Səlim Müslümov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub Hadisə

Səlim Müslümov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, iqtisad elmləri doktoru, professor Səlim Müslümov Beynəlxalq Mühəndislik Akademiyası Prezidentlər Şurasının qərarı ilə Akademiyanın "Mühəndislik Rəşadəti" qızıl medalı ilə təltif olunub.
Mükafatın təqdim olunması zamanı Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti Əhəd Canəhmədov iqtisad elmləri doktoru, professor Səlim Müslümovun iqtisad elminin inkişafında xidmətlərindən söz açıb. Əhəd Canəhmədov Səlim Müslümovun bir elm xadimi olmaqla yanaşı, eyni zamanda elmi yanaşmaların praktik müstəvidə tətbiqi yönündə gördüyü məqsədyönlü işlər diqqətə çatdırıb. O bu işlərin sosial-iqtisadi sistemlərin səmərəliliyinin artırılmasında, əmək və sosial müdafiə sistemində mütərəqqi islahatların aparılmasında əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurası iqtisad elmləri doktoru, professor Səlim Müslümovun elmin inkişafında davamlı və səmərəli fəaliyyətinə, əhalinin sosial müdafiəsi sahəsində mütərəqqi beynəlxalq normalara uyğun idarəetmə strukturlarının və pensiya sisteminin formalaşdırılmasında aktiv iştirakına, habelə 55 illik yubileyinə görə Akademiyanın "Mühəndislik Rəşadəti" qızıl medalı ilə təltif olunmasına dair qərar qəbul edib.
Səlim Müslümov göstərilən yüksək diqqətə görə Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasına minnətdarlığını bildirib, bundan sonra da ölkəmizin tərəqqisi prosesində fəal iştirak etmək əzmində olduğunu vurğulayıb.
1992-ci ildə təşkil olunan, mərkəzi ofisi Moskva şəhərində yerləşən Beynəlxalq Mühəndislik Akademiyası müstəqil elmi-texniki təşkilat kimi beynəlxalq səviyyədə elmi-texniki inkişafa, intellektual potensialın artırılmasına və iqtisadiyyatda tətbiqinə dəstək verir. Akademiyanın tərkibində ayrı-ayrı dövlətlərin prezident və hökumət başçıları, görkəmli alimlər, ictimai xadimlər, böyük elmi və sənaye qurumlarının rəhbərləri əhatə olunub. 2005-ci ildə yaradılan Azərbaycan Mühəndislik Akademiyası ilə Beynəlxalq Mühəndislik Akademiyası arasında fəal əməkdaşlıq həyata keçirilir.
Bundan əvvəl, 2016-cı ilin iyun ayında isə Səlim Müslümov Beynəlxalq Mühəndislik Akademiyası Prezidentlər Şurasının qərarı ilə Akademiyanın həqiqi üzvü seçilib.