14:50
861
2017-ci ilin oktyabrında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Ələt Limanında bir araya gələrək Bakı - Tbilisi - Qars dəmir yolunu dünyaya açdılar.
“APA-Economics” xəbər verir ki, bunu Gürcüstanda Axalkalaki stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi istismara verilmə mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
O vurğulayıb ki, həmin an Avrasiya bağlantıları tarixində yeni səhifə açılıb:
“Lakin bu, yalnız başlanğıc idi. Belə iddialı bir dəhliz davamlı investisiya və davamlı siyasi iradə tələb edir.
Azərbaycan bu öhdəliyə sadiq qaldı. Biz xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsinə sərmayə qoyduq: 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320-dən çox bina və mühəndis qurğusu beş mərhələdə yenidən quruldu. Bu, adi təmir işi deyildi. Bu, BTQ-ni Orta Dəhlizin əsl onurğa sütununa çevirmək üçün verilmiş məqsədyönlü və strateji qərar idi.
Nəticə göz qabağındadır: xəttin ötürücülük qabiliyyəti beş dəfə artırılaraq ildə 5 milyon tona çatdırılıb. Bu gün BTQ Xəzər və Qara dənizlər arasında ən rəqabətqabiliyyətli tranzit marşrutudur”.