin idarə etdiyi verltolyotu qorumaq üçün idi. Markoviçin idarə etdiyi vertolyot mülki idi, vətəndaşları daşımaq üçün, orada heç bir hərbi sürsat yox idi".
O həmçinin onunla birlikdə ekipajda olan iki nəfəri dəfələrlə axtardığını əlavə etdi.

"Cəhənnəmi görmüş pilot"

Ukraynalı pilot əlavə etdi ki, beynəlxalq məhkəmə olarsa, heç bir fakt lazım deyil, şahid kimi prosesə qatıla bilərəm: "Xocalıda gördüklərimi dünya ictimaiyyətinə çatdırmağa hazıram".
Ukraynalı pilotun iştirakı ilə jurnalistlərin Xocalıya getməsi və soyqırımı çəkməsi barədə film də ərsəyə gəlib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu tərəfindən çəkilən "Cəhənnəmi görmüş pilot" filminin təqdimatı bu gün olacaq.

Əli