“Gənclər anlamalıdırlar ki, sosial şəbəkələrdə gördükləri görüntülər həyatın tam mənzərəsi deyil” Gündəm

“Gənclər anlamalıdırlar ki, sosial şəbəkələrdə gördükləri görüntülər həyatın tam mənzərəsi deyil”

“Sosial şəbəkələrdə blogerlər və influenserlər tərəfindən təqdim olunan “ideal həyat” obrazı son illərdə təkcə sosial deyil, həm də psixoloji və ictimai bir fenomen kimi tədqim olunur. Dünya təcrübəsi göstərir ki, insanların həyatlarının yalnız uğurlu və parlaq tərəflərinin nümayiş etdirilməsi auditoriyanın, xüsusilə də yeniyetmə və gənclərin dünyagörüşünə, özünüqiymətləndirməsinə və davranışlarına ciddi təsir göstərə bilir. İnsanlar təbii olaraq özlərini başqaları ilə müqayisə etməyə meyillidirlər. Lakin sosial şəbəkələrdə müqayisə obyektləri əksər hallarda reallığın tam mənzərəsini deyil, onun xüsusi seçilmiş hissəsini təqdim edir. Nəticədə insan öz adi həyatını başqalarının idealizə edilmiş həyatı ilə müqayisə edir və bu müqayisə çox vaxt onun zərərinə işləyir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında araşdırmaçı ekspert Məhbubə Mehdiyeva deyib.

M.Mehdiyeva söyləyib ki, ABŞ, Böyük Britaniya, Kanada və Avstraliyada aparılmış müxtəlif araşdırmalar göstərir ki, sosial şəbəkələrdə ideal həyat tərzini əks etdirən məzmunların intensiv izlənilməsi gənclərdə narazılıq hissinin, özünəinam problemlərinin, narahatlıq və depressiv simptomların artması ilə əlaqələndirilir: “Xüsusilə yeniyetməlik dövründə şəxsiyyət formalaşdığı üçün gənclər xarici təsirlərə daha həssas olurlar. Bu səbəbdən onlar sosial mediada gördükləri standartları real həyat norması kimi qəbul edə bilirlər. Akademik ədəbiyyatda “Fear of Missing Out” (FOMO) adlandırılan fenomen də bu kontekstdə xüsusi diqqət çəkir. Bu anlayış insanın başqalarının daha maraqlı, daha uğurlu və daha xoşbəxt həyat yaşadığı düşüncəsi ilə özünü kənarda qalmış hiss etməsini ifadə edir. Davamlı olaraq bu hissi yaşayan şəxslərdə stress səviyyəsinin yüksəlməsi, həyat məmnuniyyətinin azalması və emosional yorğunluğun artması müşahidə olunur. Sosial şəbəkələrin təsiri yalnız psixoloji sahə ilə məhdudlaşmır. Onlar davranış modellərinin formalaşmasına da təsir göstərirlər. Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra beynəlxalq tədqiqat institutlarının hesabatlarında qeyd olunur ki, sosial mediada məşhur şəxslər tərəfindən nümayiş etdirilən davranışlar gənclərin seçimlərinə birbaşa və ya dolayı yolla təsir edə bilir. Bu, xüsusilə zərərli vərdişlər kontekstində daha həssas məsələdir”.

Onun sözlərinə görə, bəzi hallarda alkoqol istifadəsi, elektron siqaretlər, qəlyan və digər riskli davranışlar əyləncəli həyat tərzinin elementi kimi təqdim olunur: “Gənclər isə sosial öyrənmə mexanizmi vasitəsilə bu davranışları təqlid etməyə meyilli olurlar. Sosial öyrənmə nəzəriyyəsinin müəllifi olan göstərirdi ki, insanlar yalnız öz təcrübələrindən deyil, müşahidə etdikləri nümunələrdən də öyrənirlər. Əgər nüfuz sahibi hesab edilən şəxslər müəyyən davranışları cəlbedici formada təqdim edirlərsə, həmin davranışların təkrarlanma ehtimalı artır. Dünya təcrübəsində bu risklərin azaldılması üçün müxtəlif tədbirlər görülür. Məsələn, bəzi Avropa ölkələrində reklam xarakterli paylaşımların xüsusi işarələrlə qeyd olunması tələb edilir. Bir sıra ölkələrdə isə uşaqlar və yeniyetmələr üçün media savadlılığı proqramları məktəb kurikulumlarına daxil edilib. Məqsəd gənclərin gördükləri məlumatları tənqidi şəkildə təhlil etmələrinə, manipulyativ məzmunu ayırd etmələrinə və sosial mediada təqdim olunan obrazlarla reallıq arasındakı fərqi anlamalarına kömək etməkdir”.

Ekspertin fikrincə, müasir dövrdə rəqəmsal savadlılıq ən azı ənənəvi savadlılıq qədər vacibdir: “Gənclər anlamalıdırlar ki, sosial şəbəkələrdə gördükləri görüntülər həyatın tam mənzərəsi deyil. Hər bir uğurun arxasında görünməyən zəhmət, çətinlik və bəzən uğursuzluqlar dayanır. Eyni zamanda, zərərli vərdişlərin hər hansı formada normallaşdırılması və ya cəlbedici təqdim olunması ictimai sağlamlıq baxımından ciddi risk yaradır. Sağlam cəmiyyət formalaşdırmaq üçün gənclərə yalnız təhlükələri izah etmək kifayət deyil. Onlarda tənqidi düşüncə, emosional dayanıqlılıq, media savadlılığı və sağlam həyat tərzi vərdişləri inkişaf etdirilməlidir. Çünki rəqəmsal dövrdə insanın özünü qorumasının ən effektiv yolu informasiyanı düzgün qiymətləndirmək və gördüyü hər görüntünü reallıq kimi qəbul etməməkdir”.

Röya İsrafilova