Müasir tibbin problemləri müzakirə olunub Hadisə

Müasir tibbin problemləri müzakirə olunub

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər" mövzusunda dəyirmi masa keçirilib.
İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı tərəfindən təşkil olunan tədbir üç sessiyada - "Müasir tibb elminin çağırışları və tibb təhsilinin problemləri", "Molekulyar biologiya, biofizika və biotexnologiyanın müasir dövrdə innovasiya və etik problemləri" və "Müasir tibbin aktual məsələləri üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi problemləri" mövzularında aparılıb. Filialın rektoru, professor Əziz Əliyev beynəlxalq humanitar forumun keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu deyib. Yeni yaradılan ali məktəb haqqında məlumat verən Ə. Əliyev bildirib ki, təhsil ocağı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2015-ci ildə yaradılıb. O, V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən 13 Nobel mükafatı laureatçısından 5-nin bu dəyirmi masaya qatıldığını diqqətə çatdırıb.
Kimya üzrə Nobel mükafatı laureatı Ariye Varşel bioloji sistemlər və onların tibb elminə töhfəsi barədə məlumat verib.
ABŞ-ın İllinoys Universitetinin oftalmologiya və vizual elmlər kafedrasının müdiri, professor Mark Rozenblat Azərbaycanın zəngin mədəniyyətini və yüksək qonaqpərvərliyini xüsusi vurğulayıb. O, təhsil sistemindəki problemlərdən, texnologiyanın bu sahədə yaratdığı stresslərdən bəhs edib. Müasir cəmiyyətləri internetsiz təsəvvür etməyin mümkün olmadığını söyləyən alimin sözlərinə görə, internetin biotibdə də rolu böyükdür.
"Proton Partners İnternational" şirkətinin təsisçisi və tibb direktoru, Bukingem Universitetinin Tibb Məktəbinin dekanı Sikora Karol Edvard bu gün bütün biliklərin texnologiya sayəsində sürətlə yayıldığını deyib, onkologiya sahəsində problemlərdən, gələcəkdə ortaya çıxacaq çətinliklərdən danışıb.
Hindistan Səhiyyə Şurasının üzvü Müzəffər Əhməd səhiyyənin durumu, tibb təhsili, bu sahədəki problemləri və çatışmazlıqlar barədə danışıb.
Kimya üzrə Nobel mükafatı laureatları Avraam Herşko və xanım Ada Etil Yonat, fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Rudolf Martin Tsinkernagel beynəlxalq forumun əhəmiyyətindən danışaraq onun qarşılıqlı əlaqələrin inkişafına müsbət təsir edəcəyini vurğulayıblar.