“Türklərə qarşı soyqırımı və erməni terroru” Hadisə

“Türklərə qarşı soyqırımı və erməni terroru”

Ərzurum Atatürk Universitetində fotosərgi keçirilib

Türkiyənin Ərzurum Atatürk Universitetində "Türklərə qarşı soyqırımı və erməni terroru" mövzusunda fotosərgi keçirilib.
APA-nın "AzərTAc"a istinadən verdiyi xəbərə görə, Universitetin "Türk-erməni əlaqələri" Araşdırma Mərkəzi tərəfindən hazırlanmış sərgidə erməni millətçilərinin türk-müsəlman əhaliyə qarşı törətdikləri ağır cinayətləri dünya birliyinin diqqətinə çatdırmaq məqsədilə 230 tarixi fotoşəkil nümayiş etdirilib.
Bu fotolar Birinci dünya müharibəsi dövründə müxtəlif millətləri təmsil edən fotoqraflar tərəfindən çəkilib.
İştirakçılara məlumat verilib ki, Osmanlı dövləti dövründən üzü bəri Türkiyədə hər zaman ermənilərə qarşı humanizm siyasəti yürüdülüb. Lakin Birinci Dünya müharibəsində Türkiyə erməniləri xarici ölkələrdəki erməni milli təşkilatlarının təhriki və Osmanlı ərazisində maraqları olan böyük dövlətlərin dəstəyi ilə silahlı qiyamlar qaldırıb, faktiki olaraq yaşadıqları ölkəyə qarşı separatçılıq nümayiş etdiriblər. Silahlı erməni dəstələri Osmanlı dövləti ilə müharibə aparan bütün tərəflərə yardım edib, ölkə daxilində dinc müsəlman əhaliyə qarşı soyqırımı aktları törədiblər. Bundan əlavə, XX əsrdə erməni terror təşkilatları qırx nəfərdən artıq Türkiyə diplomatına qarşı terror aktı törədiblər.
Qeyd olunub ki, Türkiyə arxivlərində ermənilərin separatçı hərbi cinayətkar əməllərini təsdiq edən sənəd və fotoların sayı on minlərlədir.