
Müasir dünya iqtisadiyyatında rəqabət artıq yalnız təbii ehtiyatlar, ucuz əmək və maliyyə imkanları üzərində qurulmur. Ölkələrin iqtisadi gücünü müəyyən edən əsas amillərdən biri yeni biliklərin, texnologiyaların və innovativ ideyaların məhsula və xidmətə çevrilmə qabiliyyətidir. Bu baxımdan innovasiya ekosisteminin formalaşdırılması dövlətlərin iqtisadi siyasətində strateji istiqamətlərdən birinə çevrilib.
İnnovasiya ekosistemi dedikdə universitetlərin, elmi-tədqiqat institutlarının, dövlət qurumlarının, iri və kiçik şirkətlərin, startapların, investorların, texnoparkların və digər innovasiya infrastrukturlarının qarşılıqlı əlaqədə fəaliyyət göstərdiyi mühit nəzərdə tutulur. Belə sistemin əsas məqsədi ideyanın yaranmasından onun kommersiyalaşdırılmasına qədər bütün mərhələləri bir-biri ilə əlaqələndirməkdir.
Azərbaycanda dövlət və özəl sektorda açıq innovasiyanın tətbiqi ilə bağlı proqramın icrasına başlanılıb. Bu təşəbbüs ilkin mərhələdə şirkət və təşkilatlarda tətbiq olunacaq, növbəti mərhələlərdə isə onun dövlət qurumları və digər təşkilatlarda tətbiqi nəzərdə tutulur. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov “Plug and Play × IDDA – Industry Challenge” innovasiya vörkşopunda çıxışı zamanı deyib ki, “Vençur maliyyələşməsi və kraudfandinq üzrə yeni qanunvericilik paketi qəbul olunub. Bu da maliyyəyə çıxışı genişləndirərək startaplar üçün yeni imkanlar yaradıb. Açıq innovasiyanın tətbiqi texnologiya şirkətləri üçün yeni imkanlar və gündəlik formalaşdırır.
Dövlət müəssisələrinin və özəl sektorun innovasiya fəaliyyətində iştirakının artırılması Azərbaycanın rəqəmsal inkişaf siyasətinin əsas istiqamətlərindən biridir. 2026-2028-ci illər üzrə Azərbaycanın rəqəmsal inkişafının sürətləndirilməsi üzrə Fəaliyyət Planında dövlət müəssisələrinin və özəl sektorun innovasiya fəaliyyətinə cəlb edilməsinin artırılması nəzərdə tutulur. 2027-ci ilin dekabrınadək innovasiya fəaliyyətində fəal iştirak edən dövlət və özəl sektor subyektlərinin sayının 40-a çatdırılması hədəflənir. Dayanıqlı innovasiya ekosisteminin formalaşdırılması yalnız startapların inkişafı ilə mümkün deyil. Bunun üçün təşkilatlar öz ehtiyaclarını dəqiq müəyyənləşdirməli, sahibkarlarla əməkdaşlıq etməli, yeni texnologiyaları sınaqdan keçirməli və uğurlu həlləri fəaliyyətlərinə inteqrasiya etməlidirlər.
Əslində Azərbaycan iqtisadiyyatının ən zəif yeri innovasiyalardır. Daha doğrusu xüsusən də qeyri-neft sənayesində innovasiya çatışmazlığıdır. Texnoloji innovasiya olmadan isə rəqabət qabiliyyətli məhsul istehsal və ixrac etmək, əlavə dəyər yaratmaq, pul qazanmaq mümkün deyil. Mühüm olan ölkədə işlək və əlverişli innovasiya ekosisteminin formalaşdırılmasıdır.
Son dövrlərdə vençur kapitalı və startapların maliyyələşdirilməsi üzrə müasir hüquqi çərçivə formalaşdırılıb. Bu çərçivədə vençur fondları, peşəkar və akkreditə olunmuş investorlar, konvertasiya olunan notlar, SAFE sazişləri və əməkdaşların səhm mülkiyyət planları kimi mexanizmlər tənzimlənir. Azərbaycanda vençur kapitalı və startapların maliyyələşdirilməsi sahəsində həyata keçirilən islahatlar innovativ şirkətlər üçün yeni maliyyə imkanları yaradır. F.Osmanov qeyd edib ki, “Kraudfandinq haqqında” qanunun qəbul edilməsi də startaplar, mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün alternativ maliyyə mənbəyinə hüquqi əsas yaradıb. Bu islahatlar sahibkarlar üçün maliyyələşmə imkanlarını artırmaq, investorların etimadını gücləndirmək və Azərbaycanın innovasiya ekosistemini yerli və beynəlxalq kapital üçün daha cəlbedici etmək məqsədi daşıyır.
Hökumət startap ekosisteminin formalaşması üçün müəyyən addımlar atır, lakin hələlik arzu olunan nəticələr yoxdur. Görünür, daha dərin təşviqedici addımlara ehtiyac var. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Hüquqi təminat şöbəsinin müdiri Səbinə Hümbətzadə bildirib ki, Azərbaycanda startaplar və Texnologiyalar Parkının rezidentləri üçün vergi, gömrük və digər sahələrdə yeni güzəştlərin tətbiqi nəzərdə tutulur. Onun sözlərinə görə, yeni qanunvericilik paketi startapların və texnologiyalar parkının rezidentlərinin fəaliyyətinin stimullaşdırılmasına, onların maliyyə və resurslara çıxışının genişləndirilməsinə yönəlib. Yeni yanaşma çərçivəsində müəyyən edilmiş sahələrdə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər üçün vergi, əmlak, torpaq və digər istiqamətlərdə müxtəlif güzəştlər nəzərdə tutulur. Startap və texnologiyalar parkının rezidentlərinin üzləşdiyi inzibati və maliyyə yükünün azaldılması məqsədilə vergi yoxlamaları, vergi borcları, elmi-tədqiqat və innovasiya fəaliyyəti ilə bağlı da dəyişikliklər hazırlanıb. Bu dəyişikliklərin əsas məqsədi startapların və innovasiya ekosisteminin inkişafına mane olan mövcud çətinliklərin aradan qaldırılması, onların fəaliyyətinin daha əlverişli hüquqi və iqtisadi mühitdə həyata keçirilməsinin təmin edilməsidir. Texnologiya transferi, proqram təminatı, bulud xidmətləri, idxal və kadr hazırlığı kimi istiqamətlər üzrə də güzəştlərin tətbiqi nəzərdə tutulur.
Azərbaycanda “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 302-dir. Bu isə kiçik rəqəmdir. Arzu olunandır ki, bu rəqəm minlərlə olsun. Yalnız bu halda daha effektiv və real nəticələr gözləmək olar. “Startap” şəhadətnaməsi almış KOB subyektləri şəhadətnaməni aldıqları tarixdən etibarən 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad ediliblər.
Beynəlxalq təcrübə göstərir ki, uğurlu innovasiya ekosistemlərinin arxasında yalnız böyük maliyyə resursları deyil, həm də uzunmüddətli dövlət siyasəti, güclü insan kapitalı və biznes-elmi əməkdaşlıq dayanır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 2025-ci il Qlobal İnnovasiya İndeksində İsveçrə, İsveç, ABŞ, Cənubi Koreya və Sinqapur ilk beşlikdə qərarlaşıb. Bu ölkələrin ümumi xüsusiyyəti yüksək elmi-tədqiqat potensialı, inkişaf etmiş təhsil sistemi, innovativ özəl sektor və startapların maliyyələşdirilməsi üçün geniş imkanların mövcudluğudur.
ABŞ modeli, xüsusilə Silikon Vadisi nümunəsində, universitet–biznes–investor əməkdaşlığının gücünü nümayiş etdirir. Burada yeni ideyalar universitet və tədqiqat mərkəzlərindən çıxaraq startaplara, vençur kapitalına və iri texnologiya şirkətlərinə inteqrasiya olunur. ABŞ 2025-ci ildə 22 qlobal innovasiya klasterinə ev sahibliyi edib. San-Xose–San-Fransisko klasteri isə dünyanın ən innovasiya-intensiv mərkəzlərindən biri kimi qiymətləndirilir.
Cənubi Koreyanın təcrübəsində dövlətin sənaye və texnologiya siyasəti ilə özəl sektorun tədqiqat imkanlarının birləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Ölkə 2025-ci ildə Qlobal İnnovasiya İndeksində dördüncü yerə yüksəlib və insan kapitalı və tədqiqat istiqamətində dünyada lider mövqedədir. Biznes sektorunun elmi-tədqiqat və innovasiya fəaliyyətində yüksək payı Koreya modelinin əsas üstünlüklərindən biridir.
Sinqapur isə kiçik əraziyə və məhdud təbii resurslara malik ölkənin innovasiya və texnologiya hesabına qlobal iqtisadi mərkəzə çevrilə biləcəyini göstərir. Ölkə innovasiya siyasətində dövlətin effektivliyi, biznes üçün sabit institusional mühit, xarici investisiyaların cəlbi, yüksək texnologiyalı istehsal və startap ekosisteminin inkişafına xüsusi diqqət yetirir. 2025-ci ildə Sinqapur 78 innovasiya göstəricisindən 10-da dünyada birinci olub.
Çinin təcrübəsi isə innovasiyanın miqyas və istehsal gücü ilə birləşdirilməsinin nəticələrini nümayiş etdirir. Çin 2025-ci ildə ilk dəfə Qlobal İnnovasiya İndeksinin ilk onluğuna daxil olub və bilik və texnologiya nəticələri üzrə dünyada lider mövqeyə yüksəlib. Ölkədə Şençjen–Honq-Konq–Quançjou kimi nəhəng innovasiya klasterlərinin formalaşması elm, maliyyə, istehsal və sahibkarlığın vahid məkanda cəmləşməsinə imkan verib.
Bu təcrübələr göstərir ki, innovasiya ekosisteminin uğuru üçün bir neçə əsas şərt vacibdir: elmi-tədqiqatlara davamlı investisiya, keyfiyyətli insan kapitalı, universitet–biznes əməkdaşlığı, vençur maliyyələşməsi, startaplara institusional dəstək, əqli mülkiyyətin qorunması və innovativ məhsullar üçün geniş bazarın yaradılması.
Azərbaycan üçün də bu təcrübələr mühüm əhəmiyyət daşıyır. Xüsusilə universitetlər, elmi-tədqiqat institutları, sənaye parkları, texnologiya ºirkətləri və startaplar arasında əlaqələrin gücləndirilməsi innovasiya ekosisteminin inkişafına ciddi təkan verə bilər. Əsas məqsəd yalnız yeni ideyaların yaradılması deyil, həmin ideyaların real istehsala, ixracyönümlü məhsullara və yüksək əlavə dəyər yaradan xidmətlərə çevrilməsidir. İnnovasiya ekosistemi nə qədər geniş, əlaqəli və çevik qurularsa, iqtisadiyyatın qlobal dəyişikliklərə uyğunlaşmaq və yeni rəqabət üstünlükləri yaratmaq imkanları da bir o qədər yüksək olur.
Mahir Həmzəoğlu