Səfirimiz qaliblərin mükafatlandırılması mərasimində iştirak edib Hadisə

Səfirimiz qaliblərin mükafatlandırılması mərasimində iştirak edib

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları Gürcüstan Yaşıl Ay Cəmiyyətinin məktəblilər arasında təşkil etdiyi hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində iştirak ediblər.

Xalqcebhesi.az xəbər verir ki, Tbilisidə keçirilən tədbirdə Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker Arı, Gürcüstan Yaşıl Ay Cəmiyyətinin sədri Azər Musaoğlu, TİKA-nın Tbilisi üzrə koordinatoru Salih Özer, həmçinin ictimaiyyət nümayəndələri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Faiq Quliyev gənc nəslin sağlam həyat tərzinə təşviq edilməsinin, onların zərərli vərdişlərdən qorunmasının və bu istiqamətdə maarifləndirici təşəbbüslərin genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

O, həmçinin Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasət və görülən işlər barədə məlumat verib.
Müsabiqəyə Gürcüstanın müxtəlif bölgələrində yaşayan X–XII sinif şagirdləri tərəfindən Azərbaycan və gürcü dillərində 100-dən çox hekayə təqdim olunub.

Tədbir çərçivəsində müsabiqə qalibləri mükafatlandırılıb, hər iki dildə seçilmiş 10 hekayənin yer aldığı “Sağlam həyat” kitabının təqdimatı keçirilib.

Layihə Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB) və Türkiyə Yaşıl Ay Federasiyasının dəstəyi ilə həyata keçirilib.

Cavid