Fazil Mustafanın 20-ci kitabı nəşr olunub Hadisə

Fazil Mustafanın 20-ci kitabı nəşr olunub

Böyük Quruluş Partiyasının başqanı, deputat, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın "Sağlam düşüncə alternativi" və "İslam qorxusu və müsəlman qoxusu" adlı yeni kitabları nəşr olunub.
Qeyd edək ki, "Sağlam düşüncə alternativi" kitabında 293, "İslam qorxusu və müsəlman qoxusu" kitabında isə ümumilikdə 233 məqalə yer alıb.
Fazil Mustafa bildirib ki, "Sağlam düşüncə alternativi" adlanan kitab müxtəlif mövzulu məqalələr toplusudur: "Bu, sağlam düşüncəni, fərqli düşüncəni anlayan insanlara ərməğanımdır. Yaxın günlərdə müxtəlif kitab evlərinə paylanacaq. Ayrıca təqdimatını da düşünürəm. Ola bilsin, təqdimat ləngidi, çünki digər kitabımın yaxın həftələrdə nəşriyyata təqdim olunması planlaşdırılıb. Son bir ildə nəşr olunan üç kitabın birlikdə təqdimatını keçirmək bəlkə daha məqsədəuyğundur".
Fazil Mustafanın sayca 19-cu olan kitabının redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.
"İslam qorxusu və müsəlman qoxusu" adlı yeni kitab isə Fazil Mustafanın indiyədək çap olunan 20-ci kitabıdır. Millət vəkili bildirib ki, 248 səhifəlik bu kitabda islam dininə, onun mahiyyətinə, dini həyatın fərqli aspektlərinə aid dövri mətbuatda, elmi dərgilərdə çap olunmuş publisistik və elmi məqalələr yer alır: "Kitabda Azərbaycan cəmiyyətində doğru din anlayışı, xurafat və cəhaləti doğuran amillər, dini-mənəvi dəyərlərin yenidən dəyərləndirilməsi kimi mövzulara toxunulub, məzhəbçilik və təriqətçilik təzahürlərinin fərqli baxış bucağından təhlili verilib. "İslam qorxusu və müsəlman qoxusu" adlı kitabın da redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır. Bu, indiyədək çap olunan 20-ci kitabımızdır. Kitab düşünən və anlayan oxucular üçün nəzərdə tutulmuşdur. İnsanlarımızın aydınlanmasına faydalı olacağına ümid edirəm".
Qedy edək ki, kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulub.