Prezident Ağdaşda olub Hadisə

Prezident Ağdaşda olub

İlham Əliyev Ağdaşda bir sıra obyektlərin açılışında iştirak edib.
Ağdaşda səfərdə olan prezident İlham Əliyev Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının yerli rayon təşkilatının inzibati binalarının açılışında iştirak edib.
APA-nın xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, ikimərtəbəli, 17 otaqlı binanın inşasına 2012-ci ilin avqust ayında başlanılıb. Dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.
Dövlət başçısına məlumat verilib ki, rayon sakinləri Rayon İcra Hakimiyyətinin binasına gəlmədən kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər.
Dövlət başçısı rayonda Heydər Əliyev Mərkəzinin və bir sıra digər obyektlərin, eləcə də Gilan yem emalı zavodunun açılışında iştirak edib. "APA-Economics"in məlumatına görə, regionda iri layihələrdən olan bu müəssisə Ağdaş rayonunun Binələr kəndi ərazisində 8 hektar ərazidə tikilib. Zavod quşçuluq və maldarlıq təsərrüfatları üçün yem istehsalı və digər köməkçi sahələrdən ibarətdir.
Prezident İlham Əliyev müəssisədə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, quşçuluq və maldarlıq təsərrüfatları üçün yem istehsalı sahəsi tanınmış xarici şirkətlərin texnologiyası və avadanlığı əsasında qurulub. Layihənin icrası nəticəsində 105 yeni iş yeri yaradılıb. Dövlət başçısı görülən işlərdən razılığını bildirib.