
Biləsuvar şəhərində halal bir ailə ocağında dünyaya göz açan İlkin Fərhad oğlu Məmmədov 44 günlük haqq savaşımızda yağıya qarşı igidliklə vuruşaraq 19 yaşında adını Azərbaycanın yeni və şanlı tarixinə yazıb. Vətənə, torpağa sevgi ana südü ilə birgə hopmuşdu İlkinin qanına. Odur ki, həyat yolu nə qədər qısa olsa da, günəş ömrü yaşamaqla bütöv bir xalqın qəhrəmanlıq simvoluna çevrilib. Qərinələr keçəcək, gələcək nəsillər üçün də İlkinin qoyub getdiyi əməllər örnək olacaq, Vətəni necə sevməyi, doğma torpağı qorumağı onda öyrənəcəklər. Həmçinin doğmaları dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda” medalına qürurla baxarlar.
İlkin Məmmədov həyatda olanları tez qavrayıb. Xalqın ağrı-acılarını, sevincini, yurd təəssübkeşliyini ürəyindən keçirə-keçirə yetkinlik yaşına çatıb. Erməni vandalların Qarabağımızın işğalını heç cür vicdanına sığışdıra bilməyib. Ən çox danışdığı da, Qarabağ müharibəsi haqqında olub. Orta məktəbi bitirib əsgərliyi hər şeydən vacib sahib. Ordu sıralarına yola düşəndə isə qohum-qonşu qarşısında doğma Azərbaycana qeyrətlə xidmət etməyi, erməni vandallara qarşı amansız olacağına söz verib.
Vətən, torpaq sevgisi İlkini cəbhə bölgəsinə aparıb. Şanlı formanı geyinib, əlinə silah aldığı gündən vətənpərvərliyi, yurdsevərliyi onu yalnız nümunəvi xidmətə sövq edib. Mərdliyi, cəsurluğu komandirlərin verdiyi tapşırıqları yerinə yetirməsində ona uğur gətirib. İştirak etdiyi hərbi təlimlərdə yüksək döyüş keyfiyyətləri göstərib. Bütün bunlara görə zabitlər, əsgərlər İlkinin hörmətini, nüfuzunu uca tutublar. Etimad göstərib ona "N" saylı hərbi hissənin minaatıcı batareyanın bölük komandiri, baş hesablayıcı vəzifəsini tapşırıblar. İşğal altında olan Qarabağımızın azadlığı uğrunda qəlbi alışıb-yanan İlki isə həmişə deyib ki, mənfur erməniləri məhv edib Vətəni yaşatmaq bizim birinci borcumuzdur. Mən son qarış torpaqların azad olunacağı günədək döyüşə hazıram. Tam inanıram ki, əgər Ali Baş Komandan müharibə əmrini versə, mütləq qalib gələcəyik.
Nəhayət, Biləsuvar elinin igid oğlu istəyinə çatıb. Belə ki, həqiqi hərbi xidmətinin 3-cü ayında, yəni 2020-ci ilin 27sentyabrında İkinci Qarabağ müharibəsi başlanıb. İlkin birincilər cərgəsində döyüşə yollanıb. Müharibə meydanına girən günü Vətənə sipər olan polad sinəsini yanar od edib düşmənin bağrını çatladıb. Rəhbərik etdiyi bölük sərrast atışlarla düşmən hədəflərini sıradan çıxardıb, onun canlı qüvvəsinə, texnikasına böyük tələfat verib. Erməni dığaların kabusuna çevrilməklə ölüm-dirim savaşlarda göstərdiyi misilsiz şücaət ilə əsgərləri qələbəyə doğru aparıb. Hər an Vətən, torpaq naminə ölümə belə meydan oxuyub. Millət, bayraq sevgisi İlkini neçə-neçə ağır sınaqlardan zəfərlə çıxardıb.
İlkin Xocavənd uğrunda çətin döyüşdə yağının üstünə qartal kimi şığıyıb. Ölümcül mərmi yarası alsa da, düşmənə təslim olmayıb. Vuruşduğu torpağın bağrına üçrəngli qələbə bayrağımız saçılandan sonra onu hərbi hospitala aparıblar. Davamlı müalicələrə, həkimlərin səylərinə baxmayaraq, təəssüf ki, İ. Məmmədov 6 noyabrda- qələbəmizə iki gün qalmış şəhadətə qovuşub.
Bəli, İkinci Qarabağ müharibəsində Vətəni qəlbən sevən, uğrunda ölümdən belə qorxmayan İlkin kimi igidlərin qanı bahasına Azərbaycan zəfər çaldı. Torpağı qanı ilə suvarıb müqəddəs edənlər isə heç vaxt ölmürlər...
Zəfər Orucoğlu