CASCFEN 22-ci ilinə yeni planlarla qədəm qoyur Hadisə

CASCFEN 22-ci ilinə yeni planlarla qədəm qoyur

Nadir Azəri: Yaxın müddətdə əsas hədəflərimzdən biri də yaşlı nəslin, ağsaqqalların təmsil olunduğu Məşvərət Məclisini formalaşdırmaq olacaq

“Bu günlər bütün türk dünyası gözəl və qədim bayramlardan biri olan Novruzu qeyd edir. Novruz bizim – “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) üzvləri üçün isə ikiqat bayramdır. Çünki öz fəaliyyəti ilə həm Azərbaycanda, həm də türk dünyasında fərqlənən təşkilatlardan biri olan CASCFEN 21 il öncə məhz Novruz günlərində təsis edilib”.

Bunu CASCFEN sədri, Əməkdar jurnalist, BAYRAQDAR MEDİA-nın baş redaktor müavini, Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının katibi Nadir Azəri deyib.

O, bildirib ki, CASCFEN 2003-cü ilin 18-20 mart günlərində Bakı şəhərində keçirilən regional konfransın sonunda təsis edilib: “Bildiyiniz kimi, təşkilatın təşəbbüsçüsü və qurucusu həmin dövrdə Azərbaycan Jurnalistlər Konfederasiyasının baş katibi və Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsinin direktoru olan Azər Həsrət olmuşdur. CASCFEN həmin dövrdə beynəlxalq aləmdə bir sıra uğurlara imza atmış, media ilə bağlı nüfuzlu beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq etmişdir. Qurulduqdan bir il sonra - 2004-cü ildə CASCFEN nüfuzlu beynəlxalq mükafat olan “Azad Media Öncülü” (Free Media Pioneer) təltifinə layiq görülmüşdür. 2010-cu ildən sonra isə təşkilatın fəaliyyətində yeni yanaşma sərgilənmişdir. CASCFEN-in işinin daha səmərəli qurulması üçün yenidən təsis edilməsi qərara alınmış və o, Azərbaycan qanunlarına uyğun olaraq 7 iyun 2012-ci il tarixində yenidən qurulmuşdur. Bundan sonra təşkilat 29 iyun 2012-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır”.

Açıqlamasında 2017-ci ilin aprelindən CASCFEN-ə sədrlik etdiyini də xatırladan Nadir Azəri deyib: “Mən yuxarıda bildirdim ki, təşkilat Azər Həsrətin təşəbbüsü ilə qurulub. Onu da xüsusi vurğulayım ki, 2003-cü ilin 20 mart tarixindən 2017-ci ilin aprelinə qədər Azər Həsrət CASCFEN-ə sədrlik edib. Həmin tarixdən bu günə qədər isə bu təşkilata sədrliyi mən edirəm. Yəni bəzən dostlar, ölkədəki və xaricdəki tərəfdaşlar yanlış olaraq belə bir qənaətə gəlirlər ki, CASCFEN yenə də Azər Həsrətin sədrliyi altındadır. Halbuki bu, qətiyyən belə deyil.

Əslində Azər Həsrət özü dəfələrlə bu məsələyə aydınlıq gətirib. Lakin hesab edirəm ki, bu açıqlamamda mən də ilk və son dəfə bu məsələyə aydınlıq gətirsəm yaxşı olar. Azər Həsrət bəzilərindən fərqli olaraq əvvəllər rəhbərlik etdiyi, sonra isə könüllü olaraq rəhbərliyindən çəkildiyi təşkilatlara hər hansı təsir etmək, bəzilərinin təbirincə desək, o təşkilatı nəzarəti atında saxlamaq fikrində olacaq bir şəxs deyil. Mən sədrliyə seçilən ilk gündən onun bir sözü olub “hə, dostum, bundan sonra CASCFEN sənə və yeni komandaya əmanətdir”.

Yəni dediyim odur ki, 2017-ci ildən etibarən Azər Həsrət də digər tanınmış, türk dünyasına dair fəaliyyətləri ilə müsbət mənada fərqlənən dostlarımız kimi sadəcə lazım olanda bizə dost məsləhəti verir. Dost məsləhətindən söz düşmüşkən, yeni dönəmdə bununla bağlı xüsusi bir fəaliyyət reallaşdırmaq niyyətindəyik”.

N.Azəri bildirib ki, qarşıdakı qısa zaman ərzində CASCFEN sədrinin yanında Məşvərət Məclisi formalaşdırmaq niyyətindədirlər: “Azərbaycanın və digər türk dövlətlərinin ziyalıları, ictimai-siyasi xadimləri, millət vəkilləri, o cümlədən iş adamlarının daxil olacağı Məşvərət Məclisi bizə türk dünyası ilə bağlı fəaliyyətlərimizdə məsləhətlər verəcək, lazım olanda təkliflərlə çıxış edəcək. Artıq millət vəkili Vüqar İskəndərov, Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz, UNEC Türk Dünyası İqtisad Fakültəsinin dekanı Prof. Dr. Mehmet Yüce, iş adamı, türk dünyası sevdalısı Fikrət Əliyev Məşvərət Məclisində təmsil olunmağa razılıq verib.

Hazırda digər türk dövlətlərindən də təmsilçilərin Məşvərət Məclisində təmsil olunması istiqamətində fəaliyyətimiz davam edir. Bundan başqa, yaxın müddət ərzində Orta Asiyadan olan bəzi QHT-lərlə yeni əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulub”.