“ASAN xidmət” mərkəzi Sabunçuda da fəaliyyətə başladı Hadisə

“ASAN xidmət” mərkəzi Sabunçuda da fəaliyyətə başladı

Regionlarda bu il ərzində əlavə 3-4 "ASAN Xidmət" Mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub

Sabunçu rayonu 4 saylı Bakı "ASAN xidmət" mərkəzi dünəndən fəaliyyətə başlayıb. APA-nın məlumatına görə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Sülh küçəsi 8A ünvanında yerləşən 4 saylı Bakı "ASAN xidmət" mərkəzindən Sabunçu, Xəzər və Pirallahı rayonlarının ərazisində qeydiyyatda olan 408 min vətəndaş yararlana biləcək.
4 saylı "ASAN xidmət" mərkəzin inzibati binası 5 mərtəbədən ibarətdir. Mərkəzin işçilərinin ümumi sayı 209 nəfərdir. Onlardan 60 nəfəri könüllüdür.
Mərkəzdə Məlumat köşkü, Özünəxidmət köşkü, "Exit Poll" rəy sorğusu aparatı, Ərizə masası, Ana və Uşaq otağı, Laboratoriya və Tibb məntəqəsi, Fotostudiya, uşaq əyləncə guşəsi, Uşaq hüquq mərkəzi və gözləmə zalı Elektron şikayət köşkü, bankomat, bank və sığorta xidməti, tərcümə mərkəzi, hüquqi yardım, "BakıelektrikŞəbəkə", "Azəriqaz", "Azərsu" xidmətləri, Mərkəzi Bank, kafe və gözləmə zalı var.
Eyni zamanda mərkəzdə Daxili İşlən Nazirliyinin, Vergilər Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və s. qurumların xidmətləri göstərilir.
"ASAN xidmət"in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Hüseynov deyib ki, mərkəzlərdə indiyə qədər 1 milyon 600 mindən çox insan müraciət edib. Onun sözlərinə görə, "ASAN xidmət"in hər mərkəzinə orta hesabla, gün ərzində 1500-2000-ə yaxın müraciət daxil olur.
Anar Hüseynov bildirib ki, Bərdə, Sabirabad və Masallı rayonlarında Regional "ASAN Xidmət" mərkəzləri istifadəyə verilməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, Azərbaycanın regionlarında bu il ərzində əlavə 3-4 "ASAN Xidmət" Mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. A.Hüseynov qeyd edib ki, Bərdə, Sabirabad və Masallıda regional mərkəzlərin layihəsi ölkə rəhbərliyinə təqdim olunub və yaxın zamanlarda layihənin icrasına başlanacaq.
Şöbə müdiri əlavə edib ki, "ASAN xidmət" Mərkəzinin təklif etdiyi GPS Elektron Nəzarət Sistemi layihəsi çərçivəsində şərti olaraq azadlıqdan məhrum edilənlərə və ev məhbuslarına xüsusi nəzarət mümkün olacaq.
O qeyd edib ki, "ASAN xidmət" mərkəzinin bir neçə yeni layihəsi ölkə rəhbərliyinə təqdim olunub və bunlardan biri də GPS Elektron Nəzarət Sistemidir ki, bu sistem ev məhbuslarının əllərinə xüsusi avadanlıqlar taxılmaqla nəzarət tədbirlərinin asanlaşdırılmasına xidmət edir: "Bu sistem ev dustaqlarına, şərti olaraq azadlıqdan məhrum edilən şəxslərə nəzarəti həyata keçirəcək. Yəni, onların əllərinə xüsusi avadanlıqlar taxılacaq və bu avadanlıqlar üzərindən onların hərəkətləri nəzarətdə olacaq".