"Tramp administrasiyası İran məsələsində səhvlərə yol verdi" Dünya

"Tramp administrasiyası İran məsələsində  səhvlərə yol verdi"


ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni müharibənin əvəzinə bu ölkənin iqtisadi çöküşünü təmin etmək istəyir. Ağ Ev bu məqsədlə İrana qarşı yeni sanksiyalar paketi qəbul edib.
"Blumberq" məlumat yayıb ki, İranın tərəfdaş ölkələri ABŞ-ın yeni sərt sanksiyalarla bağlı təhdidlərinə kütləvi şəkildə məhəl qoymur. Vaşinqtonun “iqtisadi hücum” təşkil etmək cəhdi Çinin mövqeyi və müttəfiqlərin ticarət əlaqələrini kəsmək istəməməsi səbəbindən səmərəsiz olub.
ABŞ maliyyə naziri Skot Bessent müharibəyə son qoymaq məqsədilə Tehrana qarşı sərt iqtisadi təzyiqə başlanıldığını elan edərək, bu planı 1944-cü ildə Normandiyaya tarixi desant çıxarılması ilə müqayisə edib. Lakin regionun əsas oyunçuları Vaşinqtonun xəbərdarlığına faktiki olaraq məhəl qoymayıblar:
1.İran banklarının, xüsusilə "Bank Melli"nin Birləşmiş Ərəb Əmirliklərindəki filialları fəaliyyətini adi qaydada davam etdirir;
2.İran, Türkiyə, BƏƏ, Azərbaycan, Rusiya və Çin arasında kommersiya uçuşları əvvəlki qaydada həyata keçirilir;
3. Pakistan ABŞ-ın birtərəfli məhdudiyyətlərinə əməl etmək məcburiyyətində olmadığını bəyan edib və quru yolu ilə ticarəti davam etdirir.
ABŞ həftənin sonunda BƏƏ-də fəaliyyət göstərən Misirin "Banque Misr" bankının filiallarına qarşı məhdudiyyətlər tətbiq etməyi planlaşdırdığını açıqlayıb. Lakin analitiklərin fikrincə, bu cür tədbirlər kifayət qədər təsirsizdir.
ABŞ administrasiyası üçün əsas dilemma Pekinin mövqeyidir. İstənilən effektiv sanksiya kampaniyası hazırda İran neftinin 90%-ni alan Çinə zərbə vurmalıdır. Lakin Pekin artıq Vaşinqtona sərt xəbərdarlıq edib və Tehranla ticarətdən geri çəkilmək niyyətində deyil.
Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Çingiz Şahbazi deyib ki, Tramp administrasiyası İran məsələsində kifayət qədər səhvlərə yol verdi və nəhayət ki, bunu anladılar. Bu səhvlər, başda ABŞ özü olmaqla dünya ölkələrinin siyasi və iqtisadi sabitliyinə ciddi təsir etdi və dünya iqtisadiyyatı kifayət qədər bu yürüdülən siyasətdən ziyan gördü. Bu baxımdan Tramp, "ziyanın yarısından dönmək" yolunu seçmək məcburiyyətində qaldı. Yəni hərbi əməliyyatları iqtisadi baxımdan İranın "nəfəsini kəsmək" lə əvəzləmək yolunu seçib. Bu yolla İranı təslim etmək strategiyası üzərində siyasət planlaşdırır, desək doğru. Amma, ran iqtisadiyyatını çökdürmək, İran rejimini kapitulyasiyaya məcbur etmək demək deyil. Bu baxımdan ABŞ hökumətinin bu istiqamətdə apardığı hesablamalar özünü doğrultmaya bilər, amma Tramp administrasiyasını düşdüyü bu "bəladan" qurtulmaq üçün ən əlverişli seçim etdiklərini də burda qeyd etmək lazımdır. Bu baxımdan Vaşinqtonun İrana qarşı elan etdiyi kompaniyanın məqsədi yalnız İran şirkətlərini sanksiyaya salmaq deyil, İranın xarici valyuta və neft gəlirlərinin əsas kanallarını bağlamaq, həmçinin İranla işləyən üçüncü ölkə və şirkətləri də cəzalandırmaqdır.

O, deyib ki, bu istiqamətdə ABŞ artıq xeyli sayda şirkət, gəmiçilik və maliyyə strukturlarına zərbə vurub. Yəni İranla biznes edən xarici qurumlara qarşı sanksiyalar təhdidini genişləndirir. Çin şirkətləri əsas hədəflərdəndir. Çünki, İranın neft ixracının əsas alıcısı Çindir. Çin geri addım atmağa məcbur qalsa, İranın gəlir damarı kəsilmiş olacaq: "Amma, ABŞ bunu edə biləcəkmi? ABŞ, Pekinə qarşı iqtisadi və siyasi qarşıdurmaya getməkdən çəkinir və hesab edirəm ki, bu istiqamətdə də ABŞ üçün asan olmayacaq və məhz bu ziddiyyətli kompaniyanın ən zəif nöqtələrindən biri kimi də göstərilir. Bu baxımdan hesab etmək olar ki ABŞ, İran iqtisadiyyatına ciddi şəkildə ziyan vura bilər, onu zəiflədə bilər amma bu heç də asan olmayacaq və İran rejimini bununla çökdürməsi inandırıcı deyil. Hazırda isə bu kampaniyanın nəticələri özünü göstərir. İran realı rekord həddə ucuzlaşıb. Xarici ticarət 35 faiz azalıb və ölkədə inflyasiyanın səviyyəsi 60 faizin üstündədir. Əslində bu göstəricilər Vaşinqtonun iqtisadi rıçaqlarının ciddi təsirə malik olmasından qaynaqlanır. Amma, belə şəraitdə İran xalqı və rejim nə qədər ayaq üstə dayanacaq? Siyasi təslimiyyət baş verəcəkmi? Beynəlxalq nüfuzlu təşkilatların və media qurumlarının araşdırmalarına görə sanksiyalar çox ciddi zərbələr vursa da, İran onların ətrafından keçmə mexanizmi yarada bilir. Burda əsas faktor Çindir və Çin, İranın ABŞ- a təslim olmasına imkan vermir. Çünki, İranın neft ixracının sıfıra endirilməsi lazımdır ki, İran təslim olsun. Bunun üçün Çinin İran neftini almağa davam etməsinin qarşısını almaq lazımdır. Ola bilsin ki, ABŞ bundan dolayı Çinə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etsin. Bu da artıq ABŞ-İran qarşıdurması yox, ABŞ-Çin qarşıdurması deməkdir. ABŞ, Çinlə əlaqəli bəzi İran şirkətlərinə sanksiya tətbiq edib. Amma, İranın əsas iqtisadi damarına çevrilmiş böyük Çin maliyyə institutlarına qarşı sərt tədbirlər atmaqdan çəkinir. Bu baxımdan Çin, ABŞ-ın hazırladığı yeni iqtisadi kampaniyaya qarşı əsas məhdudiyyət hesab olunur və bu səbəbdən də hesab edirəm ki, ABŞ İranı hərbi cəhətdən məğlub edə bilmədiyi kimi, iqtisadi cəhətdən də məğlub edə bilməyəcək. Siyasi cəhətdən isə bu heç mümkün görünmür. Biz bunu İrana qarşı hərbi əməliyyatlar zamanı gördük və İranın siyasi iradəsi ABŞ və müttəfiqlərini geri addım atmağa məcbur edə bildi. Bu baxımdan da İranı iqtisadi sanksiyalar yoluyla kapitulyasiyaya məcbur etmək mümkün olmayacaq. Çünki, İran böyük ölkədir və əhalisi də çoxdur. Ərazisi də genişdir. Xalq və dövlət strukturları onilliklər ərzində sanksiyalar altında yaşamağa uyğunlaşıblar. Ən əsası isə İran və iranlılar zamanın onların xeyrinə işlədiyinə inanırlar. Baxmayaraq ki, İran iqtisadiyyatı mühasirəyə alınıb, hakimiyyət ayaqdadır və sonda qalib gələcəklərinə inanırlar".
Politoloq Vasif Əfəndi isə deyib ki, ABŞ-nin hazırkı strategiyasında hərbi təzyiqdən iqtisadi boğmaya keçid açıq şəkildə görünür. Lakin “İranı iqtisadi çökdürəcək və bununla siyasi nəticə əldə edəcək” demək hələ tezdir: "Hazırkı vəziyyətə görə, Vaşinqtonun yanaşmasında ABŞ artıq İrana qarşı sadəcə ayrı-ayrı şirkət və şəxsləri deyil, İranla ticarət edən üçüncü ölkələri və maliyyə qurumlarını da hədəfə alacağı görünür. Avqust ayında təxminən 60 İranla əlaqəli qurum, şəxs və gəmi sanksiyalara salınıb. Neft, gəmiçilik, maliyyə, texnologiya və qızıl da təzyiq dairəsinə daxil edilib".
Politoloqun fikrincə, əsas məqsəd İranın neft gəlirlərini azaltmaqla yanaşı, İranın xarici maliyyə və ticarət kanallarını bağlamaqdır. Bunun üçün ikinci dərəcəli sanksiyalardan istifadə etməklə İranla işləyən başqa ölkələri də seçim qarşısında qoyurlar: "Amma burada çox mühüm bir problem var. İranın iqtisadi sistemi artıq uzun illərdir sanksiyalar şəraitində yaşayır və sanksiyalardan yayınma mexanizmləri formalaşdırıb. Çin İran neftinin əsas alıcısı olaraq qalır və Pekinin mövqeyi Vaşinqtonun strategiyasına ciddi təsir etmək imkanındadır.
Buna baxmayaraq iqtisadi təzyiq artıq İran iqtisadiyyatına ciddi zərbə vurur. Müharibə, neft ixracındakı problemlər, valyutanın zəifləməsi və yüksək inflyasiya vəziyyəti daha da ağırlaşdırır. Buna görə İranın iqtisadi cəhətdən daha zəifləyəcəyi qaçılmazdır.
Son zamanlar İran preizdentinin ” İran nə qədər ayaqdadır müharibəni bitirmək lazımdır, sonra gec olar” tipli bəyanatları vəziyyətin kritik olmasına işarədir.
“ABŞ silah gücü ilə İranı tam edə bilmədi” fikrini hazırkı vəziyyət baxımından ehtiyatla ifadə etmək lazımdır. Çünki müharibə hələ bitməyib və avqustun 30-da ABŞ qüvvələri İranın Larak adasındakı raket qurğularına zərbələr endirib
Mənim fikrimcə, Vaşinqtonun real hesabı İranı işğal etmək və uzunmüddətli quru müharibəsinə girmək əvəzinə, onun bütün resuslarını maksimum zəiflədərək, sonra isə Tehranı daha əlverişli şərtlərlə danışıqlara məcbur etməkdir
Ancaq bunun İran hakimiyyətinin süqutuna gətirib-gətirməyəcəyi başqa məsələdir. ABŞ-nin ən böyük problemi Çindir. Əgər Vaşinqton Pekini İran neftindən və İranla maliyyə əlaqələrindən tam uzaqlaşdıra bilməsə, iqtisadi mühasirə tam olmayacaq. ABŞ İranı iqtisadi cəhətdən ciddi şəkildə zəiflədə bilər, amma onu iqtisadi sanksiyalarla siyasi baxımdan təslim edə bilməsə ABŞ yenidən hərbi variantla dönüş edə bilər".
Yeri gəlmişkən, ABŞ Maliyyə naziri Skott Bessent “Reuters“ agentliyinə müsahibəsi zamanı bildirib ki, Vaşinqton Tehrana təzyiqi artırmaq məqsədilə İranla əlaqəli müxtəlif strukturlara qarşı hər həftə yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
“Görəcəksiniz ki, hər həftə onların sayı daha da artacaq”, - Bessent deyib.
Sanksiyaların ilk növbədə banklardan başlayacağını vurğulayan nazir sözlərinə belə davam edib: “Biz onlara deyirik ki, İranın pullarını saxlamaq və rejimə kömək etmək yolverilməzdir”.
Qeyd edək ki, avqustun 24-də Bessent ABŞ-ın İrana qarşı sanksiyaları kəskin sərtləşdirəcəyini və Tehranın gəlir mənbələrini tamamilə bloklamağa çalışacağını açıqlamışdı.

Cavid