Sevincimizə şərik olun dostlar! Hadisə

Sevincimizə  şərik olun dostlar!

Arzu Şirinova

19 iyundan bu yana ev ala bilməyən həmkarlarımın, dostlarımın haqlı, bəzən də haqsız iradların sosial şəbəkələrdən oxuyuram. Bəziləri də mənim 4 il bundan əvvəl etdiklərimi-ev alanları təbrik edib, uğurlar arzulayır, xeyir-dualarını verir, sevinclərinə şərik olurlar. Ev alanların hər birinin sevincinə şərik olanlara da, dövlət başçısının bu nəcib işinə kölgə salmaq istəyənlərə də səbrli olun deyirəm. Çünki səbr həm də uğurun açarıdır...
Jurnalistikada olanlar güman ki, Svetlana Nəcəfovanı (siyahıda Əliyarova) yaxşı tanıyırlar. Mən isə onu birinci dəfə "Azərbaycan qadını" jurnalının baş redaktoru Xalidə Hasilovanın otağına gprmüşəm. Jurnalistika fakültəsinin birinci kursunda oxuyurdum. Hekayə yazmışdım, ancaq harda çap edəcəyimə qərar verə bilmirdim. Xalidə xanıma müraciət etməyimi məsləhət gördülər. Və dedilər ki, Xalidə xanım yeni yazarlara qayğıyla yanaşır, iradlarını da elə formada deyir, ruhun incimir. Bəli, elə də elədim. Xalidə xanım məni nəzakətlə qəbul elədi. Hekayəmi oxuyub telefonun dəsyəyini götürüb"Svetlana xanıma deyin otağıma gəlsin"-dedi. Bilirdim ki, Svetlana Nəcəfova Xalidə xqanımın müavinidi. Həm də çox tələbkardı. Tələbkarlığı məni qorxutmurdu, sadəcə bəyənməyəcəyindən ehtiyat edirdim. Svetlana xanım gəldi, salam verdi və mənimlə üzbəüz oturdu. Xalidə xanım məni göstərib "Arzu qızımız yeni yazarlarımızdandı. Hekayəsinə baxdım, yeni başlanğıc üçün yaxşıdı. Siz də baxın, məsləhətlərinizi verin, uyğunsa növbəti nömrəyə salarıq". Svetlana xanım "oldu" deyib, mənə arxamca gəl işarəsi verdi. Fikirləşirdim ki, Xalidə xanım deyəndən sonra hekayəm oxunmadan belə çap olunacaq. Ancaq yanılmışdım. Svetlana xanımın öz yanaşması, həm də doğru yanaşması vardı. İradlarını bildirdi , sonda isə " yaxşı jurnalist ola bilərsən" deyib, məni ruhlandırdı. Növbəti nömrədə hekayəm çap olundu. Nə yalan deyim gözləmirdim. Jurnalı alıb dönə-dönə oxudum, hansı düzəlişlər olunduğunu yaddaşıma həkk elədim. Sonradan oçerklərim, publisistik yazılarım "Azərbaycan qadını" jurnalında çap olundu. ...
...İllər sonra Svetlana Nəcəfovanı 20 iyun jurnalistlərə evlərin verilməsi mərasimində gördüm. Qocalmışdı. Püşkatmada adını eşidib ayağa durdu. Qoluna girib tribunaya apardılar. Hər birimiz kimi püşkatma üçün hazırlanmış bükülü kağızlardan birini götürüb Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə uzatdı. Vüqar Səfərli Svetlana xanıma düşən ev qismətini elan elədi. Veteran jurnalist təşəkkür edib oturduğu yerə qayıtdı....
Bütün bunları yazmaqda məqsədim var-Svetlana Nəcəfova bu illər ərzində bir dəfə də olsun döşünə döyüb demədi ki, mənim jurnalistikada haqqım var və mən evlə, yaxud nələrləsə təmin olmalıyam. Birinci dəfə ev bölgüsündə Svetlana xanıma ev verilə bilərdi. Vermədilərsə, bunu faciəyə çevirmədi. Sakitcə oturub zamanı gözlədi.
İndi deyəcəksiniz ki, Svetlana xanımın evi var, bunu da ona veteran jurnalist kimi veriblər. Bəlkə də elədir, ancaq yenə də Svetlana xanım jurnalistikada elədiklərini gözə soxmayıb və bu ev ona halalıdır.
Ola bilər evlə mükafatlandırılan 255 nəfərin arasında elələri var ki, onlarla bağlı subyektivlyə yol verilib. Ancaq bütövlükdə yaxşı bir işə və həm də çətinliklə yaşayan, sonda prezident tərəfindən evlə mükafatlandırılan jurnalistlərin sevincini qursağında qoymaq kimsəyə başucalığı gətirməz. Heç haqqı olanların, ancaq ev bölgüsündən bu dəfə kənarda qalanların səsi elə çıxmır ki, nəinki ....
....Əziz həmkarlar, bunları yazmaqda məqsədim sizə öyüd-nəsihət vermək deyil. Sadəcə məni və siyahıda digər adı keçən dostlarınızı ürəkdolusu təbrik edin, 3 ildən qonra qarşılığını eşidəsiniz. Hər birinizi təbrik edirəm və evin sevincini yaşamağı arzulayıram!