“Məqsəd dövlət qulluğuna qəbulu şəffaflıq əsasında aparmaqdır” Hadisə

“Məqsəd dövlət qulluğuna qəbulu şəffaflıq əsasında aparmaqdır”

Dünən Dövlət İmtahan Mərkəzi tərəfindən Gəncə şəhərində yerləşən ali təhsil müəssisələrində təhsil alan bakalavr və magistrlərin, həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbərləri və əməkdaşlarının iştirakı ilə "Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti" mövzusunda tədbir keçirilib. DİM-dən verilən xəbərə görə tədbir Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 11 aprel 2017-ci il tarixli 44 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı"na əsasən təşkil edilib.
Tədbirdə mərkəzin sədri Məleykə Abbaszadə dövlət qulluğu sahəsində dövlət siyasətinin artıq DİM tərəfindən həyata keçirildiyini bildirib. O qeyd edib ki, mərkəzin üzərinə düşən əsas fəaliyyətlərindən biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarətdir. Dövlət qulluqçularının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məsələsinin daim dövlət rəhbərliyinin diqqətində olduğunu vurğulayan sədr bildirib ki, dövlət orqanlarında çalışanların əmək haqqı sistemi rəqabət qabiliyyətlidir və bununla yanaşı, dövlət qulluqçularının mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən onlara güzəştli ipoteka əldə etmək hüququ verilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar nəticəsində dövlət qulluğuna qəbulda Azərbaycan modelinin yaradıldığını qeyd edən mərkəzin sədr müavini Bəhram Xəlilov modelin artıq beynəlxalq səviyyədə tanındığını bildirib. O, modelin Avropa və Asiya məkanında çox böyük maraqla qarşılandığını və bir sıra ölkələrin dövlət qulluğu siyasətini həyata keçirən qurumlarının dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və öz ölkələrində tətbiq etmək məqsədilə ölkədə olduqlarını iştirakçıların diqqətinə çatdırıb.