“Azərbaycan İslam sivilizasiyasına dəyərli töhfələr verib” Hadisə

“Azərbaycan İslam sivilizasiyasına dəyərli töhfələr verib”

QMİ sədri Səudiyyə Ərəbistanı parlamentinin nümayəndə heyətini qəbul edib

Dünən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Şura Məclisindəki (parlament) Azərbaycan Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. APA-nın verdiyi məlumata görə, Abdulla ibn Muhəmməd Ən-Nasirin rəhbərlik etdiyi nümayəndə heyətinə 8 parlamentari daxildir.
A. Paşazadə deyib ki, Səudiyyə Ərəbistanı Azərbaycan müstəqillik əldə etdikdən sonra verdiyi sözünə həmişə əməl edib, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Qarabağı işğal etməsi məsələsində həmişə bizim yanımızda olub.
QMİ sədri bildirib ki, Ermənistan tərəfindən dəfələrlə Səudiyyə Ərəbistanı ilə əlaqələr qurulmasına, səfirliklərin açılmasına cəhd göstərilib, lakin Səudiyyə Ərəbistanı söz verdiyi kimi, qardaşlığını davam etdirir. O buna görə Azərbaycan xalqı adından təşəkkürünü çatdırıb. A. Paşazadə bildirib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələr daim inkişaf edir, bu məsələdə hər iki ölkənin səfirliklərinin xüsusi rolu var.
Səudiyyə Ərəbistanı parlamentindəki Azərbaycan Dostluq Qrupunun 9 nəfərlik nümayəndə heyətinin rəhbəri Abdulla ibn Muhəmməd Ən-Nasir öz növbəsində iki ölkə arasında əlaqələrin qurulmasında Heydər Əliyevin və Səudiyyə Ərəbistanının mərhum kralı Feysəlin böyük xidmətləri olduğunu söyləyib.
O qeyd edib ki, İslam dinində məcburiyyət yoxdur, zülm isə kafirlik əlamətidir: "Baxmayaraq ki, ayrı-ayrı dövlətlərdə yaşayırıq, ümumi İslam ümmətini təşkil edirik, xalqlarımız qardaşdır. Azərbaycan xalqı İslam mədəniyyətinə, sivilizasiyasına dəyərli töhfələr verib. İslam dini həmişə tolerantlığı ilə seçilib, şübhə edənlər İslamın tarixinə baxa bilərlər".
Abdulla ibn Muhəmməd Ən-Nasir dini qəlblərdən çıxarmağın heç vaxt mümkün olmadığını vurğulayıb: "İslam dininin humanist olması bu dinin dünya dini olmasına şərait yaradır".
O, Səudiyyə Ərəbistanının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin məlum olduğunu, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib: "Mənim ölkəm sülhü dəstəkləyir".
QMİ sədri deyib ki, sovet dövründə Azərbaycanda 17 məscid olub, bu gün isə ölkəmizdə 2000-ə yaxın məscid, habelə kilsə və sinaqoqlar var. Dövlət başçısının dəstəyi ilə məscidlərin tikintisinin davam etdiyini deyən A.Paşazadə bunu Azərbaycanda dinlərə münasibətin təzahürü kimi xarakterizə edib.
Görüşdə iştirak edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov isə Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin dünya üçün böyük birlik nümunəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlarda müasirliyi və qədim dinini nümayiş etdirən bir ölkədir: "Mən fəxr edirəm ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında yüksək səviyyədə təmsil olunmaqla yanaşı, islam dəyərlərini dünyaya yaymaqla məşğuldur. Azərbaycanı beynəlxalq təşkilatlarda, xüsusən BMT-də müdafiə etdiyi üçün Səudiyyə Ərəbistanına minnətdarlığımızı bildiririk".
Səudiyyə Ərəbistanı parlamentinin Azərbaycan Dostluq Qrupunun rəhbəri Abdulla ibn Muhəmməd Ən-Nasir isə 62 ildir islam dinində qarşıdurmalar, ixtilaf yaratmağa çalışan qüvvələrin olduğunu bildirib. "Bu cür planlara qarşı həmişə ayıq olmalıyıq, belə fitnələrə uymamalıyıq", - deyə o vurğulayıb.
Görüşün sonunda A. Paşazadə nümayəndə heyətinin üzvlərinə İçərişəhərin əks olunduğu tablo hədiyyə edib.