Fondun Müşahidə Şurasının növbəti iclası keçirilib Hadisə

Fondun Müşahidə Şurasının növbəti iclası keçirilib

Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib:
1. Fondun 2016-cı ilin yekunlarına həsr olunmuş hesabatının müzakirəsi və təsdiqi;
2. Fondun 2017-ci il üçün Tədbirlər Planının təsdiqi;
3. Fondun Novruz bayramı münasibətilə keçirəcəyi fərdi jurnalist yazıları müsabiqəsinin elanının müzakirəsi və təsdiqi;
4. Fondun jurnalist təşkilatları üçün elan etdiyi "Azərbaycanın media məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzularında müsabiqənin elanının müzakirəsi və təsdiqi;
5. Fondun 2017-ci il üçün ekspertlərinin tərkibinin təsdiqi;
6. Cari məsələlər.
Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdəki birinci məsələ barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İclasda hesabat məruzəsi ilə çıxış edən icraçı direktor 2016-cı ildə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş hadisələrin diqqət mərkəzində saxlanıldığını bildirib. Vüqar Səfərli mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması, eləcə də digər istiqamətlərdə həyata keçirilən çoxsaylı layihələr barədə məlumat verib.
Sonra hesabat ətrafında müzakirələr aparılıb. Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən - Vüqar Əliyev, Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Rəşad Məcid, Müşfiq Ələsgərli və İntiqam Hümbətov çıxış edərək Fondun 2016-cı ildəki fəaliyyətini qənaətbəxş dəyərləndiriblər və hesabat yekdilliklə qəbul edilib.
İclasda ikinci məsələ kimi Fondun 2017-ci il üçün Tədbirlər Planı müzakirə olunub. 2017-ci ilin respublikamızda "İslam Həmrəyliyi ili" elan olunduğunu, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini deyən Vüqar Səfərli hazırlanmış Tədbirlər Planında bütün bunların nəzərə alındığını vurğulayıb. Tədbirlər Planı Müşahidə Şurasının üzvləri tərəfindən müsbət dəyərləndirilərək təsdiq edilib.
Gündəliyə müvafiq olaraq iclasda, həmçinin, Fondun Novruz bayramı münasibətilə keçirəcəyi fərdi jurnalist yazıları müsabiqəsinin elanı müzakirə olunub. Müzakirələrin sonunda növbəti müsabiqənin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 15 istiqamət üzrə, yanvarın 25-dən martın 7-dək keçirilməsi qərara alınıb.
Müşahidə Şurasının iclasında növbəti məsələ kimi Fondun jurnalist təşkilatları üçün elan etdiyi "Azərbaycanın media məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzularında müsabiqənin elanı müzakirə edilərək təsdiqlənib. Müsabiqənin yanvarın 25-dən fevralın 24-dək keçirilməsinə qərar verilib.
İclasda, həmçinin Fondun 2017-ci il üçün ekspertlərinin siyahısı müzakirə olunaraq təsdiq edilib.
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun qarşıdakı fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.