Tiflisdə media seminarı keçirilir Hadisə

Tiflisdə media seminarı keçirilir

Gürcüstanın paytaxtı Tiflisdə Cənubi Qafqazda torpaqların deqradasiyasının neytrallaşması üzrə media seminarı keçirilir.
Cənubi Qafqaz üzrə Regional Ətraf Mühit Mərkəzi (RES CAUCASUS), Beynəlxalq Əməkdaşlıq üzrə Alman Mərkəzi (GİZ) tərəfindən təşkil olunan seminarda Azərbaycan, Gürcüstan və Ermənistandan olan jurnalistlər iştirak edir.
Gürcüstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Yekaterine Qriqalava torpaqların deqradasiyasının qarşısının alınmasının əhəmiyyətindən və KİV-in bu sahədə rolundan danışıb.
Almaniyanın Gürcüstandakı səfiri Daniel Hass isə bildirib ki, seminarın əsas məqsədi Cənubi Qafqazda deqradasiyaya uğramış torpaqlarla bağlı informasiya mübadiləsi aparmaq və ictimaiyyəti məlumatlandırmaqdır: "Harada torpaqların deqradasiyası varsa, orada iqlim dəyişikliyi və biomüxtəlifliyin itirilməsi var. Təəssüf ki, indi bu problemə lazımi diqqət yetirilmir".
GİZ-in proqram direktoru Hans Joahim Lipp isə qeyd edib ki, ətraf mühitin mühafizə olunmasında KİV-in rolu olduqca mühümdür, çünki KİV təbliğat və maariflənmə işində kömək edir: "Birinci növbədə fikirləşməliyik ki, gələcək nəsillər üçün təbiəti necə qoruyaq. Təbiəti, ətraf mühiti qorumaq həm sağlamlığımız, həm də bir növ sığortamızdır. Biz bu sahədə bir-birimizə dəstək olub təbiətin qorunmasında mühüm addımlar atmalıyıq. İnanıram ki, bu günlər ərzində müzakirə edəcəyimiz məsələlər bu sahəyə öz töhfəsini vermiş olacaq".