Reketlərə stimul verənlər... Hadisə

Reketlərə stimul verənlər...

Arzu Şirinova

Son günlər bəzi həmkarlarım reket jurnalistlərdən, reket saytlardan, reket portallardan yazırlar və onların əməllərini pisləyirlər. Mən də onlarla şərikəm. Ancaq bir məsələ var ki, həmin "jurnalistlərə" pul verib dilənçiliyə öyrədən bəzi vəzifə sahibləridir. Həmin saytlara və portallara para xərcləyənlər də eynilə nəzərdə tutduğum vəzifəlilərdi...
...Mən eşitdiklərimi deyil, şahidi olduqlarımı sadalayım, siz də nəticə çıxarın. Heçə illər parlament müxbiri kimi fəaliyyət göstərmişəm. Həm də sayılıb-seçilən və tirajı yüksək olan "7 gün" qəzetində. İndi bilmirəm necədi, ancaq həmin illər parlamentdə çalışdığı mətbu orqan üçün yazı hazırlayan və bu yazıları maraqla oxunan jurnalistlər bir sırada oturar, parlamentə öz maraqlarını və yaxud çalışdıqları mətbu orqanların maraqlarını təmin eləmək xatirinə, yəni para dilənməyə (bu fikirlərimə görə kimsə məni qınamasın, çünki bu, həqiqətdir-A.Ş.) gələn jurnalistlər başqa sırada. Bəzən olurdu ki, 5-10 dəqiqəlik olsa da bizimlə yanaşı otururdular, ancaq tez də yerlərini dəyişərdilər. Çünki bizim söhbətlərimiz-qanun layihələrinin şərhini hansı deputatdan öyrənə bilərik, ötən parlament iclasındakı yazılarımıza tənqidi yanaşmamız, günün mövzusu ilə bağlı götürəcəyimiz müsahibənin müsahibinin kimliyini götür-qoy etmək və verəcəyimiz sualların müəyyənləşdirilməsi və nəhayət, səssizliyə riayət edərək həmin gün Milli Məclisdə baş verənləri, qəbul olunan qanun layihələrindən yazı hazırlamaq-onların canını sıxardı. Hahar fasiləsində isə, bizlər öyrəndiyimiz informasiyanı millət vəkilləri ilə dəqiqləşdirərkən, fürsət varkən müsahibə almaq və iki saatı belə boş keçirmədən yazacağımız yazının qaralamasını hazırlayərkən, həmin reketləri (onların adları hər birimizə bəllidir, hətta dünyalarını dəyişənlər də var-A.Ş.) o vaxtlar ikinci mərtəbədə foyedə yerləşən çayxanada, ya da yeməkxanada deputatlarla birgə görərdik. Bu reketlərə cibxərcliyi verən, onları xarici ölkələrə istirahətə göndərən, qəzet və jurnal açan (həmin vaxt sayt və portallar dəbdə deyildi-A.Ş.) deputatlar sonradan elə həmin reketlərin əsirinə çevrilirdilər. Vay o gündən ki, pullarını gecikdirərdilər, pulu bütün dəyərlərdən üstün bilən reketlər anındaca bu günə kimi para aldıqları deputatları və yaxud vəzifəliləri başqalarıyla əvəzləyərdilər. Həm də rəqibələriylə. Bax o vaxt əsil olay başlayardı...
...Bu gün də eyni proses baş verir və bir qədər fərqli olmaqla. Düzdür Mətbuat Şurası reket qəzet və "jurnalistlər"lə bağlı mütəmadi olaraq ölçü götürür. Ancaq onlar göbələk kimi artırlar. Bu kəslər sayt yaratmağı ən asan yol kimi dəyərləndirib fəaliyyətə başlayırlar. Belə saytlara baxanda anındaca görmək olar ki, bunlar hansı məqsədlə yaradılıb. Saytda yerləşdirdikləri informasiyanın demək olar ki, 99 faizi oğurluq, yalnız 1 faizi "özəl"dir ki, (bu informasiya da əksər vaxt şantaj xatirinə verilən informasiya olur-A.Ş.) bunun da necə bərbad vəziyyətdə təqdim edildiyi ən azından nöqtə, vergül səhvlərindən bəllidir.
Birmənalı olaraq deyə bilərəm ki, reketçiliklə özülərinə mətbuatda yer edənlər, informasiya hazırlamaq qabiliyyəti olmayanlar bu gün bəzi saytların başındadırlar. Bir neçə ayın söhbətidir. Yaxın dostlardan biri zəng vurub filan (ad çəkməyə ehtiyac görmədim-A.Ş.) saytdan qohumuyla bağlı gedən qərəz dolu informasiyanın yığışdırılmasını xahiş elədi. Həmin xahişi saytın baş redaktoruna çatdırdım və bildirdim ki, qarşı tərfin də ən azından mövqeyini öyrənə bilərsən. Mənə nə desə yaxşıdı:"Arzu xanım, sizə böyük hörmətim var, ancaq mənlik deyil. Mənə pul verən adamın həmin şəxslə ədavəti var və bu informasiya da bu məqsədlə verilib". Mən də həmin dostuma zəng vurdum və bildirdim ki, əllərində tutarlı fakt olmadığına və yazdıqlarının yalan, iftira olduğuna əminsinizsə, saytdan və jurnalistdən Mətbuat Şurasına şikayət edin.