Gəncədə qiyməti 1 milyon 600 min manat olan 27 kq heroin aşkarlanıb Hadisə

Gəncədə qiyməti 1 milyon 600 min manat olan 27 kq heroin aşkarlanıb

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı 33 yaşlı Ədil Ədilov narkokuryerlikdə şübhəli bilindiyi üçün saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, onun əlindəki idman çantasından yüksək təsiredici xassəyə malik 27 kiloqram 475 qram narkotik vasitə olan heroin aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və şəhər ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, Ə. Ədilovdan aşkar olunan heroinin “qara bazar”da qiyməti 1 milyon 600 min manat dəyərində qiymətləndirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb. Ə. Ədilov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaqa tədbirləri davam etdirilir.