
Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən Dövlət Başçıları Zirvəsi, Avrasiyada güc balanslarının yenidən formalaşdığı bir dövrdə baş tutması baxımından mühüm diplomatik platforma ortaya qoydu. Çin, Rusiya, Hindistan, İran, Orta Asiya ölkələri və Türkiyə kimi müxtəlif geosiyasi aktorların eyni platformada bir araya gəldiyi zirvə, təhlükəsizlik məsələləri ilə yanaşı, nəqliyyat, enerji, ticarət, texnologiya və regional bağlantısallıq mövzularını da gündəmə gətirdi. Azərbaycan Prezidenti İlham Əliyevin zirvə çərçivəsində çıxışı və keçirdiyi ikitərəfli görüşlər isə Bakının Avrasiya siyasətinin çoxtərəfli və çoxölçülü xarakterini açıq şəkildə ortaya qoydu. Prezident İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Comərt Tokayev və İran Prezidenti Məsud Pezeşkian ilə keçirdiyi görüşlər Azərbaycanın müxtəlif geosiyasi istiqamətlərlə eyni vaxtda münasibətlər inkişaf etdirmək imkanını göstərdi.
Zirvənin ortaya qoyduğu mənzərə Avrasiyada diplomatik münasibətlərin getdikcə daha çox inkişafı, iqtisadi qarşılıqlı asılılıq və regional sabitlik müstəvisində formalaşdığını da göstərir. Bu şəraitdə Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət daşıyır. Xəzər dənizi üzərindən Orta Asiyaya, Cənubi Qafqaz üzərindən Türkiyə və Avropaya uzanan bağlantıları sayəsində Bakı müxtəlif regional platformalar arasında diplomatik və iqtisadi keçid nöqtəsi yaratmaq imkanına malikdir. Bişkekdəki təmaslar bu imkanın siyasi ölçüsünü daha görünən hala gətirdi.
Azərbaycanın çoxşaxəli diplomatiya strategiyası
Bişkek Zirvəsində Azərbaycan baxımından ən diqqətçəkən mövzulardan biri Prezident İlham Əliyevin çoxtərəfliliklə bağlı yanaşması oldu. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi etdiyi dövrə istinad edərək çoxtərəfliliyin gücləndirilməsinin vacibliyini vurğuladı. Bakının beynəlxalq sistem daxilində müxtəlif siyasi və iqtisadi platformalarla münasibətlərini inkişaf etdirməsi, Azərbaycanın xarici siyasət anlayışında çoxtərəfli diplomatiyanın əsas vasitələrdən birinə çevrildiyini göstərir. Bu yanaşma Azərbaycanın eyni zamanda həm regional təhlükəsizlik mexanizmlərində, həm iqtisadi əməkdaşlıq platformalarında, həm də qlobal diplomatik strukturlarda fəallıq göstərməsinə imkan yaradır.
Prezident Əliyevin çıxışında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr xüsusi əhəmiyyət daşıdı. Azərbaycan Prezidenti sözügedən qətnamələrin uzun illər ərzində icra olunmadığını və Azərbaycanın öz gücü ilə suverenliyini və ərazi bütövlüyünü yenidən bərpa etdiyini vurğuladı. Bu qiymətləndirmə Bakının beynəlxalq hüquq və qlobal idarəetmə mexanizmlərinə dair yanaşmasını ortaya qoyur. Əliyevin mesajında önə çıxan əsas məqam beynəlxalq təşkilatların qəbul etdiyi qərarların səmərəli şəkildə icrasını təmin edəcək mexanizmlərin gücləndirilməsinin zəruriliyidir.
Azərbaycanın Bişkekdəki diplomatik görünürlüğü isə ölkənin son illərdə inkişaf etdirdiyi çoxtərəfli xarici siyasət anlayışının başqa bir istiqamətini ortaya qoydu. Bakı Qoşulmama Hərəkatı, Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı və ŞƏT kimi müxtəlif beynəlxalq və regional platformalarda fəal diplomatiya həyata keçirir. Bu yanaşma Azərbaycanın müxtəlif güc mərkəzləri ilə eyni vaxtda siyasi, iqtisadi və strateji münasibətlər inkişaf etdirməsinə imkan verir. Bişkek Zirvəsində keçirilən görüşlər də bu çoxtərəfli diplomatiya anlayışının aktual nümunəsini təşkil etdi.
Azərbaycan Prezidenti Əliyevin Ermənistanın Baş naziri Paşinyan ilə görüşü bu strategiyanın regional ölçüsünü ortaya qoydu. İki lider 2025-ci ildə Vaşinqtonda keçirilmiş sülh sammitindən sonra aparılan prosesi qiymətləndirdilər. Görüşdə Azərbaycandan Ermənistana neft məhsullarının ixracı, üçüncü ölkələrdən gələn taxıl və digər məhsulların Azərbaycan üzərindən Ermənistana tranzit keçidi və iki ölkə arasında ticari münasibətlərin qurulması sülhün konkret nəticələri kimi müzakirə edildi. Həmçinin sərhədlərin müəyyənləşdirilməsi üzrə komissiyaların fəaliyyətinin davam etdirilməsi və Zəngəzur Dəhlizi (TRIPP) çərçivəsində bağlantısallıq layihələri üzrə praktiki addımlar müzakirə olundu.
Bu inkişaf Azərbaycan baxımından mühüm dönüşə işarə edir. Bakı Cənubi Qafqazdakı sülh prosesini yalnız siyasi münasibətlərin normallaşması üzərindən qiymətləndirmir. Ticarət, enerji, tranzit və nəqliyyat bağlantıları da sülhün davamlılığının vasitələri kimi önə çıxır. Zəngəzur Dəhlizi çərçivəsində yaradılması planlaşdırılan bağlantılar da bu çərçivədə Cənubi Qafqazın Avrasiya nəqliyyat şəbəkələrinə daha güclü şəkildə inteqrasiya olunması baxımından əhəmiyyət daşıyır.
Azərbaycanın bu yanaşması Avrasiyadakı müxtəlif güc mərkəzləri arasında balans yaratmaq imkanını da gücləndirir. Bakı təhlükəsizlik və siyasi münasibətlərini iqtisadi bağlantılarla dəstəkləyərək xarici siyasət vasitələrindən bir-birini tamamlayan struktur daxilində istifadə edir. ŞƏT platformasındakı görüntüsü, Türk dünyası ilə inkişaf etdirdiyi münasibətlər və Avropaya uzanan nəqliyyat şəbəkələri birlikdə qiymətləndirildikdə, Azərbaycanın regional aktorluqdan daha geniş Avrasiya perspektivinə doğru irəlilədiyi görünür.
Cənubi Qafqazdan Orta Asiyaya: Azərbaycanın bağlantı strategiyası
Bişkek Zirvəsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüş, Türkiyə-Azərbaycan strateji tərəfdaşlığının regional bağlantısallıq baxımından daşıdığı əhəmiyyəti ortaya qoydu. Görüşdə regional inkişaflar və Azərbaycan-Ermənistan normallaşma prosesi ilə yanaşı, nəqliyyat bağlantılarının inkişaf etdirilməsi də gündəmə gəldi. Prezident Ərdoğanın Orta Dəhlizə etdiyi vurğu Türkiyənin Asiya ilə Avropa arasındakı ticarət marşrutlarının inkişaf etdirilməsinə verdiyi əhəmiyyəti ortaya qoyarkən, Azərbaycanın bu marşrutdakı mərkəzi mövqeyini də gücləndirir. Çindən başlayaraq Orta Asiya, Xəzər dənizi, Azərbaycan və Türkiyə üzərindən Avropaya uzanan Orta Dəhliz iki ölkənin strateji tərəfdaşlığını iqtisadi və geosiyasi baxımdan daha geniş müstəviyə daşıyır.
Prezident Əliyevin Qazaxıstan Prezidenti Kasım-Comərt Tokayev ilə görüşü də bu strategiyanın Orta Asiya ölçüsünü tamamladı. Azərbaycan ilə Qazaxıstan arasında Xəzər üzərindən inkişaf edən nəqliyyat və logistika əməkdaşlığı Orta Dəhlizin şərq və qərb istiqamətlərinin inteqrasiyası baxımından əhəmiyyət daşıyır. Bakı Limanı, dəmir yolu infrastrukturu və Xəzər keçidləri Azərbaycanın bu marşrutdakı rolunu gücləndirərkən, Qazaxıstanla inkişaf etdirilən əməkdaşlıq Orta Asiyanın Avropa bazarlarına çıxışını asanlaşdıra biləcək daha geniş iqtisadi bağlantı sahəsi yaradır.
Bu strategiyanın Cənubi Qafqaz istiqamətində isə Prezident Əliyev və Baş nazir Paşinyan arasında keçirilən görüş ön plana çıxdı. İki lider arasında sülh prosesi ilə yanaşı, ticarət, enerji, tranzit keçidlər və Zəngəzur Dəhlizi çərçivəsində bağlantısallıq layihələri müzakirə edildi. Azərbaycanın Ermənistana neft məhsulları göndərməsi və tranzit keçidlərin inkişaf etdirilməsi iki ölkə arasındakı normallaşmanın iqtisadi ölçüsünün gücləndiyini göstərir. Zəngəzurun inkişafı isə Azərbaycan, Naxçıvan və Türkiyə arasındakı nəqliyyat bağlantılarının inkişafına töhfə verə biləcək yeni bir xətt yarada bilər.
İran Prezidenti Məsud Pezeşkiyan ilə keçirilən görüş də Bakının çoxşaxəli bağlantı siyasətini tamamlayan başqa bir amil oldu. Azərbaycanın Türkiyə ilə strateji tərəfdaşlığını inkişaf etdirərkən İranla iqtisadi və regional münasibətlərini davam etdirməsi, müxtəlif geosiyasi mərkəzlərlə eyni vaxtda işləyə bilən diplomatik hərəkət imkanını göstərir. Bu mənzərə daxilində Orta Dəhliz, Zəngəzur və Xəzər bağlantıları bir-birindən müstəqil layihələr kimi ortaya çıxmır. Bunlar Azərbaycanın Cənubi Qafqazı Orta Asiya və Avropa ilə birləşdirən daha geniş geoiqtisadi strategiyasının bir-birini tamamlayan elementlərini təşkil edir.
Bu çərçivədə Bişkek Zirvəsi Azərbaycanın xarici siyasətində diplomatik müxtəlifliyin və geoiqtisadi əlaqələri bir-birini dəstəklədiyi bir dövrə işarə edir. Bakı müxtəlif aktorlarla münasibətlərini qoruyarkən öz strateji prioritetlərini çoxtərəfli platformalarda daha görünən hala gətirir. Bu yanaşma Azərbaycanın Avrasiyada dəyişən güc balansları daxilində daha geniş diplomatik və iqtisadi hərəkət sahəsi formalaşdırmasına töhfə verir.
Nəticə və qiymətləndirmə
Bişkek Zirvəsi Azərbaycanın çoxtərəfli diplomatiya anlayışının konkret şəkildə göründüyü mühüm platforma oldu. Prezident İlham Əliyevin çoxtərəflilik, beynəlxalq qurumların effektivliyi və BMT qətnamələrinin icrası ilə bağlı mesajları Bakının qlobal idarəetmə müzakirələrindəki yanaşmasını ortaya qoydu. Paşinyan ilə sülh və əlaqələrin, Ərdoğan ilə strateji tərəfdaşlıq, Tokayev ilə Orta Dəhliz və Pezeşkiyan ilə regional sabitlik məsələlərinin müzakirə edilməsi isə Azərbaycanın müxtəlif geosiyasi istiqamətləri eyni diplomatik çərçivədə bir araya gətirə bildiyini göstərdi.
Bu baxımdan Bişkek Azərbaycanın yalnız Cənubi Qafqaz mərkəzli xarici siyasət həyata keçirmədiyini ortaya qoyan mühüm nümunə kimi qiymətləndirilə bilər. Bakı sülh diplomatiyasını iqtisadi əlaqələrlə, Orta Asiya siyasətini Orta Dəhlizlə, Türkiyə ilə strateji tərəfdaşlığını isə daha geniş Avrasiya geosiyasəti ilə əlaqələndirir. Azərbaycanın çoxtərəfli diplomatiya yanaşması bu səbəbdən müxtəlif aktorlarla eyni vaxtda təmas qurmaqdan daha geniş məna daşıyır. Bu yanaşma ölkənin Cənubi Qafqaz ilə Orta Asiya arasında siyasi, iqtisadi və strateji bağlantılar qurmasına imkan verən hərtərəfli xarici siyasət alətinə çevrilir.
Mehmet Gökhan Özçubukçu – Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri –
Beynəlxalq Münasibətlər üzrə mütəxəssis
Xüsusi olaraq "Xalq Cəbhəsi" üçün