“Ukrayna hakimiyyəti heç vaxt bu güzəştlərə getməyəcək” Gündəm

“Ukrayna hakimiyyəti heç vaxt bu güzəştlərə getməyəcək”

“Rusiya-Ukrayna müharibəsinin dalana dirənməsi, böhranın dərinləşməsi, bu kontekstdə Trampın xüsusi nümayəndələri Uitkoff və Kuşnerin Moskvaya və Kiyevə səfərindən sonra dünya kütləvi informasiya vasitələrinə, o cümlədən Ukrayna-Rusiya mediasına əldə edilməsi planlaşdırılan razılaşmanın bəndləri sızdırılıb. Bu sızdırılmış məlumata baxanda mən bir daha yaxın zamanlarda bu münaqişənin sülh yolu ilə bitəcəyinə inanmıram, buna skeptik yanaşıram. Bu sızdırılmış məlumatlar xüsusilə də sonuncu dəfə Rusiya-Ukrayna arasında 28 bəndlik razılaşmanı xatırlatdı. Hansı ki, o razılaşma da keçən noyabrda irəli sürülmüşdü, amma o istiqamətdə heç bir irəliləyiş olmamışdı”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

T.Gəncəliyev söyləyib ki, xüsusilə də Ukraynanın Donbass, Luqansk və Zaporojyenin bəzi ərazilərindən imtina etməsi, Ukrayna silahlı qüvvələrinin limitinin müəyyən edilməsi, eyni zamanda, Ukraynada bu məsələ ilə bağlı konstitusiya referendumu keçirilməsi və konstitusiyada bütün bu məsələlərin rəsmiləşdirilməsi, gələcəkdə yeni razılaşma, yekun sülh müqaviləsinin Ukraynanın yeni hakimiyyəti ilə imzalanması məsələləri kimi məlumatlar sızdırılıb və spekulyasiya olunur: “Hesab edirəm ki, Ukraynada hazırkı hakimiyyət heç vaxt bu deyilən güzəştlərə getməyəcək. Çünki Luqanskdan, Donbassdan və Zaporojyenin müəyyən hissələrindən imtina edilməsi Ukrayna hakimiyyəti üçün çox böyük təhlükədir. O hakimiyyət ümumiyyətlə bir saat belə torpaqlarından imtina etdiyinə görə öz kürsüsündə qala bilməz”.

Deputatın sözlərinə görə, digər tərəfdən bu məsələlər konstitusiya referendumuna necə çıxarılacaq, necə müzakirə ediləcək ki, Ukrayna konstitusiyasının 73 və 157-ci maddələri var ki, o konstitusiya maddələrinə görə Ukraynanın ərazi bütövlüyü məsələsi toxunulmazdır: “O ərazi bütövlüyünün əleyhinə hansısa bir addım atıla bilməz. Həmçinin Ukrayna əhalisinin təxminən 50 faizi artıq orada yaşamır, qaçıb, köçkün düşüb. Belə halda onlar necə qayıdacaq, bu məsələlər necə həll olunacaq? bütün bunlar çox ciddi problemlərdir. Bu razılaşmanın, Kuşner, Uitkoff təkliflərinin də yerinə yetirilməyəcəyini düşünürəm”.

Röya İsrafilova