DSMF-yə hesabatlar elektron formada verilir Hadisə

DSMF-yə hesabatlar elektron formada verilir

Fondda əhaliyə göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında yer alıb

Tərlan

"Ölkə üzrə 11 100 sığortaedən hesabatını elektron formada DSMF-yə təqdim edib". Bunu jurnalistlərə açıqlamasında DSMF-nin maliyyə-büdcə şöbəsinin sektor müdiri Rüfət Oruclu deyib. O bildirib ki, bundan sonra sığortaedənlər hesabatlarını DSMF-yə elektron formada təqdim edəcəklər: "Onların özləri də bu sistemdə maraqlıdırlar. Bu məqsədlə biz bütün rayon şöbələrində "yardım masaları" yaratmışıq. Hər gün kifayət qədər sığortaedən öz hesabatını elektron formada təqdim edir. Hazırda bütün ölkə üzrə iri və orta sığortaedənlərdən hesabatlar tam elektron formada təqdim olunur".
"Elektron hökumət" portalının statistikasına əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əhaliyə göstərdiyi elektron xidmətlər qısa müddət ərzində ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Fondun maliyyə-büdcə şöbəsinin sektor müdiri Rüfət Oruclu bildirib ki, əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində də ardıcıl işlər görülür: "Bunlardan biri də elektron hesabat xidməti üzrədir. Elektron hesabat xidmətindən istifadə qaydaları və xüsusi proqram təminatı DSMF-nin sspf.gov.az, www.e-sspf.gov.az saytlarında yerləşdirilib. "Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu" adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb. Bura sığortaedənin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatının tərtibi üzrə proqram təminatından istifadə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin DSMF orqanlarında məcburi dövlət sığortası üzrə rüblük hesabatının tərtibi üzrə proqram tərtibatından istifadə, hesabatları və məlumatları DSMF orqanlarına elektron formada təqdimetmə daxildir".
R.Oruclu əlavə edib ki, hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir: "Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılan "Yardım masaları"nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar. "Yardım masaları"nın fəaliyyətinin genişləndirilməsi ilə bağlı kiçik ödəniş edən sığorta edənlərin elektron hesabatlarının sayının daha da artacağı gözlənilir".
Dövlət Sosial Müdafiə Fondunun əhaliyə təqdim etdiyi electron xidmətlərin sayı 19-a çatdırılıb. Fondun mərkəzi məlumat bazasında 1 milyon 277 min nəfər pensiyaçı və 2 milyon 691 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanılıb. Ötən il ərzində DSMF-nin həm öz saytı, həm də "elektron hökumət portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərindən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb.
DSMF bu ilin əvvəlində "Sığortaolunanın onlayn uçota alınması" adlı elektron xidmətini istifadəyə verib. Bu xidmət vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirmək mümkündür. Belə ki, indiyə qədər ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün sığorta edən (işəgötürən) işçi ilə əmək müqaviləsi bağladığı gündən sonra, sığorta olunanın ərizəsinin tərtibini təşkil etməli və onu müvafiq qaydada təsdiq edərək sənədlər toplusunu siyahı ilə birlikdə, DSMF orqanına şəxsən təqdim etməli idi. Bundan sonra isə hər bir sığortaedən öz ofisindən kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə, sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi imkanına malik olacaq.
Elektron xidmətdən istifadə üçün sığortaedən www.e-gov.az internet ünvanına daxil olur, "Sığortaolunanın onlayn uçota alınması" elektron xidmətini seçir və müvafiq xanaları dolduraraq sorğu edir. Elektron formada göndərilmiş ərizə DSMF orqanı tərəfindən qəbul edilir və bu barədə sığortaedənə elektron təsdiqetmə bildirişi göndərilir. Sığortaedən tərəfindən elektron formada göndərilmiş elektron ərizə formalarına DSMF tərəfindən baxılır. Təqdim edilmiş elektron ərizə formaları yoxlandıqdan sonra sığortaolunan üçün fərdi şəxsi hesab açılır və onun soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, cinsi və sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsi 1 ay ərzində rəsmiləşdirilir.
Azərbaycanın dövlət pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramının əsas vəzifələrindən biridir. DSMF sədri Elman Mehdiyev bildirib ki, "hazırda məsələ ilə bağlı qanunvericiliyin hazırlanması mərhələsindəyik. Bunun üçün beynəlxalq təcrübəni nəzərə almaq və mühüm təcrübəyə malik beynəlxalq ekspertləri dəvət etmək üçün Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində "Tvinninq" layihəsi hazırlanıb. Layihə artıq təsdiq edilib, icraçı təşkilatlar seçilib". Onun sözlərinə görə, həmin ölkələrdən biri Latviya, ikinci tərəfdaş isə Almaniyadır. Bu ölkələrin ekspertləri ilə aparılan ilkin müzakirələr tamamlanıb. Layihənin həyata keçirilməsi dövlət pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının yaradılmasının qanunvericilik əsaslarını formalaşdıracaq.
Bu sahədə hələlik bir çox suallar da var. İlk növbədə istər dövlət pensiya sistemində yığım komponentinin tətbiqi, istərsə də qeyri-dövlət pensiya fondlarının yaradılmasının kənar amillərdən asılılığı mövcuddur. Burada əsas məsələ vətəndaşın fərdi hesabında real toplanan pul vəsaitinin gələcəkdə, uzun müddətdən sonra, onun pensiyaya çıxacağı vaxta qədər bazar təsirləri, inflyasiya risklərindən, maliyyə bazarının mənfi tendensiyalarından qorunmasıdır. Ona görə də qeyd edilən komponentlərin tətbiqi ölkədə maliyyə bazarının inkişafını qabaqlamadan reallaşdırmaq lazımdır.
Məsələ ilə bağlı ikinci mühüm amilin yığım hesabları vasitələrinin hansı mənbə hesabına formalaşmasıdır ki, bir çox ölkələrdə bu, məcburi, digərlərində könüllü yığım komponentləri şəklində tətbiq olunur. Qlobal maliyyə böhranı və Fondun təcrübəsi göstərib ki, bir çox ölkələr məcburi yığım komponentindən imtina edib. Çünki məcburi yığılan vəsaitlər dövlət tərəfindən yerləşdirildikdən sonra, onlar konkret divident gətirilməli olduğu halda, bu, baş verməyib, əksində, sistemdə çökmə baş verib.
İkincisi, Azərbaycan kimi sosial sığorta normativləri aşağı olan dövlətlərdə məcburi hissənin hansı tərkibinin dövriyyədən kənarlaşdırılaraq yığım komponentinə yönləndirilməsi məsələsi həll edilməlidir. Belə ki, sosial sığorta normativlərinin artırılması ilə nə işəgötürən, nə də işçi razılaşır. Bir sözlə, bu sahədə araşdırmalar aparılıb və konkret nəticələr irəli sürülüb. Yekun təkliflər DSMF, Maliyyə Nazirliyi və s. qurumlarla yeni Pensiya İslahatı Konsepsiyasının yeni müddəalarını təşkili edir. Sənəd təsdiq olunandan sonra, ölkədə yığım komponentinin tətbiqi, həm də qeyri-dövlət pensiya fondlarının hansı əsaslarla fəaliyyət göstərəcəyinin aydın elementləri məlum olacaq. Məhz bu əsaslarla da normalara uyğun olaraq "Tvinninq" layihəsi ilə qanunvericilik formalaşdırılacaq.