
Şəhid ömrü əbədidir, amma hər kəsə nəsib olmur. Vətən, torpaq yolunda şücaət göstərib, canını fəda etməklə bu müqəddəs zirvəyə ucalırsan. Məhz Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuş Orxan Əli oğlu Mirzəyev 19 yaşında 44 günlük haqq savaşımızda qana susamış düşməni qanda boğmaqla tarix yazıb. Qısa ömür yaşasa da, şərəfli ölümü ona ürəklərdə əzəmətli abidə ucaldıb. Vətən naminə göstərdiyi misilsiz qəhrəmanlığı dillərdə dastan olacaq, nəsillər dəyişdikcə mənən yaşayacaq və hər zaman qürurla, iftixarla xatırlanacaq. Həmçinin səpdiyi qəhrəmanlıq toxumu ürəklərdə cücərməklə doğma Azərbaycanımızın qüdrəti daha da artacaq.
Orxan Əli oğlu qanı bahasına Vətəni yaşatmağı bacardı. İndi cismən aramızda olmasa da, harada bir günəş müqəddəsliyi var, onun sorağı oradan gəlir. Dövlət də qəhrəman oğlunu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, Laçının və Suqovuşanın azadlığına görə medalı ilə təltif edib. Orxan təkcə yaxınlarına, doğmalarına deyil, bütün Azərbaycan xalqına əzizdir.
Adı çəkiləndə qürur duyduğumuz Orxan Mirzəyev elə uşaqlıqdan Vətəninə sevdalı böyüyüb və saf sevgi hər əməlində bilinib. Ondakı səmimiyyət, cəsurluq və böyüklərə ehtiram orta məktəb illərində özünü yaxşı göstərib. Daxili aləmindən gələn mənəvi keyfiyyətləri Orxanı müəllimlərinin, dostlarının sevimlisi edib. Müstəqil həyata qədəm qoyanda o, öz xoşbəxtliyini xalqın ümumi səadətində, bütün varlığı ilə bağlandığı doğma yurdun tərəqqisində görüb. Damarlarında axan qanda Vətən eşqi, ana mehri, el sevdası çağlayıb.
Orxan birinci canına yağı dadanmış, hər qarışını canından əziz bildiyi Azərbaycana əsgər olmağı oxumaqdan üstün bilib. Cəbhə bölgəsində xidmət etməklə torpağını göz-bəbəyi kimi qoruyub. Ürəyində mənfur erməni dığalarına kin, nifrət bəsləməklə hər an onlardan qisas almaq üçün məqam axtarıb. Müharibə meydanında düşmənə qalib gəlməkdən ötrü hərbiçiyə lazım olan bütün təlimlərə ürəklə qatılıb, həmişə də döyüş igidliyinə görə fərqlənib. Xidmət dövründə Orxanın komandirlərin verdiyi tapşırıqları vaxtında, məsuliyyətlə yerinə yetirməsi, intizamı, cəsarəti və əsgər yoldaşlarına qarşı sevgisi, sədaqəti onu həmişə başıuca edib. Arzusu da düşmənlə sona qədər döyüşüb qisas almaq olub.
2020-ci ilin 27 sentyabrı. İşğalçılardan qisas alaraq 30 ilə yaxın əsir düşən əzəli yurd yerimiz –Qarabağımızı azad etmək məqamın yetişdiyi gün. Azərbaycanın müqəddəsliyinə tapınan, bu şərəfli vəzifəni yerinə yetirənlərin arasında əsgər Orxan Mirzəyev birincilər sırasında, könüllü olaraq odun-alovun içinə atılıb. Müharibənin getdiyi ən ağır, qaynar nöqtəsində ölümə meydan oxumaqla misilsiz qəhrəmanlıq örnəyi göstərib. Bir neçə gün ərzində öz dəstəsi ilə düşmənin çoxsaylı canlı qüvvəsini, texnikasını və silah-sursat anbarını məhv ediblər. İgid əsgər daha sonra Laçın dağlarında gedən ölüm-dirim savaşında dığalara qan qusdurub. Hər qarış torpaq uğrunda can qoyan Orxan düşmənin snayper gülləsinə tuş gəlib, qələbə bayrağımız ucalan yerdə şəhadət şərbətini içib. Bununla da onun şərəfli ölümü Vətən sevgisinin ucalığını bir daha nümayiş edib.
Zəfər Orucoğlu