
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvəsi Avrasiya məkanında siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformalardan biridir.
Azərbaycanın Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən toplantıya qatılması ekspertlər tərəfindən önəmli hadisə kimi dəyərləndirilir.
Bişkekdə keçirilən builki Zirvədə Prezident İlham Əliyevin iştirakı Azərbaycanın ŞƏT ölkələri ilə münasibətlərə verdiyi önəmi bir daha nümayiş etdirib.
Millət vəkilləri və politoloqlar sözügedən tədbir və Azərbaycanın ŞƏT ölkələri ilə əməkdaşlığı haqqında “Xalq Cəbhəsi”nə fikirlərini bölüşüblər.
“Azərbaycan və Qırğızıstan münasibətlərini daha da güclənib”
Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin Qırğızıstana səfəri Azərbaycanla Qırğızıstan arasında münasibətlərin inkişafı baxımından mühüm hadisədir: “Səfər zamanı keçirilən görüşlər iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bir daha göstərdi. Bişkekdə aparılan müzakirələrdə siyasi münasibətlərlə yanaşı, iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət, nəqliyyat, enerji və humanitar əməkdaşlıq məsələləri də önə çıxır. Azərbaycan və Qırğızıstan son illərdə münasibətlərini daha da gücləndiriblər. Bu baxımdan belə görüşlər mövcud əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına imkan yaradır”.
Bakı-Bişkek əməkdaşlığı
A.Hüseynov vurğulayıb ki, səfərin digər mühüm tərəfi Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin daha da möhkəmlənməsidir: “Azərbaycan həm coğrafi mövqeyinə, həm də nəqliyyat imkanlarına görə Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin inkişafında mühüm rol oynaya bilər. Bakı ilə Bişkek arasında əməkdaşlığın genişlənməsi də bu prosesin bir hissəsidir. Şanxay Əməkdaşlıq Təşkilatı baxımından da Azərbaycanın rolu diqqət çəkir. Təşkilat Asiya məkanında böyük siyasi və iqtisadi çəkisi olan ölkələri bir araya gətirir. Azərbaycan üçün bu platforma Mərkəzi Asiya və digər Asiya dövlətləri ilə əlaqələri genişləndirmək baxımından əlavə imkan yaradır”.
Azərbaycanın Mərkəzi Asiya siyasətinin davamı
Deputatın fikirlərinə görə, Azərbaycanın ŞƏT-ə marağı siyasi, iqtisadi və regional əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edir: “Burada nəqliyyat dəhlizləri, ticarət, enerji təhlükəsizliyi və regional əlaqələrin inkişafı kimi məsələlər də mühüm yer tutur. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarında iştirakı ölkənin bu təşkilat üçün əhəmiyyətini artıran əsas amillərdəndir. Ümumilikdə, Prezident İlham Əliyevin Qırğızıstana səfərini Azərbaycanın Mərkəzi Asiya siyasətinin davamı kimi qiymətləndirmək olar. Bakı Bişkeklə münasibətləri inkişaf etdirməklə yanaşı, region ölkələri ilə daha sıx əməkdaşlığa çalışır. Bu proses Azərbaycanın həm Mərkəzi Asiyada, həm də daha geniş Avrasiya məkanında mövqelərinin güclənməsinə xidmət edir”.
Azərbaycanın “orta güc” strategiyas
Milli Məclisin deputatı Jalə Əliyeva söyləyib ki, Azərbaycan bu gün artıq beynəlxalq tədbirlərdə yalnız dinləyən tərəf deyil, ölkəmiz regional və qlobal gündəliklə bağlı öz mövqeyini ortaya qoyur, təşəbbüslər irəli sürür və qəbul edilən qərarlara təsir imkanlarını genişləndirir: “Bu, “orta güc” anlayışının əsas xüsusiyyətlərindən biridir. Orta güc dövləti olmaq yalnız iqtisadi göstəricilərlə ölçülmür. Bu status ilk növbədə dövlətin diplomatik çevikliyi, beynəlxalq proseslərə təsir imkanları, etibarlı tərəfdaş imici və müxtəlif qüvvə mərkəzləri ilə münasibət qurmaq bacarığı ilə müəyyən edilir. Azərbaycan son illərdə məhz bu keyfiyyətləri nümayiş etdirir”.
Azərbaycanın əsas strategiyası - çoxvektorlu əməkdaşlıq
J.Əliyeva diqqətə çatdırıb ki, Azərbaycan–ŞƏT əməkdaşlığı ilə bağlı ən vacib məqamlardan biri Azərbaycanın xarici siyasətinin mahiyyətinin düzgün qiymətləndirilməsidir: “Azərbaycanın ŞƏT ilə əlaqələrini genişləndirməsi heç də digər istiqamətlərdən imtina etməsi demək deyil. Azərbaycan eyni zamanda Avropa üçün mühüm enerji tərəfdaşıdır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına enerji resurslarının çatdırılmasında mühüm rol oynayır. Digər tərəfdən, Azərbaycan Türk Dövlətləri Təşkilatında fəal rol oynayır, türk həmrəyliyinin güclənməsinə mühüm töhfələr verir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında fəal iştirak edir və İslam dünyasının həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdür. Eyni zamanda ölkəmiz Qoşulmama Hərəkatına uğurlu sədrlik edib, COP29-a ev sahibliyi edib, qlobal urbanizasiya və inkişaf məsələlərinin müzakirə olunduğu beynəlxalq platformalarda fəal iştirak edib. Bütün bunlar göstərir ki, Azərbaycanın xarici siyasəti bir geosiyasi istiqamətə bağlanmır. Azərbaycanın əsas strategiyası çoxvektorlu əməkdaşlıq və milli maraqlara əsaslanan müstəqil siyasətdir. ŞƏT ilə əməkdaşlıq da məhz bu siyasətin tərkib hissəsidir. Azərbaycanın ŞƏT məkanında Mərkəzi Asiya dövlətləri ilə münasibətləri həm ikitərəfli əməkdaşlıq, həm Türk Dövlətləri Təşkilatı, həm də daha geniş Avrasiya əməkdaşlığı baxımından strateji əhəmiyyət daşıyır”.
Müstəqil dövlət siyasəti
Deputat əhəmiyyətli bir məqamı da vurğulayıb: “Azərbaycanın son illərdə əldə etdiyi beynəlxalq uğurların əsas səbəbi müstəqil dövlət siyasətidir. Prezident İlham Əliyevin siyasi iradəsi və ardıcıl strategiyası Azərbaycanı mürəkkəb beynəlxalq şəraitdə öz milli maraqlarını qoruya bilən dövlətə çevirib. Azərbaycan heç kimin diktəsi ilə hərəkət etmir. Azərbaycan öz milli maraqlarından çıxış edir. Bu gün dünyanın yeni düzəni formalaşır. Belə bir dövrdə Azərbaycanın seçdiyi yol aydındır: müstəqil siyasət, çoxvektorlu diplomatiya, milli maraqlara sadiqlik və bütün tərəflərlə qarşılıqlı faydalı əməkdaşlıq. Məhz bu siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində “orta güc” kimi mövqeyini daha da möhkəmləndirir və ölkəmizin ŞƏT kimi böyük beynəlxalq platformalarda iştirakına xüsusi strateji məzmun verir”.
“ŞƏT geniş imkanlar təqdim edir”
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, coğrafi baxımdan əlverişli mövqedə yerləşməyimiz, Azərbaycanın əldə etdiyi Zəfərdən sonra gücünün və nüfuzunun dünyada artması, milli maraqlara əsaslanaraq hərəkət etməyimiz Şanxay ailəsi tərəfindən də hörmətlə qarşılanır: “Təşkilatın təbiətini ittifaq deyil, əməkdaşlıq üçün bir çərçivə kimi görürlər. Bu da Azərbaycanın baxışına uyğundur. Çünki burada öhdəliklərin götürülməsindən daha çox qarşılıqlı əməkdaşlığın, dialoqun möhkəmləndirilməsi xüsusi məzmun kəsb edir. Bu gün dövlətlər arasında regional təhlükəsizlik, ticarət və iqtisadi əməkdaşlıq, rəqəmsallaşdırma, “yaşıl inkişaf” məsələləri getdikcə daha çox önəm kəsb edir. Çünki gələcəkdə qarşıdurma və fikir ayrılıqları bu sahələr üzrə əməkdaşlığın dərinləşməsi ilə hamarlaşacaq. Avrasiya məkanında bütövlükdə dünya üçün getdikcə daha təsirli həllər tapılmalıdır. Bu istiqamətdə dövlət rəhbərlərindən də geniş vizyon tələb olunur. Cənab Prezident İlham Əliyev idarəçilik və dövlət məsələlərində fikir ayrılıqlarının aradan qaldırılmasında uğurlu təcrübəyə malikdir. Dünyanın əks tendensiya ilə yaşadığı, habelə əməkdaşlığın inkişafına doğru gedildiyi bir zamanda ŞƏT olduqca geniş imkanlar təqdim edir. Təşkilat çərçivəsində mövcud tərəflər arasında qarşılıqlı əlaqə gücləndirilərsə, istifadə olunmamış potensial daha da üzə çıxarıla bilər deyə düşünürəm. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşməyimiz, həmçinin Azərbaycanın xarici siyasətdə tutduğu mövqe ŞƏT ilə əməkdaşlığı daha da dərinləşdirəcək”.
Röya İsrafilova