“Regionların rəqabət qabiliyyətini artırmaq üçün nə edilməlidir?” Gündəm

“Regionların rəqabət qabiliyyətini artırmaq üçün nə edilməlidir?”

“Regionların sosial-iqtisadi inkişafı istiqamətində son illər mühüm addımlar atılıb. Vergi və gömrük güzəştlərinin tətbiqi, sənaye parklarının, aqroparkların və sənaye məhəllələrinin yaradılması, investisiya təşviqi sənədlərinin verilməsi, eləcə də subsidiyaların ayrılması bu istiqamətdə həyata keçirilən tədbirlər sırasındadır”.

Bu fikirləri iqtisadçı ekspert Xalid Kərimli “xalqcebhesi.az”-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, xüsusilə kənd təsərrüfatı və aqrar emal sahəsində məhsulların istehsalı, emalı və saxlanılması istiqamətində dövlət tərəfindən ciddi dəstək mexanizmləri formalaşdırılıb:
İnvestorların qərarlarına təsir edən əsas amillər yalnız vergi və gömrük güzəştləri ilə məhdudlaşmır.İnvestor üçün əsas məsələ təkcə vergi yükünün az olması deyil. Logistika xərcləri, maliyyə resurslarına çıxış imkanları, ixtisaslı kadr təminatı, texnologiyalara çıxış və satış bazarlarına çıxış kimi faktorlar ən azı vergi güzəştləri qədər vacibdir. Hətta bəzi hallarda bu amillər daha böyük əhəmiyyət daşıyır”.

İqtisadçı bildirib ki, regionlarda sahibkarların qarşılaşdığı əsas problemlərdən biri maliyyə resurslarına çıxışın məhdud olmasıdır:
“Faiz dərəcələrinin yüksək olması ilə yanaşı, girov tələbləri də ciddi maneə yaradır. Bir çox regional şirkətlərdə maliyyə hesabatlılığı sistemləri tam formalaşmadığından banklar kreditləşmədə ehtiyatlı davranırlar. Bu da investisiya imkanlarını məhdudlaşdırır. Qeyri-neft emal sənayesində və aqro-emal sektorunda texnologiya və avadanlıqların idxalı üçün əlavə güzəştlərin tətbiqi məqsədəuyğun olardı.Bu istiqamətdə əlavə təşviq mexanizmləri şirkətlərin müasir texnologiyalara çıxışını asanlaşdıra və istehsalın səmərəliliyini artırardı”.

Ekspert hesab edir ki, güzəştli kredit mexanizmlərinin genişləndirilməsi və daha uzunmüddətli, aşağı faizli maliyyə alətlərinin tətbiqi də vacibdir:
“Xüsusilə ixracyönümlü müəssisələrə əlavə dövlət dəstəyi göstərilməli, logistika və nəqliyyat xərclərinin azaldılması üçün yeni mexanizmlər hazırlanmalıdır”.

Onun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi logistika baxımından müəyyən çətinliklər yaradır:
“Azərbaycanın dünya okeanına birbaşa çıxışının olmaması və regiondakı geosiyasi məhdudiyyətlər logistika xərclərini artırır. Bu səbəbdən yerli istehsalçıların rəqabət qabiliyyətinin yüksəldilməsi üçün nəqliyyat və logistika sahəsində əlavə dəstək tədbirlərinin həyata keçirilməsi vacibdir”.

Günel Elxan