“Biz münaqişələrin həlli ilə bağlı istənilən xalq diplomatiyası təşəbbüsünü dəstəkləyirik“. Hadisə

“Biz münaqişələrin həlli ilə bağlı istənilən xalq diplomatiyası təşəbbüsünü dəstəkləyirik“.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Ermənistan-Azərbaycan Sülh Platformasının münaqişənin həllinə verə biləcəyi töhfə ilə bağlı suala cavabında deyib.
M. Zaxarova bildirib ki, münaqişə tərəflərinin ictimai dairələrində hər kəs tərəfindən qəbul ediləcək kompromis qərarın sülh yolu ilə axtarışına alternativin olmadığını aşılamaq lazımdır: "İstənilən təşəbbüs ilk növbədə buna yönəlməlidir. Biz bu konkret missiyanın qarşısına qoyulan istənilən təşəbbüsü dəstəkləyirik".
"Dağlıq Qarabağ münaqişəsi ilk növbədə Azərbaycan və Ermənistanın təhlükəsizliyi, stabilliyi və gələcək inkişafına təhdididir"-deyən Zaxarova ABŞ-ın yeni dövlət katibi Teks Tillersonun bu vəzifəyə seçilməsi üçün keçirilən dinləmələr zamanı Dağlıq Qarabağ münaqişəsinin ABŞ-ın da milli təhlükəsizlik maraqlarına təhdid olması ilə bağlı çıxışına cavab olaraq bildirib. O, ABŞ-ın mövqeyini şərh etmədiyini və bu ölkənin təhlükəsizliyinə olan təhdidləri özünün müəyyənləşdirdiyini bildirib.
Mariya Zaxarova bloqger Aleksandr Lapşinin Belarus tərəfindən Azərbaycana təhvil veriləcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib: "Rusiya vətəndaşının 3-cü ölkəyə verilməsi qəbuledilməzdir. Biz bu məsələ ilə bağlı Belarus XİN və müvafiq orqanlarla kontaktdayıq".