KİVDF İmişlidə regional konfrans keçirib Hadisə

KİVDF İmişlidə regional konfrans keçirib

Dünən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə İmişlidə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda regional konfrans keçirilib.
Konfransı açıq elan edən İmişli RİH-in başçısı Vilyam Hacıyev əvvəlcə tədbirin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Rayonda gedən abadlıq-quruculuq işləri barədə danışan V.Hacıyev bildirib ki, bu gün İmişlidə abadlıq-quruculuq işləri geniş vüsət alıb: "Rayonumuz illik xərclərini artıq öz büdcəsi hesabına ödəyir və mərkəzi büdcədən dotasiya almır. Məlumat üçün bildirim ki, rayonun büdcəsi 25 milyon manatdan artıqdır".
İcra başçısı təhsil, səhiyyə, mədəniyyət sferalarında əldə olunan uğurlardan da danışıb: "Sənaye, kənd təsərrüfatı sahəsində də böyük nailiyyətlər əldə olunub. İşsizlik problemi demək olar ki, tam həllini tapıb".
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bu formatda konfransın media ilə yerli icra hakimiyyəti orqanları arasında əməkdaşlığın inkişafına böyük töhfə verdiyini qeyd edib: "Bundan öncə də bu qəbildən olan tədbirlər Bakının müxtəlif rayonlarında, regionlarda keçirilib. Əsas nəticə isə odur ki, media ilə yerli icra hakimiyyəti orqanları arasında qarşılıqlı əməkdaşlıq dərinləşir, inkişaf edir".
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da İmişlidə son illərdə dinamik inkişaf müşahidə olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, o, cəmiyyətin həyatında medianın oynadığı rol barədə də iştirakçılara geniş məlumat verib.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə qeyd edib ki, bu gün həyatın hər hansı sahəsini mediasız təsəvvür etmək mümkün deyil.
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə keçirilən bu səpkili tədbirlərin mühüm önəm kəsb etdiyini bildirib.