Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi

Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi Hadisə

Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi

"Mən bura gələndən sonra öyrəndim ki, əsl bakılı necə olur. Əgər bakılı camaat arasında bir işi görəcəyinə söz verirsə, nə olur-olsun o, verdiyi sözə əməl edir. Mən də bakılılara söz vermişəm, sözümün üstündə dayanacam. Bakıya keyfiyyətli bulaq suyu verəcəyəm. Əleyhimə çıxanlara isə deyirəm: elə düşünməyin ki, mən sizə görə işləyirəm. Xeyr, mən şor su içən kasıb bakılılara keyfiyyətli su vermək istəyirəm".
Bu tarixi sözlər bu il 100 yaşı tamam olan Bakı-Şollar su kəmərinin memarı, ingilis mühəndis Vilyam Lindleylə məxsusdur. Maraqlıdır, bəs, Lindleyin əleyhdarları kimlər idi? Bakı-Şollar su kəmərinin çəkilişinə kimlər və nədən mane olmaq istəyirdilər? İngilis mühəndis bu maneələri necə dəf edib Şahdağ suyunu Bakıya gətirməyə müvəffəq oldu? Bu barədə bir qədər sonra.
Hələliksə gəlin, XX əsrin əvvəllərində Avropada ən uzun su kəməri olan Şollar-Bakı su kəmərinin çəkildiyi dövrdə paytaxtımızdakı vəziyyət, eləcə də o dövrdə su təminatı sahəsindəki problemlərlə tanış olaq.
XIX əsrin ikinci yarısından başlayaraq, Bakıda əhalinin sayı sürətlə artmağa başlayır. 1859-cu ildə Şamaxı zəlzələsindən sonra qəza mərkəzi Bakıya köçürülür. O zaman buradakı hərbi qarnizon da daxil olmaqla Bakının cəmi 7000 nəfər əhalisi vardı. Neft sənayesinin sürətlə inkişafı ilə əlaqədar olaraq XX əsrin əvvəllərində Bakının əhalisi artıq 200 min nəfərə çatmışdı. Əhalinin artması ilə içməli su qıtlığı artıq özünü kəskin şəkildə göstərirdi.
Tarixçi alim Vahid Xanəliyevin sözlərinə görə, 1870-ci illərə qədər İçərişəhəri təmin edən 3 su xətti vardı: "XV əsrdə tikilən Şahsu kəməri, Məmmədqulu xan və Hüseynqulu xan su kəmərləri. Bundan əlavə, şəhərdə 600-ə qədər quyu vardı, amma quyuların çoxundan şor su çıxırdı, bəziləri isə diqqətsizlikdən tez sıradan çıxdırdı. Bakıda tez-tez yoluxucu xəstəliklər baş verirdi ki, bu da çoxlu can alırdı".
O zaman "Artur Kappel" su şirinləşdirici şirkətinin sutkada 90 min vedrə su təmizləməsi də problemi həll edə bilmir. Çünki bu su əhaliyə tam verilmirdi. Bakıya gələn suyun 70 faizi neft emalına sərf olunurdu.
Tarixçi alim Solmaz Tohidi bildirir ki, həmin illərdə Bakıya Kür və Volqa çaylarından da gəmilərlə su daşınırdı. Bu məqsədlə erməni sahibkar Saruxanov tərəfindən "Kür suyu" adlı şirkət də yaradılmışdı. Volqa çayından gətirilən suyun vedrəsi rəsmən 2 qəpik idi. Bu yoxsul bakılılar üçün böyük məbləğ idi. O zaman şəhərə verilən içməli suyun həcmi sutkada 200 min vedrədən artıq deyildi. Başqa sözlə, adambaşına cəmi 1,3 vedrə və ya təqribən 16 litr su düşürdü".
1892-ci ildə Bakıda su qıtlığının yaratdığı problemlər son həddə çatır. Belə ki, şəhərdə vəba epidemiyası yayılır. Quyuların suyundan istifadə qadağan olunur. Hətta bəzi quyular məcburi şəkildə torpaqla doldurulur. Yalnız bundan sonra Şəhər Dumasında içməli su məsələsini həll etmək barədə ciddi düşünməyə başlayırlar.
Dumanın 1879-сu il yanvarın 11-də keçirilən iclasında H.Z. Tağıyev şəhər idarəsinə su mənbələrinin axtarışı üçün şəxsi vəsaitindən 1000 rubl ayırır. Qərara alınır ki, bu vəsait hesabına şəhər idarəsinin işçiləri beynəlxalq tədbirlərə göndərilsin və tanınmış mütəxəssislərlə görüşüb müzakirələr aparsınlar. 1899-cu ildə Odessada Su təchizatı və hidravliklərin beynəlxalq qurultayı keçirilir. Qurultayda Bakını şəhər idarəsinin üzvü Smolenski ingilis mühəndis Vilyam Lindleylə görüşür. Bundan sonra Duma üzvləri ona məktub göndərir və Lindleyi Bakıya dəvət edirlər.
Qeyd edək ki, dünya mühəndislik elminə bir çox töhfələr vermiş məşhur Lindleylər sülaləsinin nümayəndəsi Vilyam Harleyn Lindley 1853-cü ildə anadan olub. London mülki mühəndislər institutunda təhsil almış Lindley atası ilə birlikdə Avstriya-Macarıstan, Rumıniya, Almaniya, Hollandiya, İtaliya, Polşa və Rusiyada işləyib. Ata və oğul Lindleylər Avropanın 35 şəhərinin içməli su və kanalizasiya sistemlərinin layihəsini hazırlayıb və tikintisinə rəhbərlik ediblər.
Lindley cavab məktubunda təklifə su mənbəyini özü seçmək şərti ilə razı olduğunu bildirir və 1899-cu ilin oktyabrında Bakıya gəlir.
Bakıya gəlişinin ilk günlərində Lindley Şəhər İdarəsinin üzvləri ilə görüşüb müzakirələr aparır, daha sonra Quba qəzasına yola düşür. Quba qəzasında bol sulu çaylar və bulaqlar ingilis mühəndisin diqqətindən yayınmır.
Tarixçi alim Vahid Xanəliyev deyir ki, Şollar ərazisində axtarışlar zamanı Lindley ayağını yerə vuraraq, buradan dənizə yeraltı çay axdığını deyir: "Lindley bu çayın suyunun Bakıya qədər öz axımı ilə gedib çıxa biləcəyini bildirir və Bakıya gələndən sonra ən sərfəli variant kimi suyun Şollardan çəkilməsini seçir.
Lakin Su Komissiyasının sədri Antonov Lindleyin Bakıya Samur çayının yox, yeraltı suların gətirilməsi təklifinə etiraz edir: "Bakıya su ya Kür, ya da Samur çayından gətirilməlidir. Şəhərə su lazımdır və həm də tez biz zamanda. Cənab Lindley, biz sizi bura bu 2 layihədən birini seçmək ücün dəvət etmişik".
Lindley isə əgər komissiya onun təklifini qəbul etməsə, birgə işin alınmayacağını bildirir.
Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi Fərhad Cabbarovun sözlərinə görə, o zaman Şollar kəmərinə qarşı ciddi müxalifət yaranır: "Xüsusilə erməni deputatlar canfəşanlıq edirlər. Çünki o zaman Zağulba kəmərinin sahibi erməni əsilli Ambarsum Melikov idi. O, çox təkid edirdi ki, şəhər idarəsi məhz onunla müqavilə bağlasın. Duma üzvləri su məsələsinə münasibətdə 2 hissəyə bölünmüşdü. Azərbaycanlı qlasnılar şəhərin inkişafını və kasıb əhalinin vəziyyətini düşünür, erməni və rus deputatlarını isə məsələnin biznes tərəfi maraqlandırırdı".
O zaman Adamyan-Babayan qardaşları və şəhərə su daşıyıb satan Saruxanyan küllü miqdarda xeyir götürürdülər və kəmərin çəkilməsinə qarşı idilər. Ermənilər "su kəməri çəkilsə, torpaqlarınız məhv olacaq" deyə Quba-Xaçmaz bəylərini aldadır, onları bu kəmərin çəkilməsinə qarşı çıxmağa səsləyirdilər.
Nəhayət, 1902-ci ildə Aleksandr Novikov şəhərə yeni başçı təyin edilir. O, erməni əsilli Antonovu Su Komissiyasının sədri vəzifəsindən kənarlaşdırır və rəhbərliyi öz üzərinə götürür. Novikov Bakının su təchizatı məsələsinə həsr olunmuş xüsusi iclas çağırır. Lindleyin də iştirak etdiyi iclasda bəzi xristisan Duma üzvləri Bakıya Kürdən və ya Samurdan suyun çəkilməsinin daha sərfəli olduğunu deyir, Lindleyin təkliflərinin əleyhinə çıxırlar. Lakin Lindley prinsipiallıq göstərərək tutduğu yoldan geri dönməyəcəyini bəyan edir.
Beləliklə, yeni şəhər rəhbərliyinin, eləcə də müsəlman qlasnılar Tağıyev, Topçubaşov, Əsribəyov və digərlərinin səyi nəticəsində Duma yeraltı suların axtarışına və Şollardan su kəmərinin çəkilməsi, həmçinin Bakı şəhərində şəbəkənin yaradılması layihəsini hazırlanması üçün vəsait ayrılmasına qərar verir.
Duma Şollar ərazisində yeraltı suların tədqiqi məsələsini təsdiqləsə də, ayrılmış vəsaitin azlığı, Şəhər məmurları arasındakı ziddiyyət və mübahisələr bir müddər işlərə başlamağa imkan vermir. Lindleyin komandasına Bakı şəhərinin əksər idarələrində soyuq münasibət göstərilir, onun işçilərinə lazım olan məlumat və materialları vermirdilər.
Sonralar Lindley Varşavadan Su Komissiyasına yazdığı məktublarında bütün bunları ürək ağrısıyla qeyd edir: "Su Komissiyasında oturan, mühəndislikdən xəbəri olmayan, kimlərinsə marağına görə başladığımız işə badalaq vurur, bizə mane olurlar. Onlar mənim birinci iş planıma düzəlişlər ediblər, texniki işçilərə məhdudiyyət qoyulub, qazma işlərinin aparılmasına icazə verilməyib".
Belə olanda Lindley komandası ilə birlikdə Bakıdan gedir. 3 il ərzində şəhər rəhbərliyi ilə Lindley arasınsda ardı-arası kəsilməyən yazışmalar aparılsa da, müsbət nəticə əldə olunmur. "Kaspi" qəzetinin 6 iyun 1907-ci il tarixli buraxılışında dərc olunan yazıda bildirilir ki, nəhayət, şəhər İdarəsinin xahişi ilə Duma üzvlərindən biri Almaniyaya gedir. Məqalədə adı açıqlanmayan Duma üzvünün milyonçu Mirzə Şəmsi oğlu Əsədullayev olduğu bildirilir. Berlin parklarının birində Lindleylə görüşən Əsədullayev Şəhər rəhbərliyi adından ondan geri dönməyi xahiş edir.
1907-ci ildə Lindley yenidən Bakıya gəlir. Bu dəfə şəhər rəhbərliyi, xüsusən yeni başçı Rayevskidən, Quba qəzasının yerli məmurlarından hər cür dəstək görən Lindley komandası ilə birlikdə müqavilədə nəzərdə tutulan bütün işləri maneəsiz yerinə yetirə bilir. 1909-cu ilin martında Tiflisdə keçirilən hidravliklərin qurultayında Lindley Şollar layihəsini təqdim edir və layihə qurultay tərəfindən təsdiqlənir.
1909-cu ilin mayında Şəhər Duması və Geoloji Komitənin birgə iclasında layihənin bütün detalları bir daha müzakirə olunur və Şollardan suyun çəkilməsi haqqında qərar qəbul edilir. Qərara əsasən, kəmərin tikintisi və lazımi infrastrukturun yaradılması üçün Şəhər İdarəsinə 23,5 milyon rubl məbləğində istiqraz buraxmaq həvalə olunur. Bu məqsədlə Şəhər rəhbəri Rayevski Peterburqa gedir, burda hökumət üzvləri ilə görüşür və istiqrazın buraxılmasına razılıq alır. Rusiya imperatopu 2-ci Nikolayın 6 oktyabr 1909-cu il tarixli fərmanına əsasən Bakı Şəhərinə illik 5 % olmaqla, 49 il müddətinə, 27 milyon rubldan çox olmamaq şərtilə istiqraz buraxılmasına icazə verilir.
1910-cu ilin iyul ayından oktyabr ayına kimi Şollar -Bakı su kəməri üzrə son hesablamalar başa çatdırılır. Bütün ölçmələr, hesablamar və çertyoj işləri 1911-ci il martın 1-də kəmərin sahələr üzrə iş bölgüsü isə may ayında tamamlanır və tikintiyə başlanılır.
Nəhayət, 1917-ci il yanvarın 22-də Lindley əlində saat, Şollar suyunun ilk şırnağının şəhərə gəlişini gözləyirdi. Və su düz müəyyən olunmuş vaxtda 187 kilometrlik məsafəni 63 saata qət edərək Bakıya daxil oldu. Həmin il fevralın 18-i isə tarixə Bakı-Şollar su kəmərinin açılışı günü kimi düşdü. Çənlərin dolması, yuyulması bir aydan artıq vaxt apardı və 1917-ci il mart ayının 1-dən Bakı-Şollar su kəmərinin istismarına başlandı.
Lindleyin hədsiz xidmətləri müqabilində minnətdarlıq əlaməti olaraq, Duma Duma ser Vilyam Harleyn Lindleyi Bakının fəxri vətəndaşı seçdiş, Birja küçəsinin adının dəyişdirilərək Lindley küçəsi adlandırılması barədə sərəncam verdi. Bakıda Şollar suyunun istismara verilməsindən 9 ay sonra Vilyam Harleyn Lindley Londonda ürək xəstəliyindən vəfat etdi.
"Azərsu" ASC-dən aldığımız məlumata görə, 100 illik istismarı dövründə su kəmərində hər hansı ciddi qəza baş verməyib: "Çünki digər xətlərdən fərqli olaraq, bu kəmərin əsas hissəsi torpağın altı ilə çəkilib. Üstəlik "Bakı-Şollar" xətti dəmir materialdan deyil, bərk gildən hazırlanıb".
1930-cu illərdə əlavə quyuların qazılması nəticəsində kəmərin gücü sutkada 109 min kubmetrə çatdırılıb. 1938-1953-cü illərdə Xaçmazın yeraltı su mənbələri hesabına elə əvvəlki kəmərlə yan-yana Bakıya ikinci Şollar su xətti çəkilib. Layihə üzrə kəmərin gücü sutkada 228 min kubmetr olub. Hazırda isə ümumi uzunluğu 175 kilometr olan bu kəmər vasitəsilə Bakıya gün ərzində 235 min kubmetr "Şollar" suyu gəlir.

İlhamə Xankişiyeva
Yazı "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.