Azərbaycanda pensiyalar əsasən yaşa görə alınır Hadisə

Azərbaycanda pensiyalar əsasən yaşa görə alınır

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1672,4 milyon manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 131,5 milyon manat və ya 8,5 faiz çoxdur. Vəsaitin 97,3 faizini pensiya xərcləri təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2017-ci ilin altı ayı ərzində əhaliyə 45,8 milyon manat məbləğində müavinət ödənilib ki, bunun da 23,5 faizi hamiləliyə və doğuma görə, 24,3 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 15,1 faizi dəfn üçün, 37,1 faizi isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilib.
2017-ci il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1328,4 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,7 faizini təşkil edir. Onların 59,4 faizi yaşa, 29,3 faizi əlilliyə, 11,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin 2017-ci il 21 yanvar tarixli 2611 nömrəli sərəncamına əsasən 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq cari ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 202,2 manat təşkil edib və orta aylıq əməkhaqqının 38,7 faizinə bərabər olub.