“AMEA və Dilçilik İnstitutu orfoqrafiya qaydalarını aşsüzənə çevirir” Hadisə

“AMEA və Dilçilik İnstitutu orfoqrafiya qaydalarını aşsüzənə çevirir”

Dilin ədəbi-mədəni səviyyəsini artırmaq yox, onu kobudlaşdırmaq, məişət səviyyəsinə endirmək prosesinin əsil səbəbi illər sonra aydın olacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu orfoqrafiya lüğətində dəyişiklik etmək istəyir. Bununla bağlı 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Ancaq edilən bu dəyişikliklər cəmiyyətdə birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb olub.
Media eksperti Qulu Məhərrəmli bu cür orfoqrafiya dəyişikliyinin qəbuledilməz olduğunu vurğulayıb: "Bu elmi məsələ deyil. Mütəxəssislərin əksəriyyəti bu dəyişmələrin əleyhinədir. Digər tərəfdən, dil ümumilli sərvətdir və biz onun istifadəçiləriyik. Bu cür ciddi məsələləri təkcə Dilçilik İnstitutunun öhdəsinə qoymaq olmaz. Doğrudur, bu qurumda bəzi yaxşı mütəxəssislər var. Amma bu prosesdə ictimaiyyət, dil daşıyıcıları, ziyalılar aktiv iştirak etməlidir. Çünki lüğətin və təklif olunan dəyişikliklərin bir çoxunun heç bir elmi əsası yoxdur. Komissiyanın təklif etdiyi bu qərarların ümumi qanunauyğunluqlardan daha çox, kimlərinsə şəxsi yanaşması olduğu görünür. Bu cür ciddi məsələ ilə bağlı başdansovdu, bir ay müddətində qərar qəbul etmək düzgün deyil".
Ekspertin sözlərinə görə, dilçilik qaydaları mühafizəkarlığı sevir, burada eksperimentlərə yer yoxdur:
"Əvvəl "metafora" yazasan, 5 ildən sonrakı orfoqrafiya lüğətində onu "metafor" kimi verəsən, indi də təklifdə bulunasan ki, gəlin yenə "metafora" yazaq, bu, sadəcə, ayıbdır! Deməli, yanaşmada heç bir elmi əsas yoxdur. AMEA və Dilçilik İnstitutu orfoqrafiya qaydalarını yavaş-yavaş aşsüzənə çevirir".
Tanınmış jurnalist, dilçi Şəmşad Ağa isə bildirib ki, dilin lüğət fonduna daxil olan və artıq əksəriyyəti ümumişlək sayılan yeni sözlərin - neologizmlərin yazılışı ilə bağlı xaotik vəziyyət var: "Xeyli söz var ki, lüğətə salınmayıb. Yaxşı olardı ki, dilçi alimlərimiz, Dilçilik İnstitutu həmin sözlərlə bağlı operativ qaydada reaksiya versin və və işləsinlər. Yoxsa 40 il dildə mövcud olan sözləri "çevir tatı, vur tatı" prinsipi ilə tez-tez dəyişib çaşqınlıq yaratmağın faydası yoxdur. Görünür, bu komissiya indiyə qədər süni fəaliyyətlə məşğul olub. İndi isə yadlarına düşüb ki, dildəki sözlər qrammatik qaydalara uyğun yazılmalıdır. Son qaydaya görə, indiyə qədər "əsgər" kimi yazılan sözün indi mənbə dildəki yazılışı əsas götürülüb və "əskər" yazılacaq. Bu isə ciddi yanlışdır. İltisaqi dilin öz, flektiv dilin öz qaydaları var. Azərbaycan dilinin fonetik prinsipinə görə, sözü necə tələffüz ediriksə, dilimizdə də o şəkildə işlətməli və yazmalıyıq. Bu sözlərə əsginas-əskinas, İsgəndər-İskəndər, işgəncə-işkəncə kimi sözləri də daxil ediblər. İndi başa düşüblər ki, bəs bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək "g" hərfi ilə yazılıb. Yəni mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçib".
Şəmşad Ağa vurğulayıb ki, əslində, orfoqrafiya qaydalarının tez-tez dəyişməsi pis haldır: "Alqı-satqı" sözü sovet dövründəki orfoqrafiya lüğətlərindən 2013-cü ilə qədər olan bütün nəşrlərdə "alğı-satqı" kimi yazılıb. Ancaq 2013-cü ildə bu söz "alqı-satqı" kimi yazıldı və mübahisəyə səbəb oldu. Düzdür, Azərbaycan dilinin qrammatikasının tələbinə görə bu söz "alğı-satqı" kimi yazılmalıdır. Deməli, nəzəriyyəyə əsaslansaq, sözün "alqı-satqı" kimi yazılması qrammatik normanın pozulmasıdır. Bu, həm də fonetik normanın pozulması hesab oluna bilər. Amma mən bu sözün "alqı-satqı" kimi yazılmasının tərəfdarıyam və 2013-cü ildə nəşr olunan lüğətdəki qaydanı doğru hesab edirəm. Çünki ilk növbədə bu söz "alqı-satqı" şəklində daha ümumişləkdir. Eyni zamanda "alğı" şəklində tələffüzü və yazılışı dildə ağırlıq yaradır. Nəzərə alsaq ki, fonetik norma həm də sözlərin asan tələffüzünə və yazılışına əsaslanır, onda bu versiya daha doğrudur. Yəni "çalğı" sözü "çalqı", "yarğı" – "yarqı", "pusqu" – "pusğu" kimi necə ağırlıq yaradırsa, "alqı" da "alğı" kimi eyni ağırlığı yaradır. İkincisi isə bu sözlərin heç biri mürəkkəb söz kimi işlədilmir. Ona görə də "alqı-satqı" sözündə ikinci tərəfin – "satqı" - tələbilə bu sözün "alqı" kimi yazılışı da normaldır. Üçüncüsü, dildəki istisnaları bu sözə də aid etməklə, sözün "alqı-satqı" kimi yazılışını doğru hesab etmək olar".
Şəmşad Ağa vurğulayıb ki, komissiyanın qoşa "y" ilə yazılan sözlərin bir "y" ilə yazılması qərarının tərəfdarıdır:
"Amma bu sözlər bakalavr və magistr imtahanlarında tərkibinə görə təhlilə salınacaqsa, quruluşuna görə necə götürüləcək: sadə, yoxsa düzəltmə? Düzəltmə söz götürüləcəksə, axı şəkilçi ərəb dilindən daxil olan "iyyat"dır və cəmlik bildirir. Layihədə həmçinin səmavi kitabların adları - Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur, o cümlədən planet adları, mifonimlər - Ay, Günəş, Ülkər; Afrodita, Herakl, Zevs və s. böyük hərflə verilir. Guya Herakl nə vaxt kiçik yazılırdı ki? Və ya Ay və Günəş planet adı olaraq həmişə böyük yazılıb, axı! İndi "Rəb" və "Tanrı" sözlərini böyük yazırlarsa, problem yoxdur. Amma bu sözlərin hansı kontekstdə işlənmə məsələsi var: ad kimi, yəni Allah sözünə sinonim kimi, bir də ümumi mənada. Bunlar mütləq fərqləndirilməlidir".
Məsələyə münasibət bildirən təhsil eksperti Şəmil Sadiq isə qeyd edib ki, Dilçilik İnstitutu dildə gedən proseslərdən geri qalır: "Dilçilik İnstitutunun növbəti qərarı qəlizdir. Çünki 25 ildir dilimizdə yığılıb qalan yüzlərlə problem var. Bunların həlli üçün mütəmadi olaraq hər il təkliflər irəli sürülsə idi, indi bu problemlərin əziyyətini çəkməzdik. Problemlər o qədər böyükdür ki, son bir-iki ildə Dilçilik İnstitutunun dildə hansısa dəyişikliklər etməsi ilə bağlı çıxışları cəmiyyətdə birmənalı qarşılanmır.
Komissiyanın bu qərarlarının müsbət məqamları ondan ibarətdir ki, artıq müəllimlər, şagirdlər, eləcə də cəmiyyətin digər üzvləri tərəddüddə qaldıqları sözlərin düzgün yazılış qaydasının necə olması ilə bağlı rəsmi qurumun qərarına istinad edə biləcək. Çünki bayaqdan müəyyən sözlərin yazılışında dilçi alimlərin demək olar ki, subyektiv fikirləri əsas götürülürdü. Amma şübhəsiz ki, bu dəyişikliklərin özü də məktəblərdə ciddi fəsadlar törədəcək".
Ekspertin sözlərinə görə, dilçilik şifahi nitqdə baş verən prosesləri ədəbi dilə uyğunlaşdırmağı bacarmalıdır: "Digər tərəfdən, dil canlı varlıqdır. Dildə hər dəfə yeni sözlər meydana gəlir. Təəssüf ki, Dilçilik İnstitutu belə qərarları cəmiyyət arasında açıq müzakirəyə qoymadan qəbul edir. Çünki bu tipli qərarlar müzakirə edilmədən qəbul edildikdə şəxslərə görə dəyişir. Çünki alimlərin fikirləri subyektivdir. Orfoqrafiya Komissiyası ayda bir dəfə, yaxud iki dəfə müzakirələrə getsə, xalqdan təklif alsa, daha uğurlu nəticələrə nail ola bilərlər.
Dil asan olmalıdır, dili sadələşdirməliyik. Komissiyanın qoşa "y" ilə yazılan sözlərin "y" ilə verməsi qərarını alqışlayıram. Bu qərarlar onu göstərir ki, yaradılan yeni komissiyada da dilin asanlaşdırılması tövsiyə edilir".
Yazıçı Səfər Alışarlı isə hesab edir ki, dilimizdə bəzi sözlərinin yazılış qaydalarının dəyişdirilməsi yaxşı haldır: "Mənim fikrimcə, biz bütövlükdə dilimizin qrammatikasına yenidən baxmalıyıq. Bu məsələyə əsas baxış prizması dil daşıyıcısı olan xalqın orfoepik, yəni tələffüz formasının bərpası və ya qorunub saxlanılması olmalıdır. Bizim müasir yazarlarımızın, demək olar ki, hamısı rus sintaksisi ilə yazır. Bizim dəftərxana, sənədləşdirmə dilimiz çox acınacaqlı səviyyədə hələ də rus dilinin imkan və sintaktik qaydalarını yamsılayır. Müstəqil dövlətçilikdə bunlar yolverilməzdir. Bizim orfoqrafiyada keçmişdən qalma ərəb, fars, rus dillərinin təsirləri aşkardır. Əgər o qaydalar tələffüzlə ziddiyyətə girirsə, onları mümkün qədər ortadan qaldırmaq lazımdır. İkinci məsələ ondan ibarətdir ki, biz bunun belə lokal milli səviyyədə deyil, ümumtürk kontekstində həllinə cəhd etməliyik. Bu, birinci növbədə latın əlifbasının türk dillərinə tətbiqi ilə bağlı belə olmalıdır. Bu nöqteyi-nəzərdən "səmimiyyət"in və ya "ədəbiyyat"ın iki və ya bir samitlə yazılmasından vacib iş milli boğaza aid 8 səsin müxtəlif türk ləhcələrində necə yazılmasıdır. Məncə, dilçi alimlərimiz və müvafiq institutlarımız bu yöndə fəaliyyətlərini daha məhsuldar edə bilərlər. O ki qaldı şəxsən mənim yazılarıma bu qayda dəyişməsinin təsirinə, burada mən öz narahatlığıma səbəb görmürəm. Orfoqrafiya lüğəti daim mənim stolumun üstündədir, bilmədiyimi dəqiqləşdirirəm. Sadəcə yeni yazılış qaydalarını əks etdirən lüğətin nəşrini bir az tezləşdirmək lazımdır ki, səhvlərimiz az olsun. Çünki yazıda orfoqrafik qaydalara riayət, mənim zənnimcə, insanın savad səviyyəsini bariz və aşkar göstərən ilk təqdimatdır".
Tənqidçi İradə Musayevanın qənaətinə görə, orfoqrafiya qaydaları rəsmiləşəndən sonra hər kəs istəsə də, istəməsə də riayət etməlidir: "Amma məsələ ondadır ki, Azərbaycan Respublikasının Prezidenti dilimizin inkişafı, qorunması və təbliği məqsədilə dəfələrlə fərman, sərəncam, qərar imzalayıb və dövlət bunun üçün vəsait ayırıb, qurumlar maliyyələşdirir. Sonda ortalığa gülünc variantlı irihəcmli qüsurlarla dolu cildlər, nüsxələr qoyulur. Vaxtilə Tələbə Qəbulu Komissiyasında ali məktəbə hazırlıq kurslarında fəaliyyət göstərəndə elə hey dərsliklərdə dəyişilən qaydaları əzbərlətməklə məşğul olurduq. Və bu qaydalar bəzən yenidən əvvəlki vəziyyətinə qaytarılırdısa yaddaşlarda sanki bir "format" əməliyyatı da aparılmalı idi. Apostrof yığışılanda "şeir" yazdılar, amma "feil" yox, "fel" qaldı və s. Bu cür misallar çoxdur...
İkincisi, Orfoqrafiya lüğəti çap olundu 2013-cü ildə 110543 sözlə!
Bilirik ki, hər bir söz həyatımıza canlı varlıq kimi daxil olur. Doğulur, yaşayır, ölür, itir və s. 1929-cu ildə çap olunan lüğətin söz sayı ilə 1940, 1960, 1975-ci ildə çap olunan lüğətlər arasında çox fərq olmayıb. Amma 1975-ci ildə 58 min sözlə çap olunan orfoqrafiya lüğətimiz 2004-cü ildə 20 mindən çox söz əlavə edilərək çap olundu. 80 min sözlə. Buna etirazımız yoxdur. Cəmiyyət yaşayırsa, texnika inkişaf edirsə, , elmi-mədəni təkamül, intibah varsa, artım da təbiidir. Lakin mənim yaxından müşahidə etdiyim bir vəziyyət heyrət doğurdu. 2004-cü il lüğətindən sonra professorlardan biri televiziyada çıxış edərək bildirdi ki, növbəti nəşrlərdə sözü 80 mindən 100 minə çatdıracaqlar... Dilçilər söz yarada bilərmi? Bilər, amma minlərlə sözü bir şöbənin iki əməkdaşı hətta uydura bilməz. Buna onların təxəyyülü belə çatmaz. Fəqət, 2013-cü il lüğətində sovet dövrünün pambıq planlarındakı statistik rəqəmləri xatırladan bir say gəldi ortaya. 8 il ərzində 80 minlik lüğət söz verildiyi kimi(!) 100 min yox, hətta öhdəlikdən də artıq sayda 110543 sözlə çap olundu. 10543 söz də əlavə!
1960-cı illərdə özləşmə, yeni, türk mənşəli sözlər yaratma prosesi zərgər dəqiqliyi ilə aparılırdı. Filoloq alimlər, yazarlar bir sözün üstündə baş sındırır, onun dilə daxil ola biləcəyini yüz dəfələrlə götür-qoy edə-edə sözün üzərində çalışır, düşünürdülər . Amma müstəqillik dövrü "azadlığı" imkan verdi ki, sözlər ciddi elmi senzuradan, müzakirədən keçmədən və kütləvi artımla dilə daxil olsun. Nəticədə elmi-ədəbi ictimaiyyətin əlinə düşən kimi kitab kəskin tənqidlərə məruz qaldı. Hətta dillərdə "ipəzor", "dullanma", "üçsaroçkalı" və s. yüzlərlə anlaşılmaz ifadələrlə tənqid hədəfinə çevrildi...
Bu günlərdə isə məlum "yenilik" (mənbə dildəki yazılış əsas götürülərək) əsgər-əskər, əsginaz-əskinaz, İsgəndər-İskəndər, işgəncə-işkəncə və s. sözlərlə bağlı yenidən "yeni qaydalar" əzbərləməyə start verdi. Bu işin maddi (təlqinedici nəşrlər, dərsliklər və s. yenilənməlidir) mənəvi-psixoloji ( dilçilik elminin daha fundamental problemləri tədqiqata, araşdırmaya hədəf olacağı vaxtda biz hələ bu cür dili ağırlaşdıran, o dilin istifadəçilərini bezdirən "dəyişiklik"lərlə məşğuluq) tərəfləri də var...
Bu barədə əslində daha çox danışmaq olar, yəqin ki başqa bir məqalədə konkret faktlarla söz açacam. Və qəribədir, bu sözlər indiyə qədər niyə "qüsurlü "hesab olunmurdu? İndi isə bircə onu deyə bilərəm ki, dilin ədəbi-mədəni səviyyəsini artırmaq yox, onu kobudlaşdırmaq, məişət səviyyəsinə endirmək prosesinin əsil səbəbi illər sonra aydın olacaq".