
Martın 4-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri Platformasının təşəbbüsü, Azərbaycan Milli QHT Forumunun texniki və Şimali Kipr Türk Respublikasının (ŞKTR) Azərbaycan Respublikasındakı təmsilçiliyinin institusional dəstəyi ilə “Azərbaycan və Şimali Kipr Türk Respublikası QHT-lərinin əməkdaşlıq perspektivləri” mövzusunda onlayn görüş keçirilib.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərlinin moderatorluğu ilə keçirilən görüşdə giriş sözü ilə çıxış edən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri Platformasının Baş katibi, Milli Məclisin deputatı Azər Allahverənov Katibliyin yarandığı gündən etibarən həyata keçirdiyi fəaliyyətlər, perspektiv planlar, eləcə də Şimali Kipr QHT-ləri ilə mövcud əlaqələr barədə ətraflı məlumat verib. O, Katibliyin əsas məqsədinin Türk dövlətlərinin vətəndaş cəmiyyəti institutları arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə institusional dəstək göstərilməsi və bu təsisatların irəli sürdükləri birgə təşəbbüslərin effektivliyinin artırılması üçün əlaqələndirmə işlərinin yerinə yetirilməsi olduğunu vurğulayıb.
ŞKTR-nin Azərbaycan Respublikasındakı təmsilçiliyinin nümayəndəsi Ufuk Turqaner iki tərəfli əlaqələrin inkişaf etdirilməsi üçün bu kimi görüşlərin keçirilməsinin vacibliyi barədə danışıb və bildirib ki, burada səslənən təklif və tövsiyələr QHT-lər arasında əməkdaşlığın gücləndirilməsi üçün çərçivə sənədinin hazırlanmasında istifadə ediləcək.
Görüşdə çıxış edən QHT təmsilçiləri qadın sahibkarlığının inkişaf etdirilməsi, idman və gənclər sahəsində tədbirlərin keçirilməsi, mədəni irsin qorunması, miqrasiya və turizm mübadiləsinin intensivləşdirilməsi, iqtisadiyyatın müxtəlif istiqamətlərində fəaliyyət göstərən təşkilatlar arasında birbaşa əlaqələrin qurulması və bunun üçün birgə fəaliyyətlərin icra edilməsinin vacibliyi barədə danışıblar. Tədbir iştirakçıları informasiya mübadiləsinin genişləndirilməsini, beynəlxalq tədbirlərdə qarşılıqlı dəstəyin göstərilməsini və koordinasiyalı fəaliyyət mexanizmlərinin formalaşdırılmasını prioritet istiqamətlər kimi qiymətləndiriblər.
Çıxışçılar platformanın roluna xüsusi diqqət çəkərək bildiriblər ki, bu təşəbbüs Türk dünyasının vətəndaş cəmiyyəti institutlarının institusional əməkdaşlığını gücləndirəcək, onlar arasında həmrəyliyin möhkəmlənməsinə töhfə verəcəkdir.
Sonda iştirakçılar bu əlaqələrin gücləndirilməsi üçün görüşlərin intensivləşdirilməsi və ixtisaslaşmış QHT-lər arasında sahəvi görüşlərin davamlı keçirilməsi barədə razılığa gəliblər.
Cavid